SON DƏQİQƏ

Məktəbli çantası və uşaqlarda bel ağrıları

Tarix:

7-09-2017, 01:00

/ 2 625 dəfə oxundu.
Məktəbli çantası və uşaqlarda bel ağrıları

Məktəb yaşlı uşaqlarda onurğanın formalaşması prosesi gedir. Həmin dövrdə daimi gərginlik qeyri-düzgün qamətin-skoliozun formalaşmasına səbəb ola bilər. Ona görə də çiyindən asılan məktəbli çantası uşağın yaşına uyğun seçilməlidir. Həddindən artıq ağır çantanın daşınması yorğunluğa, bel və baş ağrılarına gətirib çıxarır. Çox vaxt ibtidai sinif şagirdləri yorğunluq və başgicəllənməsindən, yuxarı sinif şagirdləri isə beldə olan ağrılardan şikayət edirlər. Məktəb yaşlı uşaqların əksəriyyətində ortopedik xarakterli patologiyalar, xüsusilə də skolioz və qamət pozulmaları müşahidə olunur.

GUNAZ.az  AZƏRTAC-a istinadən bildirir ki, yaşa uyğun olmayan, çiyindən asılan ağır çanta uşağı irəli əyilməyə məcbur etdiyinə görə qamətin pozulması və belin bükülməsinə səbəb olur. Xarici qüsurlardan başqa, onurğanın əyilməsi daxili orqanların zədələnməsi və müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Ona görə də, çanta seçimi zamanı bir sıra şərtlərə əməl olunması vacibdir.

Həkim-ortopedlərin fikrincə, 8 yaşınadək uşaqlar 2, 8-12 yaşındakı uşaqlar ən çox 4, 12-15 yaş arasındakı uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. Çantanın asqılarının uzun və ensiz olması bütün ağırlığın belə yönəlməsinə səbəb olur və ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq zorlanma və ağrı əmələ gəlir.

Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır çanta daşıma, yaxud da ağır çantanın birtərəfli daşınması boyun əzələlərində gərginlik, ağrı, damar dartılmaları və baş ağrısı yaradır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur.

 

Mütəxəssislər məsləhət görürlər ki, çanta alanda onun hazırlandığı materiala fikir vermək lazımdır. Bir sıra ölkələrdə sənaye tullantıları və kimyəvi məhsullardan hazırlanan çantalar uşaqlar üçün çox təhlükəlidir. Tədqiqatlar göstərir ki, kimyəvi tullantılardan hazırlanan məhsullar uşaqlarda dəri xərçəngi, astma, allergik xəstəliklər və s. yaradır. Sağlamlığa zərər verə biləcək materiallardan hazırlanan məhsullar adətən ucuz olur və onları tanımaq o qədər də çətin deyil.

Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir. Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Məktəbə gedən şagirdin çantasının keyfiyyətinə, ağırlığına və uşağın ona verdiyi reaksiyaya diqqətlə yanaşılması gələcəkdə bel ağrıları və xəstəliklərin qarşısını vaxtında almağa xidmət edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ