SON DƏQİQƏ

İt zülmünü çəkənlər- YUNUS OĞUZ YAZIR

Tarix:27-12-2019, 10:20 Oxunub:1 910

Yunus Oğuz

                                              Felyeton

Dilimizdə bir para deyimlər var ki, mənasını anlamasalar da, yeri gəldi, gəlmədi insanlar onları atalar sözləri kimi istifadə edir. Bu deyimlərdən məmə əməndən pəpə yeyənə qədər hamı istifadə edir. Həyatımız elə bil bunlarsız təsəvvür olunmur. Ən çox da bu deyimlər ev heyvanlarından itlərə və eşşəklərə aid olur. Eşşəklərdən bir dəfə yazdıq. İndi də keçək itlərə. Deyim ki, bu deyimlər çox məşhuri-cahandırlar. Bax, biri o birisini tənqid edib danlayanda, sonradan başqasına deyir ki, bah görəydin də, filankəsi "itdən alıb itə verdim". Vallah soruşsan ki, qaqa, "itdən alıb itə verdim" nə deməkdir, mənasını bilməyəcək. Ancaq hər yerdə bunu şəstlə deyirlər. Mən deyim, siz də bilin, çünki ömrümüzün çoxu elə itlər içində keçir.  Ya vəlvələsindən, ya zəlzələsindən fərqi yoxdu. İstər ikiayaqlı olsun, istər dördayaqlı.

Tutaq ki sənin iki itin var. Bunlardan birinin qabağına sümük atırsan. Sonra istəyirsən ki, onun ağzından o boyda sümüyü çıxardıb o birisinə verəsən. Lap o itin sahibi də olsan, xeyri yoxdur. Sümüyü ağzında olan it dişlərini qıcardıb sənə bir üz göstərəcək ki, gəl görəsən. Heç elə bil sən bunun sahibi  deyilsən. Hətta əlini də qapa, cırmaqlaya bilər. Bəs nə bilmişdiniz? Hər kəs öz payını ağzında (əlində) saxlamağı bacarmasa yaşaya bilməz, atam. Bu təkcə yemək uğrunda mübarizə deyil, həm də həyat uğrunda mübarizədir. Söyməsən, hirslənməsən, diş qıcartmasan bu həyat olmazdı ki. Bir sıra adamlar var ki, onları hökmən "itdən alıb itə vermək" lazımdır. Nə hır  qanırlar, nə zır. Deyirsən ta bəsdi,  bu qədər ağzındakı sümüyü gəmirdin, ver indi də başqası gəmirsin. Ayağını yerə "xıx" basıb, başını eşşəyin başı kimi yelləyə-yelləyə acıqlı-acıqlı, hirsli-hirsli deyir ki, yox, bu sümük mənə dədəmdən qalıb, heç kimə vermərəm, hətta ölüm olsa belə.  Ta bundan sonra ona nə deyəsən? Məcbursan ki, zorla sümüyü əlindən alasan, hətta əlini dişləsə belə. Qorxmayın, belələri quduzluq yaymırlar. Belələrinin ağzından sümüyünü alan kimi  zingildəyib küncə çəkilir, başlayırlar quyruq bulamağa. Yox, əlbəttə, istisnalar da var. Başlayırlar yalandan hürməyə ki, bəs sümüyümü ağzımdan nahaq aldın, qaytar onu. Bu yazıda ad çəkməyəcəm, təhqir hesab oluna bilər. Qoy gərək olanı öz payını götürsün.

Başqa bir deyim də var: "Ala itdən məşhur". Bir də görürsən ki, biri o birisinə deyir: "Qədeş, ala itdən məşhur olmusan, yaman tez-tez polisdə çək-çevirə düşürsən". Yaxud da filankəs filankəsə deyir ki, o qonşu arvad ala itdən məşhur olub.

Bir lətifə yazım.

Bir gün Molla Nəsirəddin bir məclisə girib deyir:

  • Ey cümlə, bilirsiniz nə olub?

Məclisdəkilər başlarını yelləyirlər:

  • Yox, bilmirik.
  • Bilmirsinizsə niyə deyim?

Növbəti məclisdə Molla yenə eyni sualı verir.

Bu dəfə cümlə əhli deyir:

  • Hə bilirik.

Molla özünü sındırmayıb deyir:

  • Ta bilirsinizsə, niyə deyim?

Üçüncü dəfə məclisdəkilər razılaşırlar ki, bu dəfə gəlib o eyni sualı versə  yarımız deyərik bilirik, o biri hissəmiz cavab verər ki, yox bilmirik.

Elə də olur. Molla içəri girən kimi yenə eyni sualı verir.

Oturanlar da xorla cavab verirlər:

  • Yarımız bilirik, yarımız yox.

Molla baxır ki, lotular dilbir olublar. Kefini pozmadan deyir:

  • Hə eybi yoxdu, bilənlər bilməyənlərə öyrətsin.

İndi "ala itdən məşhur" deyiminin mənasını Molla Nəsrəddinin sözü olmasın , bilənlər bilməyənlərə öyrətsin.

Birindən soruşursan ki, necəsən? Cavab verir:

  • İt zülmünü çəkirəm, yaxud deyir ki, it zülmünü görüb gəlmişəm.

Balam, bu it zülmü nəmənə olan şeydir ki, çoxluq bu deyimdən istifadə edir.

Dərindən baxsaq insanların bəziləri elə it zülmü çəkirlər, amma bu kəlməni dillərinə almazlar.

Biri gəlib rəssamdan soruşur:

  • Qaqa, rəssamsan?

Rəssam başını razılıqla aşağı-yuxarı dartır.

  • Qaqa, it zülmünü çəkə bilərsən?

İt zülmü dedikdə başına gün vurur vursun, ya şaxta səni bıçaq pendiri kəsən kimi kəssin. Ancaq, o yalını qazanmaq üçün qoruduğu yerdə durmalı, arada hürməli, səsini başına atmalıdır.

Arada itin sahibi onun qabağına  sümük atmağı yaddan çıxartdıqda, itin çıxartdığı oyunları görəsiniz. Vay, dədə, vay!  Sahibini görən kimi bu it nə oyunlardan çıxır... Sirk ustaları onun yanında qələt eləyir.

İndi bəzi adamlar da, xüsusən də əlinə pul düşənlər it zülmü çəkirlər. Yox, yox onlar istidə, şaxtada durmurlar. Onar itin zülmünü ürəklərində çəkirlər. İslahatlar dərinləşdikcə, onları itdən alıb itə verdikcə, ala it kimi məşhurlaşdıqca itin zülmünü çəkirlər. Bəs nə bilmişdiniz?

Məgər ürəkdə, böyrəkdə it zülmü çəkmək asandırmı? Qorxu, səksəkə, həyacan, təşviş, olanının tutub əlindən alınması qorxusu bunların bəziləri üçün əsl it zülmü şükür olur. Demişdim axı, ad çəkməyəcəm.

Hələ gör seçkilərdən sonra nə qədər adam it zülmünü yaşayacaq?

Oho...ho...o...

Mən də bu yazını it zülmünü çəkə-çəkə yazdım. Həqiqətən ha...

P.S. Duydum ki, rüşvət almayan məmurlar day it zülmünü çəkmirlər.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<