Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb- MÜSAHİBƏ

Yunus Oğuz: “Vətəndaşlar arxayındırlar ki, dövlət istənilən məsələnin həllində onların yanında olacaq”

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar davam etməkdədir. Dövlət başçısı sözügedən islahatın davamı olaraq yeni sosial islahat paketini ortaya qoyub. Belə ki, ölkə rəhbərinin ötən gün imzaladığı sərəncamlar əsasında minimum əmək haqqı 180 manatdan 250 manata qalxıb. Bundan başqa bir sıra dövlət qurumlarında çalışan şəxslərin, eləcə də hərbi qulluqçuların vəzifə maaşları artırılıb. Bununla da  Azərbaycanda sosial problemlərin həllinin, eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılmasının başlıca prioritet olduğu bir daha təsdiqini tapdı. Müsahibimiz yazıçı-publisist, “Olaylar” qəzeti və eyni adlı agentliyin rəhbəri Yunus Oğuzdur.

– Yunus bəy, prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasəti necə dəyərləndirisizniz?

– Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar həm də çox ciddi siyasi addımdır. Burada söhbət təkcə ondan getmir ki, minimum əmək haqqı artırıldı, dövlət və özəl müəssisələrdə çalışan işçilərin əmək haqqı yüksəldildi, şəhid ailələrinə birdəfələk müavinətlərin verilməsi təmin olundu, söhbət həm də psixoloji amildən gedir. Bu məqamın mahiyyəti ondan ibarətdir ki, dövlətin başında duran insan birbaşa mesaj verib ki, dövlətin başçısı xalqının yanındadır, hər zaman xalqına dəstək verəcək, dövlət sosial problemlərin ağırlığını öz üzərinə götürəcək və onu həll edəcək. Yəni, burada psixoloji amil ən böyük rol oynayır. Ola bilsin ki, bundan sonra da pensiya və müavinətlər, əmək haqları artırılacaq, ancaq insanlarda ümid var ki, bu dövlətdə yaşamaq mümkündür. Məsələnin maddi tərəfini nə qədər izah etməyə çalışsaq da mümkündür ki, kimsə bundan razı qalsın, kimsə razı qalmasın. Fakt ondan ibarətdir ki, cari ilin yanvar ayından bəri həyata keçirilən sosial islahatlar ondan xəbər verir ki, insanlarda sosial-psixoloji güvənlik yaranıb. Vətəndaşlar arxayındırlar ki, dövlət istənilən məsələnin həllində onların yanında olacaq. Mətbuatda tez-tez məlumatlar yayılır ki, dövlət sadə vətəndaşlardan tutmuş ziyalılara qədər çoxsaylı insanlara dəstək verir, onların mənzil-məişət məsələsini həll edir, müalicəsini öz üzərinə götürür və sair. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin götürülməsi barədə göstəriş verməsi o deməkdir ki, dövlət öz vətəndaşlarına güvənc verir. Dövlətin öz vətəndaşlarına dəstək verməsi, daim onların yanında olması deməyə əsas verir ki, ölkədə psixoloji gərginlik aradan qalxıb.

– Dövlət başçısı cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra sərəncam imzalayıb. Prezidentin son cərəncamları vətəndaşların rifah halının yüksəlməsinə hansı təsirini göstərəcək?  

– Əslində ölkədə insanların sosial-rifah halının yüksəldilməsi istiqamətində ciddi bir proses davam edir. Bu prosesin əsas mahiyəti qiymətlərin tənzimlənməsi və qiymət artımının qarşısının alınmasından ibarətdir. Əgər ölkədə əmək haqları artırılırsa bu normaldır, lakin bununla paralel olaraq qiymətlər də artırsa, artıq bu anormal olur. Ona görə dövlət minimum əmək haqlarını, maaşları artırmaqla yanaşı, qiymətlərin, xüsusən də gündəlik tələbat mallarının qiymətlərinin tənzimlənməsinə də nəzarət etməlidir. Çünki, infilyasiya qeydə alınsa, təbii ki, rifah olmayacaq, maaşlar qalxsa da rifah halının yüksəlməzi nəzərə çarpmayacaq. Qiymət tənzimlənməsi həyata keçirilməsə, bu sahəyə müdaxilə edilib nəzarət güclənməsə, təbii ki, əmək haqlarının artımı gözə görünməyəcək. Dövlətin bu məsələyə müdaxiləsi insanlara güvənc verir ki, qiymətlər də tənzimlənəcək.

  – Məlim olduğu kimi dövlət başçısının sərəncamları əhalinin bütün sosial təbəqələrini əhatə edir. Bu, ölkədə sosial ədalətin bərpa olunması demək deyilmi?

– Sosial ədalətin bərpası yüzillik dövlətlərdə də birdən-birə təmin olunmur. Bu məsələ zaman-zaman həllini tapır. Məsələn, ölkədə işsizliyə görə müavinət ödənilir, lakin bu sosial ədalət deyil. Bəzən bizim insanlarda belə fikirlər səslənir ki, işsiz qalıb. Əli, ayağı sağdır, ancaq deyir ki, işsiz qalıram. Elə adamlara hansısa ödəniş etməklə sosial ədaləti bərpa etmək düzgün deyil. Çünki o adamın işsizlik səbəbi hansısa sənət yiyəsi olmaması üzündəndir. Gözləyir ki, dövlət buna hansısa yolla yardım etsin. Ancaq sənəti olan adam heç vaxt işsiz ola bilməz. Təbii ki, elə insanlar var ki, qışqıracaqlar ki, “iş yoxdur”, “iş tapa bilmirəm” və sair. Ancaq fakt odur ki, insanlar sənətə yiyələndikcə, hər hansı bir sənətin sahibi olduqca müəyyən bir gəlir əldə edəcəklər. Dövlət başçısının sərəncamı da dövlət qulluğunda çalışanlara şamil olunur ki, insan peşə qazanıb, zəhmətilə əldə etdiyi gəlirlə ailəsini saxlamalıdır. Sadə insanlarla bağlı sosial ədalətdən danışırıq, ancaq dövlət məmuru statusu olmayan yüz minlərlə işçilər var. Onlar üçün də sosial ədalət bərpa olunur. Məlum olduğu kimi hər şeyin bir düzəni var.  Söhbət ondan getmir ki, kiminsə əmək haqqına 40 manat əlavə olundu, o, yaxşı yaşayacaq. Amma bununla insanlarda güvənlik yaranır ki, bu artımlar mütəmadi olaraq davam etdiriləcək. Bəzən insanlar sosial ədaləti düzgün başa düşmürlər. Hamıya ucdantutma əlavə pulun verilməsi sosial ədalətin təmin olunması demək deyil. İordaniyanın kralı neftdən gələn gəlirdən ölkə vətəndaşlarına adambaşına  100 dollar paylayır. Bizimkilər isə buradan qışqırırlar ki, hər adama 100 dollar verirlər. Ancaq fikirləşmirlər ki, bununla nə əldə etmək mümkündür, 100 dollar o vətəndaşın hansı işinə yarıyacaq? Ancaq şəhidlərlə bağlı sosial ədalətin bərpa olunması  başqa məsələdir. Uzun illərdi ki, şəhidlər ailəsinə heç bir kompensasiya verilmirdi. İndi isə bu kateqoriyadan olanlara birdəfələk ödənişlər edilir. Bax, sosial ədalətin təmin olunması budur.  Vətən üçün, dövlət üçün vuruşub, indi də sosial ədalət bərpa olunur.

-Ölkənin iqtisadi inkişafı davam edir, dövlət büdcəsinin gəlirləri artır. Necə hesab edirsiniz, bundan sonra da sosial islahatlar davamlı olacaqmı?  

-Hesab edirəm ki, ölkədə sosial islahatlar davamlı olacaq. Çünki, bu islahatların əsas mahiyyəti psixoloji baxımdan dövləti insanlara sevdirmək idi. Artıq istənilən azərbaycanlı əmin ola bilir ki, dövlət onun arxasındadır. Məsələn, Fuad Abbasov Azərbaycan vətəndaşıdır, ona görə də onun hüquqlarının müdafiəsi ilə məşğul olunur. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq dövlətin güvəncini hiss etməlidir. Yaxud, dünən millət vəkili Aqil Abbasın Bayat kəndinə qaz çəkiblər. Əslində bu da sosial ədalətin bərpa olunmasıdır. Çünki, uzun illər idi ki, qonşu kənddə qaz var idi, ancaq bu kənddə yox idi. Demək istəyirəm ki, ölkədə sosial ədalətin bərpa olunması təkcə vətəndaşlara pul ödənilməsilə müşayət olunmur, hətta bütün ucqar kəndlərə işıq, qaz, yeni yollar şəkilir, yeni turizm infrastrukturu yaradılır. Eyni zamanda qeyd edilməlidir ki, Qəbələdə, yaxud Şəkidə turizm infrastrukturu yaradılır, lakin gözəl təbiəti olan digər bölgələrdə bu işlər aparılmır. Bax, bu bərabərsizlik də aradan qaldırılmalıdır. Çünki, təkcə əmək haqlarının artırılması ilə sosial bərabərsizlik aradan qalxmır. Yenə də qeyd etmək istəyirəm ki, əsas məsələ insanların psixoloji baxımdan Azərbaycan dövlətinə inamının artmasıdır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]