SON DƏQİQƏ

“Heydər Əliyev Şah Abbasın köşklərindən birinə çıxıb dedi ki...” – Müsahibə

Tarix:12-12-2018, 08:59 Oxunub:10 298

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini Teleqraf.com-a bölüşüb. Onunla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, Heydər Əliyevlə ilk tanışlığınız nə zaman olub? 
- Əvvəlcə qeyd edim ki, Heydər Əliyev təkcə türk dünyasının yox, ümumiyyətlə, dünya tarixinin çox nadir şəxsiyyəti, Azərbaycan xalqının dahi oğludur. Onun tərcümeyi-halının bütün anları doğma vətənə, xalqa bağlı olub. Onu tələbəlik illərindən, uzaq 1957-58-ci illərdən tanıyıram. O zaman universitetə yenicə qəbul olmuşduq. Heydər Əliyev və Arif Heydərov 5 və 6-cı kursda qiyabi təhsil alırdılar, zabitlər, görkəmli insanlar idi. Biz də kənddən təzə gələn uşaqlar idik, onlara baxıb həsəd aparırdıq. Zaman gəldi, mən Tarix fakültəsində komsomol təşkilatının katibi oldum, onda Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində çalışırdı, hələ şöbə müdiri deyildi.

Heydər Əliyev ürəyinin dərinliklərində ömrünün bütün çağlarında Vətənə bağlı olub. Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı ağır basqıları dövründə də Vətən və xalq hissini qəlbində yaşadıb. Buna Tarix fakültəsinin komsomol təşkilatının katibi olanda ilk dəfə şahidlik eləmişdim.

1960-61-ci illərdə Xruşşov Çinə qarşı ağır kampaniyaya başlamışdı, o zaman tələbələrimiz içərisində xalqımıza qarşı hüquqi bərabərliyin pozulması, bizə qarşı təzyiqlərə görə ümumi narazılıq vardı. Bizim rus bölməsində oxuyan tələbələrdən biri dərsə davam eləmədi. Bir gün mənə KQB-dən zəhmli zəng gəldi ki, uşaqlarla necə məşğul olursunuz, filankəs haradadır? O tələbəni həmin qrupun sinif nümayəndəsi (sonra elmlər namizədi olmuşdu), 1990-cı il hadisələrindən sonra Azərbaycandan qaçan erməni ələ vermişdi. O, Xrişşova qarşı intibahnamə buraxmışdı, yazmışdı ki, Çinə qarşı siyasət doğru deyil, Xruşşov siyasətdə təsadüfi adamdır. Bu intbahnaməni hərbi hissələrdən birində çap elətdirmişdi və ələ keçmişdi, özünü də KQB-nin zindanına salmışdılar. Heydər Əliyev də Tarix fakültəsinin məzun olmuşdu və fakültəyə çox bağlı idi. Mən onun millətini sevən insan olduğunu ilk dəfə o zaman gördüm. KQB-yə uzun get-gəllərdən sonra belə məsələ qoyuldu ki, Tarix fakültəsinin komsomol təşkilatının katibi kimi qapalı iclas keçirim və həmin gəncin məsələsi müzakirə edilsin.

- Bəs həmin gənc kim idi?
- Əlbəttə, adların hamısı yadımdadır, amma söyləmək istəməzdim. Qapalı iclas keçirdik. İndiki İqtisad Universitetinin binasının ikinci mərtəbəsində Tarix fakültəsinin iclas salonu yerləşirdi. İclası aparmaq mənə tapşırılmışdı. Tarix fakültəsinin komsomolçularını içəri buraxdıq, qapılar bağlandı. 6-7 nəfəri iclas üçün hazırlamışdım, Heydər Əliyev də gəlib arxada əyləşmişdi. İclası başlayanda birinci ona söz verdik. Təxminən 40 dəqiqə danışdı, gənclərə öyüd-nəsihətlər verdi, dedi ki, bu yollarla heç nə etmək olmaz, oxuyub öyrənmək lazımdır, Vətənə, xalqa xidmət etməkdən ötrü dərin elmi biliklərə yiyələnməli, yetkin şəxslər və zamanın ən bacarıqlı adamları olmalısınız. Bu cür istiqamət verdi, sonra iclas başladı.

Hazırladığım tələbələr çıxış elədi. Onlarla qərar vermişdik ki, həmin gənci kəskin tənqid edək, amma universitetdən qovulmasına imkan verməyək. 6 nəfər bir-bir durub tənqid elədilər, onun istedadlı olduğunu önə çəkdilər, həqiqətən əlaçı tələbəydi. Dedilər ki, töhmət verilsin, biz onun tərbiyəsini öz üzərimizə götürürük. 6-cı çıxışçıdan sonra dedim ki, təklif var, məsələ səsə qoyulsun və şiddətli töhmət elan olunsun, komsomolçular məsələni öz üzərinə götürür. Bunu deyəndə rektor dedi ki, nə üçün uşaqlara öz fikirlərini deməyə imkan vermirsən, hamı onu pisləyəcək, icazə ver, komsomolçular sözünü desin. Söylədim ki, axı hazırlıq mərhələsi qurtarıb, dedi, xeyr, sən komsomolçuları tanımırsan. Dedim, buyurun. O an zal püskürdü. Uşaqlar çıxış eləməyə başladı ki, bu necə vəziyyətdir, Xruşşov indi peyda olub, vaxtilə Stalin idi rəhbər, indi pis olub, biz kimin yolu ilə getməliyik və s. Salon qaynayırdı.

O zaman 4-cü kurs tələbəsi idim və əyri adamları da tanıdım. Mən Rəsul Rza ilə işləmişəm, deyirdi, ağzı əyri adamları boynunun topundan tanıyıram. 1937-ci ildə adam satan yaşlı kişilər qabaqda oturmuşdular və ayağa qalxdılar ki, bu komsomolçuların hamısının ailəsi yoxlanılsın, onlar doğru adamlar deyillər, onlar barədə tədbir görülsün. Ürəyimdə də deyirəm, milləti qırdıran bunlar imiş. Arxadan qabırğamın üstündən barmaq möhkəm basdı, döndüm ki, Heydər Əliyevdir. Dedi ki, mənə bir də söz verin. Tribunaya çıxdı, dedi ki, bayaqdan bütün çıxışlara qulaq asıram və sonuncu komsomolçuların çıxışından çox məmnun oldum. Komsomolçular öz yoldaşlarını bu cür müdafiə etməli, lazım gəlsə, düz yola çəkməlidirlər, onların mübariz mövqeyindən çox xoşum gəldi. Dedi ki, uşaqlar siz başa düşməlisiniz ki, bu, doğru addım deyil, yoldaşınızı müdafiə edin, onu yola gətirin və sizin mövqeyinizi tamamilə müdafiə edirəm, əvvəlki təklifi səs qoymaq olar. Düzünü deyim, hamımız qorxmuşduq. Tarix fakültəsini bitirsə də, KQB-dən gələn adam idi, tələb də edirdilər ki, bu uşaqların ailələri yoxlansın, deyirdik, deyəsən, axırımızdır.

Heydər Əliyevin çıxış edərək komsomolçuları müdafiə etməsindən, əvvəlki təklifi səsə qoymaqla bağlı fikrindən sonra hamımızın ürəyinə sərin su sərpdi. O zaman başa düşdüm ki, Heydər Əliyev daxili aləminə görə millətinin keşiyində duran Azərbaycan oğludur. Beləliklə, o gənci qovulmağa qoymadıq və Tarix fakültəsində təhsilini davam etdirdi. Yəni mənim Heydər Əliyevlə bağlı ilk ürəyimin başında qalan xatirə bundan ibarətdir ki, çətin anda diplomunu aldığı Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan gənclərin arxasında bu cür durdu.

- Sonra yolunuz harada kəsişdi?
- Demək olar ki, həyatımın bütün anlarında Heydər Əliyevin fəaliyyətini sözün əsl mənasında rəğbətlə izləmişəm. Heydər Əliyevin kim olduğunu Rəsul Rza ilə birgə yaşıl ensiklopediyanı buraxanda bildim. Biz ora Azərbaycan Xalq Cümhuriyyəti, 28 apreldə Azərbaycanın işğal olunması, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Bütöv Azərbaycan, “Azərbaycan məqaləsi”, Azərbaycanın parçalanması kimi məsələləri daxil etmişdik. O zaman bizi yoxlamağa başladılar. İrəvana və Moskvaya xidmət edən özümüzdən olan dönüklər ensiklopediyanın üstünə tökülüşdülər. Rəsul Rzanı rus əleyhinə çalışan, ermənilərin düşməni, pantürkist kimi damğalayırdılar. Belə məlumat çatdırmışdılar ki, ona ən yaxın kömək edən də Yaqub Mahmudovdur. Mən də Bakı Dövlət Universitetindən incik düşmüşdüm.

- Niyə?
- 24 yaşım vardı, tarix elmləri doktoru elmi dərəcəsi verilməsi barədə Elmi Şura yekdilliklə qərar çıxarmışdı. Nəinki o adı verdilər, məcbur etməyə çalışdılar ki, bu elmi dərəcədən rəsmi şəkildə imtina edim. Guya elmi işim o səviyyədə deyil. Mən də bunu yazmadım. Elmi Şuranın üzvü olan ermənilərdən biri dedi ki, bu günlərdə Ermənistanda Merzelyan adlı biri akademiyanın müxbir üzvü olub, niyə bu cavan oğlana elmi dərəcə verməyək? Məni belə sındırmışdılar, onların tələb etdiyi arayışı vermədim, qiymətlərimin hamısı “5” olsa da, heç iş də vermədilər. Ensiklopediya üzərində işləyəndə də belə incik vəziyyətdə idim. Yeri gəlmişkən, ürəyimin dərinliyində atamın qisası dururdu. 1930-cu ildə atam Göynük Şəki üsyanının başçılarından biri olub. Ona güllələnmək cəzası veriləndə lələmin köməyi ilə güllələnmədən yaxa qurtarıb və meşələrdə qaçaq həyatı keçirib. Xülasə ensiklopediyada tariximizi müdafiə etməyə başladıq.

İçəridən bizə qarşı basqılar edilirdi. Stepan Şaumyanın oğlu Levon Şaumyan Moskva ensiklopediyanın baş redaktorunun birinci müavini idi və sovet ideologiyasının “baş qəhrəmanı” idi. Onu bizə qarşı qaldırdılar və Azərbaycana gətirdilər. İlk Azərbaycan xəritələrini hazırlamaqdan ötrü Ukrayna Ensiklopediyasının baş redaktoru, şair Mikola Bajanın köməyi ilə xəritələr gətirdik. Xəritələrimizi doğratdılar, çox ağır şəraitdə çalışırdıq. 1969-cu ildə Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi oldu. Ürəyimdə arxayınlıq vardı ki, onu universitet həyatından tanıyıram. Rəsul Rza isə böyük mütəfəkkir, mübariz insan idi. O zaman Moskva və İrəvana bağlı qüvvələr dəfələrlə Moskvanın əli ilə ensiklopediyanı yoxlatdırıb bizim həbs etdirmək istəyirdilər. Ensiklopediyanın dağıdılması təhlükəsi yarandı. Mən Heydər Əliyevin xalqının dahi oğlu olduğunu ikinci dəfə onda anladım. Bizi Mərkəzi Komitəyə çağırırdılar.

Bəzən olurdu ki, iclasları yarımçıq qoyub çıxırdıq. O ağır şəraitdə Heydər Əliyevin himayəsi nəticəsində nəinki işdən çıxarılmadıq, bizə partiya töhməti belə verilmədi. Hətta Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı döş nişanını Rəsul Rzanın sinəsinə taxdı. O zaman gördüm ki, Azərbaycan üçün Heydər Əliyev kimdir. Dəfələrlə həyatda onunla rastlaşdım. Ən ağır anlarımda Heydər Əliyev məni müdafiə edib.

- Hansı anlar idi?
- 1999-cu ildə 60 yaşım tamam olurdu, Bakı Dövlət Universitetində məsələ qoyuldu ki, hökmən yubiley keçirilməlidir. Mən etiraz elədim ki, Qarabağ məsələsi olub, belə ağır vəziyyətdə doğru olmaz. Təkid elədilər, dedim, onda dövlətin mənə münasibətini bilmək istəyirəm. O zaman universitetə Abel Məhərrəmov rəhbərlik edirdi və bildirdi ki, yubileylə bağlı verdiyimiz təklif keçmədi, detalları soruşmayın.

Mən də dedim, əgər belədirsə, yubileyin keçirilməsinə etiraz edirəm. Məni dilə tutdular, yubileyim keçiriləsi oldu, adətən, universitetdə yubiley tədbiri 1 saat olur, mənim yubileyim 4 saatadək davam elədi. İnsanlar axın edirdi, nə qədər gül-çiçək, təbrik ünvanlanırdı, bunlar mənə xeyli ruh verirdi. Amma ürəkdən sınmışdım. Axı Heydər Əliyev məni tanıyırdı. Mən heç kəsə heç nə deyən adam deyiləm. Anlamırdım ki, nə baş verir. Sən demə, yuxarı dairələrdə oturan bəzi adamlar istəmirmiş ki, bəzi ziyalılar parlasın, gələcək üçün təhlükə olsun. Hər addımda bizi “vururdular”. Doğum günümdən 3 gün sonra zəng gəldi ki, saat 20:00-da “Xəbərlər”ə bax. Televizoru açdım, gördüm ki, fərman oxunur, elmin inkişafında, ölkənin ictimai-siyasi həyatında fəal xidmətinə görə Yaqub Mikayıl oğlu Mahmudov “Şöhrət” ordeni ilə təltif olunsun.

Məsələni araşdırdım, məlum oldu ki, Heydər Əliyev o zaman məsələni öyrənib, Prezident Aparatında mənim işimi kənara atan, mənə mane olan adamı çağırıb və tapşırıb ki, Yaqub Mahmudovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə əlaqədar fərmanı yaz gətir. Bir daha əmin oldum ki, Vətən, xalq üçün çəkilən əmək batmır. Heydər Əliyev məni təltif edən zaman çıxış elədim. Məni sınmağa qoymadığına, basqı və təzyiqlərə rəğmən, qoruğuna görə təxminən 18 səhifəlik vətəndaş etirafı yazıb göndərdim. Diktorlar onu oxuyana kimi nəfəsləri qaralırdı. Fəaliyyətimi davam etdirdim, Azərbaycan tarixi dərslikləri, tarix konsepsiyanın dəyişdirilməsi ilə məşğul oldum. Mənə qarşı qonşu ölkələrdən təzyiqlər başlandı. Bütün tədqiqatlarım və dərsliklərimin üstündə Bütöv Azərbaycanın xəritəsi var. Orada yer adları göstərilib, rəng olaraq bütöv Azərbaycan, Həmədan, Qəzvin, Urmiyadan tutmuş Borçalı mahalı, Dərbənd qədər ərazilər əks olunub. Dədə Qorqud dastanları harada formalaşıbsa o, ərazi bütöv Azərbaycan ərazisidir.

Buna görə mənə ağır hücumlar oldu. Nərimanov rayonunda, səhv etmirəmsə, 82 saylı məktəbdə Heydər Əliyev dərsliklərlə tanış olurdu, Rusiyada gətirilən dərslikləri kənara qoydu, dedi ki, bu nədir, müstəqillik dövrünün dərslikləri ilə məşğul olmalısınız. Mənim dərsliyimi götürüb dedi ki, belə dərsliklər yazılmalıdır. O fikir mənim üçün çox qiymətli idi.

- Yeri gəlmişkən, məhz bütöv Azərbaycan xəritəsinə görə də çox basqılar olub...
- Bəli, təzyiq göstərirdilər ki, guya qonşu ölkələrdən ərazi istəyirəm. Mən heç vaxt ərazi iddiasında olmamışam, tariximizi dirçəltmişəm, Azərbaycan xalqı öz tarixinə sahib çıxmalıdır. Böyük Səfəvi imperiyam var, Ağqoyunlular mənim dövlətimdir. İçəridən də üstümə tökülüşmüşdülər. 2002-ci il idi, mənim üçün ağır dövrlərdən idi, cəbhəçilər, bütöv Azərbaycan tərəfdarlarından heç kəs məni müdafiə etmirdi. Cənubdan, İranın xəfiyyə orqanları bir-birinin dalınca kitablarımı göndərirdilər ki, bu adam haqqında tədbir görmək lazımdır.

Pisikmiş vəziyyətdə oturmuşam, bir dəfə televiziyada gördüm ki, bu ölkənin səfiri Əhəd Qəzayi Heydər Əliyevin yanına gəlib mənim kitabımı göstərdi. Ki, bu adam haqqında tədbir görmək lazımdır, ağayi Rəfsəncani tapşırır, bu şəxs bizdən torpaq istəyir, iki millət, iki dövlətin arasını vurur. Heydər Əliyev götürüb kitaba baxdı, dedi, əlbəttə, mən iki dövlətin arasını vuran şəxslərə yaxşı deyə bilmərəm, amma mən tarixçini məcbur edə bilmərəm ki, tarixi saxtalaşdırsın, tarix olduğu kimi yazılmalıdır. Əhəd Qəzayi suyu süzülə-süzülə çıxdı. Səhəri gün Şəkidə olimpiya kompleksi açılmalı idi, mən o açılışa getdim. Şəkidən seçilən deputat kimi ilk dəfə ora gedirdim, prezidentin korteji çıxanda Şəki gəncləri dövrəyə alıb onu olimpiya kompleksinə qədər müşayiət etdilər. Balaca kürsü düzəltmişdilər.

Orada Heydər Əliyev, Olimpiya Komitəsinin sədri olan İlham Əliyev və icra başçısı dayanmalı idi. Heydər Əliyevə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı kitabımı təqdim elədim, baxdı, zarafatla qayıtdı ki, sən hələ buralardasan , yəni salamatsan. 200 min insan bayraqlarla olimpiya kompleksinə axın eləmişdi. Heydər Əliyev tribunaya çıxan kimi əlinin işarəsi ilə məni çağırdı. Noyabr ayı idi, Şəkidə bərk soyuq vardı. Mən ayaq saxladım, yerdə nə qədər hökumət adamı vardı, balaca tribunaya dırmaşdları. Birdən Heydər Əliyev baxıb gördü ki, çağırmadığı adamlar tribunadadır, mən də yetim quzu kimi aşağıda boynu bükük dayanmışam. Əsəbi halda məni çağırdı. O adamlar arxada qaldı, özü qabaqda, mən ortada dayandıq. Sağda da İlham Əliyev dayandı. Heydər Əliyev danışmağa başlayan kimi dedi ki, Şəki Azərbaycana çox tanınmış adamlar bəxş edib, Mirzə Fətəli Axundzadə, Fətəli xan Xoyski, Bəxtiyar Vahabzadə. Sonra da dedi ki, Şəki böyük tarixçilər də yetirib, böyük alim Yaqub Mahmudov da buradadır. Bununla da məni təqib edənlərə qarşı nöqtəsini qoydu. Qürur hissi keçirirəm ki, sağ ikən qiymət verdiyi adamlardan biri də mənəm. Ağır məqamlarda məni qiymətləndirdi və caynaqlardan çəkib çıxardı. Həmişə çətin işlərdə şəxsən xəbər yollayırdı.

Qondarma Car-Balakən respublikasının yaradılması barədə təxribatlarlar başlamışdı. Mən BDU-da Tarix fakültəsinin dekanı idim, mənə xəbər gəldi ki, cənab prezident göstəriş verib, təcili Balakənə get. Prezident Aparatından təxminən 10 nəfəri sərəncamıma verdilər, Şeyx Şamilin büstü üstündə çıxış elədim. Rusiyadan gələn Duma üzvləri, onları müdafiə edən başıqırxıqlar dəstəsi ordaydı. Biz qondarma respublikanı dağıdıb Azərbaycan bayrağını qaldırdıq, bütün rayon boyu yürüş etdik. Bu hadisənin üstündən bir neçə gün keçəndən “Heydər Əliyev Şah Abbasın köşklərindən birinə çıxıb dedi ki...” – Müsahibəsonra Heydər Əliyev xəbər göndərdi ki, İrana səfirimiz var, Yaqub Mahmudov getmək istəyirsə, gəlsin.

- Neçənci il idi?
- 1994-cü il idi.

- İranın barəsində tədbir görmək istədiyi Yaqub Mahmudov İrana səfər edən nümayəndə heyətinə salındı? 
- Bəli, heç unutmuram. Bizim səfərimizi Rəştə salmışdılar. Biz təyyarədə narazılıq etməyə başladıq. Mən də dedim ki, biz Təbrizə getməyib Rəştə getsək, Cənubu Azərbaycanı təhqir edərik. Bu sözüm Heydər Əliyevə çatdırıldı. İran tərəfinə bu barədə bildirildi. Dedilər ki, Təbrizə getsəniz, təhlükəsizliyinizə zəmanət vermirik. Heydər Əliyev gülərək dedi ki, bizi Təbrizə aparın, sizin təhlükəsizliyinizə mən zəmanət verirəm. Təbrizə aparmadılar, amma İran körfəzində Kiş adasına getdik.

Orada Heydər Əliyevin böyüklüyünü bir daha gördüm. İranın Azərbaycanda Nəhavəndiyan adlı səfiri var idi, hər addımda bizi mənfi mənada müşayiət edirdi. Şah Abbasın İsfahanda tikdiyi kompleksi görmək böyük arzum idi. Həmin səfərdə bu kompleksi görə bildim, dünyaya baxışımda dəyişiklik oldu. Şah Abbasın tikdirdiyi saray kompleksinin içində mikroavtobuslarla gəzirdilər, mərmi atmışdılar, məscidin günbəzinə sancılmışdı, amma məscidi dağıda bilməmişdi, çox təsirləndim. Heydər Əliyev də sağlam adam idi, pilləkənləri sürətlə çıxırdı, biz də ona güclə çatırdıq. Hər yerdə də Heydər Əliyevə deyirlər ki, bu kompleksi İran şahı Şah Abbas tikdirib. Axırda əsəbiləşib dedim ki, niyə prezidentimizə düz məlumat vermirsiniz, Şah Abbas Səfəvi hökmdarıdır, onun vətəni Azərbaycandır, o, Ərdəbildəndir. Ağayi Nəhavəndiyan də qayıtdı ki, niyə millət davası salırsan, cənab prezident İrana gəlib.

Yarım saat keçmişdi ki, bir adamı gətirdilər ki, bu da İranın böyük tarixçisidir, sənə o cavab verəcək. Mən də dedim ki, nə cavab verəcək, Şah Abbas Ərdəbildə doğulub, türkdür. Həmin tarixçi də dedi ki, ağa sən düz demirsən, Şah Abbas Kaşanda basdırılıb, onun Azərbaycana nə aidiyyəti var? Dedim, Kaşan da, İsfahan da Şah Abbasın qılıncının altında idi. Belə deyişməmiz oldu. Sonra bizi İsfahan metallurgiya kompleksinə aparırdılar, mən yolda şuluqluq saldım. Dedim Şah Abbas İsfahanda çarbağ saldırıb, İsfahandan keçən çayın məcrasını dəyişdirib bağı dörd yerə bölüb. Xan çinardan tutmuş hansı bitkilərimiz varsa, hamısını aparıb orada əkdirib. Dedim, bizim prezidentimizi niyə Şah Abbasın bağına aparmırsınız. Bayaqdan deyirsiniz, İran şahıdır, aparın da o bağa. Bir də gördüm kortej dayandı, yönünü bağa çevirdilər. Bayırda 55 dərəcə istiydi, Şah Abbasın saldırdığı bağda isə su fırlanır deyə 18-20 dərəcə temperatur vardı, cənnət idi. Heydər Əliyev Şah Abbasın köşklərindən birinə çıxdı. Mən də tarixçi kimi zövq aldım ki, bir vaxtlar Şah Abbasın çıxdığı köşkdə indi Heydər Əliyev dayanıb.

Heydər Əliyev dedi ki, çox səfalıdır, Şah Abbas çox gözəl bağ salıb, adam burada bir dondurma yesə, yaxşı olar. Bizə dondurma gətirdilər, onun dadını unutmamışam, baldan hazırlanmış dondurmaydı, hamımız yedik, qurtaranda Heydər Əliyev üzümüzə baxdı, dedi, mən belə görürəm, camaat bu dondurmadan birini də istəyir. Xülasə ikinci dəfə dondurmadan yedik, sonra İsfahan metallurgiya kombinatına getdik. Mənim xatirələrim bitib-tükənən deyil.

- Bayaq Rəsul Rza ilə birgə ensiklopediyaya Xalq Cümhuriyyəti dövrünü saldığınızı söylədiniz. Heydər Əliyevin AXC ilə bağlı hansı tapşırıqları olmuşdu? 
- Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini çox yüksək qiymətləndirirdi. Mən BDU-da Tarix fakültəsinin dekanı olanda bir qrup tarixçiləri dəvət etdi. O cümlədən sovet dövründə akademik olan və sovet rejiminin məddahları ora dəvət olunmuşdu. Dedi ki, Stepan Şaumyan haqda məlumatın dəqiq olmasını istəyirəm, bizim xalqa qarşı soyqırımı, deportasiyalar olub və bu məsələni aydınlaşdırmaq lazımdır. Sovet dövrünü araşdıran tarixçilər tökülüşdülər ki, soyqırımı çətin məsələdir, 1905-ci ildən qırğın olub. Mən 31 mart 1918-ci il soyqırımı üstündə möhkəm dayandım.

Dedim, soruşunuz, əsasınız nədir? Bildirdim ki, əsas ondan ibarətdir ki, soyqırımı dövlət səviyyəsində həyata keçirilib. Şaumyanın başçılıq elədiyi Bakı Soveti erməni hakimiyyəti idi, ətrafındakılar ermənilərdən ibarət idi, dövlət səviyyəsində soyqırımı həyata keçirilib. Bir neçə gün sonra Heydər Əliyev 31 martın Soyqırımı Günü kimi qəbul olunması barədə sərəncam verdi.
Arxiv İdarəsinin keçmiş rəhbəri Ataxan tələbə yoldaşımdır, onunla tarix fakültəsində xeyli mübahisə elədik, dedim, axı İstiqlal bəyənnaməsində neçə yerdə yazılıb ki, ad Azərbaycan Demokratik Respublikası yox, Azərbaycan Xalq Cümhuriyyətidir. Bununla bağlı Heydər Əliyevin yanında müzakirəmiz oldu və ona bu məsələni çatdırdıq.

O, Azərbaycan Demokratik Respublikasının adını çevirib Azərbaycan Xalq Cümhuriyyəti qoydu. Bu, mənim ən ciddi xatirələrimdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərini keçirdi, beynəlxalq konfrans baş tutdu. O zaman Heydər Əliyev tapşırıq verdi ki, AXC ilə bağlı ensiklopedik lüğət hazırlamaq lazımdır. Qürur hissi keçirirəm ki, Heydər Əliyev çox ağır, Vətənə sağ qayıtmadığı səfərə çıxanda Təhlükəsizlik Şurasının iclasını keçirib və tapşırıq verib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopedik lüğətini çıxarın.

Soruşublar ki, kimə tapşıraq. Mənim adımı çəkib ki, filankəsə mənim adımdan tapşırın. Tarix fakültəsinin dekanı olaraq AMEA Tarix İnstitutunun mütəxəssislərini cəlb edib 2 cildlik Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasını hazırladıq. Çox şadam ki, işi başa çatdırdıq və o ensiklopediya İlham Əliyevin göstərişi ilə çap olundu. Sonuncu nəşri 2014-cü ildə oldu. İlham Əliyev onun bütün səhifələri ilə tanış oldu və Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə möhtəşəm abidə qoyuldu. Bu, Heydər Əliyevin vəsiyyəti idi.

Heydər Əliyev deyirdi ki, mən sovet dövründə maraqlanırdım ki, bu Şaumyan kimdir, Tarix İnstitutundan mənə sənədlər verirdilər, az qalırdım, bu Şaumyanın yubileyini keçirim. Prezident İlham Əliyev isə atasının, dahi Heydər Əliyevin yolunu dönmədən, uğurla gedərək tarixçilərlə məsləhətləşdi və AMEA Tarix İnstitutu İlham Əliyevin sayəsində bütün tarix konsepsiyasını dəyişdirdi. Soyqırımı cəlladı, daşnak Şaumyan və dəstəsinin qalıqları Bakının mərkəzindən götürüldü. Heydər Əliyevin vəsiyyəti idi, İlham Əliyev onu yerinə yetirdi. Soyqırımlarının, İrəvan xanlığının tarixini araşdırdıq, bütün dünyaya yaydıq, həmin materiallar ərəb, ingilis, ispan və digər dillərə tərcümə olundu. Bu işlər Heydər Əliyevin vaxtından başlayıb. İlham Əliyev bu gün Tarix İnstitutunun arxasında durur, atasının mövqeyini cəsarətlə, qətiyyətlə müdafiə edir və uğurla davam etdirir. Dünyadakı mürəkkəb şəraitdə tarix elmimizin bütün əsərləri onun təşəbbüsü, tapşırığı və çağırışları ilə çap edilir. Mənim fikrimcə, bugünkü dünyada Azərbaycan Prezidenti İlham Əliyev müasir inkişafın Azərbaycan modelinin müəllifidir.

Bu modelin tərkib hissələri çoxdur, iqtisadi inkişaf, davamlı olaraq irəli getmək və sairlə bağlıdır. Amma onun ən mühüm tərkib hissəsi Azərbaycançılıq məfkurəsinin qalib gəlməsi və milli tariximizin dirçəlişidir. Bu, çox böyük nailiyyətdir. Xalq öz tarixinə sahib çıxarsa, onu məğlub etmək olmaz. Tarixinə sahib çıxmayan xalqlar isə tarix səhnəsindən silinib gedir. Biz öz tariximizə sahib çıxırıq, bu, o deməkdir ki, bizim xalqımız tarixinin sahibi olduğu üçün heç zaman məğlub olmayacaq və 1918-ci ildəki soyqırımı, Xocalı faciəsi təkrar olunmayacaq. Çünki biz yolumuzu dəyişə bildik, tariximizə sahib çıxdıq.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<