SON DƏQİQƏ
» » Boyun ağrıları - Bu ağrıların səbəbləri nədir?

Boyun ağrıları - Bu ağrıların səbəbləri nədir?

Tarix:

19-10-2019, 15:25

/ 1 521 dəfə oxundu.
Boyun ağrıları - Bu ağrıların səbəbləri nədir?

Bəzi ağrılara “bu da keçər...” desək də, çox ciddi səbəblərin xəbərçisi olduğundan xəbərsiz oluruq. Bunlardan biri də boyun ağrılarıdır.  

Hazırda bir çox insanları narahat edən boyun ağrılarına fikir vermədikdə bu ağrılar müxtəlif səbəblərə görə inkişaf edir. Həmin səbəblərdən bir neçəsi haqda qısaca məlumat vermək istəyirik. Məsələn, əzələlərin həddən artıq gərgin olması, yəni mialgiya əsasən uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanlarda daha çox rast gəlinir. Sıxılmış əzələlər yanında yerləşən sinirləri elə sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Lakin özümüz istəsək bu vəziyyətin qarşısını çox asanlıqla ala bilərik.

Əgər oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər edərək  boynunu arxaya, qabağa və yanlara əyib idman hərəkətləri edərsə, yaranacaq ağrılardan az da olsa xilas ola bilər. Çünki bu hərəkətlər  əzələlərdən artıq yüklənməni götürür, qan dövranını yaxşılaşdırır, əzələləri  yüngülləşdirərək  insanı ağrılardan xilas edir.

Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələrarası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Bu ağrı dartıcı xarakter daşıyır, insan başını hər çevirdikdə ağrı daha da artır.Yaranma səbəbləri kimi az hərəkətli həyat tərzi, stresslər, travmalar, ağır yükləmələr və s. göstərilir. Qeyd edək ki, irsiyyət də burada böyük rol oynayır – əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə də bu pozulmanın inkişafının riski artmış olur.

Boyun ağrılarının bir səbəbi də fəqərələrarası yırtıq ola bilər ki, bu da məhz osteoxondrozun nəticəsidir. Nazilmiş fəqərəarası disk yırtılır və onun içərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır, qollarda keyimə, baş ağrıları baş verir. Bu patologiya zamanı da ağrı boyunda və kürəkdə hiss olunur. 

“Qrip” deyib keçməyin... Sən demə bu infeksion xəstəliyin, anginanın nəticəsi olaraq   miozit- əzələlərin iltihabı yaranır ki, bu da boyun ağrılarının əsas səbəblərindən biridir.  Bu zaman xəstə başını çevirə bilmir, boyun sanki “donur”. Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır. Bundan başqa nevralgiya - yəni ənsə sinirinin zədələnməsi zamanı və stresslər də boyunda dözülməz güclü ağrılar yaradır. Hətta bu ağrılar gözləri və qulaqları da əhatə edir. Bütün bu əlamətləri özünüzdə hiss etdikdə həkimə müraciət etməklə siz bu ağrılardan həm vaxtında xilas olacaq, həm də yaranacaq fəsadların qarşısını almış olacaqsınız.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər