Sırıq Yardımlı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Yardımlı
şəhərindən 8 km aralıda, Viləş çayının yaxınlığında yerləşir. Əhalisi 650 nəfərdən
çoxdur. Sırıq Yardımlı rayonunun qədim yaşayış məntəqələrindən sayılır. Burada
bir neçə abidə vardır. Sırıq abidələrinə Əliabbas küp qəbirləri nekropolu (qəbiristanlığı),
Sırıq və Kiçik Rəzgə yaşayış yerlərikimi arxeoloji abidələr, daş qoç fiquru və türbə daxildir.Sırıq yaşayış yerinin ərazisində saxsıdan hazırlanmış məişət və təsərrüfat
qabları, zinət əşyaları və əmək alətləri, xüsusilə oraqlar, toxaya oxşar alətlər,
yarı sınmış halda dəmir bıçaqlar aşkar edilmişdir. Tarix elmləri doktoru Qara Əhmədov
Sırıq oraqlarına oxşar oraqlara arxeoloji qazıntılar zamanı Beyləqanda rast gəlindiyini
yazmışdır (Orta əsr Beyləqan şəhəri. B., 1979, səh. 52). Viləş çayından yaşayış
yerinə süni arxlar və saxsıdan su boruları ilə su çəkilmişdir.
Sırıq kəndi ərazisində 1987-ci ilin yayında ekspedisiya zamanı
arxeoloqlar Qoşqar Qoşqarlı və Təvəkkül Əliyev tərəfindən antik dövrə aid qəbiristanlıq
aşkar edilmişdir. Nekropoldan çıxarılmış üç nəhəng küp öyrənilib tədqiq
edilmişdir (Mehdi Həsənov. Yardımlının küp qəbirlər mədəniyyəti. "Yardımlının səsi” qəzeti, 30.03.2015).
Küp
qəbirlərinin aşkar olunduğu qəbiristanlıq Əliabbas küp qəbirləri nekropolu kimi
qeydə alınmışdır. Əliabbas küp qəbirləri nekropolundan saxsıdan olan məişət əşyaları
(su qabı, su camı, qulplu qab), tunc bilərzik, boyunbağı, üzük və sırğa
kimi maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Nekropolun sahəsi
təxminən 3,5 hektara yaxındır. Sırıq, Kiçik Rəzgə yaşayış yerləri və Əliabbas
küp qəbirləri nekropolundan aşkar edilən əkinçilik alətləri (oraq, toxa, bağ
qayçısı və bıçağı və s.), dənli bitkilər (buğda, arpa) və təsərrüfat küpləri
burada əkinçilik mədəniyyətinin mövcud olmasından xəbər verir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına
əsasən Əliabbas küp qəbirləri nekropolu 1194 invertar sayı ilə antik, Kiçik Rəzgə
yaşayış yeri 1195 invertar sayı ilə e.ə. II əsr – e.II əsrinə aid ölkə əhəmiyyətli
arxeoloji abidə, Daş qoç fiquru isə 6154 invertar sayı ilə yerli əhəmiyyətli
dekorativ-tətbiqi sənət nümunəsi kimi dövlət qeydiyyatına alınmışlar. Sırıq
yaşayış yeri isə antik və ilk orta əsrlərə aid kənd tipli yaşayış yeri hesab
olunur.
Qeyd
edək ki, Ağa Mirbağır türbəsi də Sırıq kəndində, qəbiristanlıqda yerləşir.
Ziyarətgah Ağa Mirbağır Mirəhməd oğlunun (1870-1962) adı ilə bağlıdır. 1992-ci
ildə Mirbağır Ağanın qəbri üzərindəmişar daşından məqbərə inşa olunmuşdur.Türbə əsasən yerli və ətraf
yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
İldırım
ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
скачать dle 12.1