SON DƏQİQƏ
» » “Aşıq Pəri İnciləri” şeir antalogiyası haqqında

“Aşıq Pəri İnciləri” şeir antalogiyası haqqında

Tarix:

27-10-2017, 15:35

/ 2 446 dəfə oxundu.
“Aşıq Pəri İnciləri” şeir antalogiyası haqqında

 

  Qadın şairələr digər şairlərdən bir çox əlamətlərlə köklü surətdə fərqlənir. Bu fərqliyin bəzi səbəbləri var. Öncə həmin qadınların şeirləri ana ürəyinin məhsuludur. Bu ürəkdən gələn sözlər daha incə və sevilən olur. Bu baxımdan Azərbaycan ədəbiyyatında qadın şairlərin yetişməsi tarixi bir naliyyətdir. Ədəbiyyatımıza qədimdən günümüzə kimi tanınmış bir neçə qadın şairələr əvəzsiz incilər bəxş edib. Təəssüflə qeyd etmək istərdim ki, bəzən bu gəliş bir çox zaman xoş qarşılanmayıb. Son nəticə olaraq dumduru bulaq suyuna bənzəyən və ana ürəyindən kağız üzərinə tökülən bu şeirlər dövrümüzə gəlib çatmayıb. Qadın şairələrin tez-tez yaradıcılıqlarının işıqlandırılması təqdirə layiq addımdır.

   Bu yaxınlarda “Aşıq Pəri məclisi” nin rəhbəri, şairə Pərvanə Zəngəzurlu, məclisin üzvü şairə Güllü Tomarlının tərtibatında işıq üzü görən “Aşıq Pəri İnciləri” şeir antalogiyası mükəmməl bir redaksiya heyəti (ön sözün müəllifi Filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman)  ədəbi aləmdə tarixi bir hadisəyə  imza atdı.

   Təsadüfi deyil ki, ədəbi aləmdə belə bir şeir antologiyası öncə də çap olunub. “Azərbaycanın aşıq və şair qadınları” antologiyası mərhum professor Əzizə Cəfərzadənin tərtibatı ilə ayrı-ayrı illərdə çap olunub. Amma bu antologiyanın məhz “Aşıq  Pəri Məclisi”nin adı ilə bağlı olması təqdirəlayiq bir hadisədir. Kitabın ən üstün cəhətləri müasir dövrdə yazıb-yaradan qadın şairələrin tanıdılması, onların yaradıcılığının üzə çıxarılması və həvəsləndirilməsidir. “Aşıq Pəri İnciləri” şeir antalogiyası bu istiqamətdə atılan addımların təsdiqidir. Kitabı vərəqləyərkən bölgədə yaşayan şairələrin yaradıcılığı ilə tanışlıq oxucuda bambaşqa bir zövq yaradır. Həm də bu kitab paytaxt, regionlar və Türk dünyası  arasında ədəbi əlaqələrin sıx inkişafına təkan verir. Region ədəbiyyatında şairələrin yaradıcılığının üzə çıxarılmasında və onların şeirlərinin təhlili baxımından antalogiyanın rolu danılmazdır.

   “Aşıq Pəri İnciləri” şeir antalogiyası bir çox üstün cəhətindən biri də, kitabda aşıq qadınların yer almasıdır. Bu öz növbəsində oxucu üçün yeni bir biliyin mənbəyi rolunu oynayır. Aşıq sənətində ən çox kişi aşıqların adını eşitmişdiksə, bu kitabda biz qadın aşıqlarla da ətraflı tanış oluruq. Xüsusi ilə onların şeirləri diqqətdən kənarda qalmır.

    Kitabda toplanan qadın şairlərin şeirlərində poetik gözəllik, nəzəri biliklərin qorunması və fəlsəfi fikirlərin zənginliyi kitabın oxunaqlığını artırır. Antalogiyada şairə qadınlar haqqında məlumatların verilməsi, şəkil və şeirlərinin əks olunması oxucularla yanaşı tədqiqatçılar üçündə əvəzsiz bir mənbədir. Həqiqətən kitabda yer alan hər bir şeir düşündürücüdür. Bu da qadın ürəyinin aliliyinin göstəricisidir. İndi isə bəzi şairə qadınların yaradıcılıq nümunələrini əziz oxuculara təqdim edək.

    Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri, sağlığında klassikləşən, el-oba məhəbbəti qazanan qocaman ozanımız Mikayıl Azaflının ocağında Dilarə Azaflı , Gülarə Azaflı  və Minayə Azaflı kimi tanınan sənət insanları yetişib. Dilarə Azaflı nakam ömür yaşasa da yaradıcılığı onu hər zaman bizlərlə yaşadır.

    Dilarə Azaflı yazır:

Hayıf, ömrüm-günüm keçdi,

Əzabların qucağında.

Şaxta döydü, tufan əzdi,

Öz evimdə, ocağımda.

Gülarə Azaflı yazır:

Əcəl can evimdən vurarsa bir gün,

Onda deyin məni ellər ağlasın.

Qohumlar, qardaşlar, yarı-yoldaşlar,

Ən əziz, ən şirin dillər ağlasın.

   “Aşıq Pəri Məclisi”nin rəhbəri və bu gözəl, nəcib antalogiyanın idea müəllifi olan tanınmış şairə Pərvanə Zəngəzurlu yazır:

Deyirəm dönəydi o bahar yenə,

Dumanda itdiyim günlər olaydı.

Qonşu qızlarıyla evcik quranda,

Cığallıq etdiyim günlər olaydı.

   “Lap uşaq vaxtlarından bağlanmışam “Aşıq Pəri Məclisi”nə”,-deyən puplisist, şairə Güllü Eldar Tomarlının “Aşıq Pəri İnciləri” şeir antalogiyasında verilən şeirləri incə qəlbin ən ali hissləridir.

    Güllü Eldar Tomarlı yazır:

Məndən İnciməsin qoy İncə dərəm,

Dərdimin dərmanı Borçalıdadı.

Atalı günlərim – o xoş mənzərəm,

Ömrüm gül zamanı Borçalıdadı.

    Tanınmış aşıq, “Aşıq Pəri Məclisi”nin ən fəal üzvü, aşıq sənətinin dərin bilicisi Aşıq Ulduz Sönməzin yaradıcılığı isə xüsusi diqqət cəlb edir. Aşıq şairə yazır:

Tərlan könlüm etibara bağlanıb,

Adım, sanım namus, ara bağlanıb,

Aşıq adım bu diyara bağlanıb,

Bu torpağam, mən bu daşam sazımla.

    Aşıq Zeynəb “Demə sən” qoşmasında yazır:

Dəli könül, məndən sənə əmanət,

Sınamamış yada sirdaş demə sən.

Dar günündə gedib dursa kənarda,

Gen günündə ona qardaş demə sən.

Bunlarla yanaşı atalogiyada şeirləri yer alan Səadət Buta, Pərvanə Məmmədli, Aşıq Zülfiyə, Arzu Nehrəmli və digər şairələrin şeirləri diqqət cəlb edir.

    XXI əsr internet erası olsa belə, kitab üzərində tam qələbə çala bilməyir. Kitab insanın ən etibarlı bilik əldə etdiyi mənbədir. Kitab tarixdir. Yazılanlar isə tarixdə unudulmur. İnsan durduqca söz də yaşayacaq. Bunun üçün hikmətlə yazmaq və gələcək nəsillərə əvəzsiz incilər miras qoymaq lazım. Günümüzdə bu ənənə davam edir. Bunun davamlı olacağına səmimi qəlbdən inanırıq.

Mahmud Əyyub

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ