SON DƏQİQƏ

Üç İsa- YUNUS OĞUZ YAZIR

Tarix:

14-10-2019, 13:09

/ 2 264 dəfə oxundu.
Üç İsa- YUNUS OĞUZ YAZIR

Akademik İsa Həbibbəylinin yetmiş illiyinə

Esse

Mənim həyatımda İsa peyğəmbər rol oynamayıb. Bəlkə də dolayısı ilə təzahürü olub, amma əlimdə bilgilər yoxdu. Düzdür, istəsəm telepatiyanın gücünə  öyrənə bilərəm. Amma zamanı və məkanı dəyişdirməyə ehtiyac duymadığımdan bunu lüzumsuz saydım. Həyatımda Məhəmməd peyğəmbər (c) rol oynayıb, çünki hal-hazırda bu islam dininin  daşıyıcılarından biriyəm. Onun (salavutallahın) şəhadətinə görə İsa peyğəmbər peyğəmbərlərin ən önəmlisi idi və İsanın (ə) İncildə dediyinə görə "məndən sonra sonuncu peyğəmbər "Əhməd" gələcək". Məhəmməd peyğəmbər (c) ondan öncə olan peyğəmbərlər arasında vəsilə yaratdı və bunu da "Qurani- Kərim"də möhür kimi qeyd etdi.  Müsəlmanlar  yaxın  tarixə qədər  övladlarına digər peyğəmbərlərin də adını verirdilər. Bunu niyə keçmiş zamanda yazdım? Təəssüflər olsun ki, son zamanlar xurafat və cahillik artıq buna imkan vermir, hətta bir yas yerində "başqa peyğəmbərlərin adını bilirsənmi" sualıma cahillərdən biri "başqa peyğəmbərlər olubmu?" cavabını verdi. XXI əsrdə hansı zamana gəlib çıxdıq? Yüz illərdir atalarımız övladlarına demək olar ki, bütün peyğəmbərlərin adlarını veriblər: Adəm, Nuh, Lut, Saleh, Yunus, İsa, Davud, Süleyman, Məhəmməd və sairə, sairə... 124 min.

İsa peyğəmbər   bizə çox doğmadır, çünki sonuncudan əvvəlkidir. Buna görə yüz illərdir atalarımız övladlarına "İsa"adı verməkdə yanılmayıblar.

Mənim həyatımda üç İSA var. Bəlkə bu təsadüfdən, bəlkə də zərurətdəndir.

Birincisi atam   İsaxandır. Bilmirəm, türk əsilli olduğumuz üçün, xristianlığa nə vaxtsa tapındığımız üçün, tanrıçılığı dinimizin əzəlində hesab etdiyimiz üçün  məndən öncə olan soy-köküm  dünyanın bütün məşhur peyğəmbərlərinin adlarını övladlarına isim kimi verirdilər, amma köklərini, hardan gəlib, hara getdiklərini yaddan çıxartmamaq şərtilə. Bizim tərəflərdə etnik kimlik əsas şərtlərdən biri idi. İllah da sovet vaxtında. Baxın!  Babam Babaxanın üç oğlu olub: Əmirxan, Mirzəçan, İsaxan.

Məhz üçüncünün, yəni atam İsaxanın daima məni kitaba, sonralar elmə həvəsləndirdiyini  nə zamansa xatirələrimdə yazacam.

İkinci  isə adı İsa olan qayınatamdır. Düşünürəm, İsa kişi elmə, təhsilə, bu qədər qiymət verməsəydi, kim bilir,  ailə qurduqdan sonra haralardaydım... "Hər güclü erkəyin arxasında, onu başa düşən güclü qadın var" deyimi tamamilə doğrudur.  Hələ mən bizim, iki insanın davamçısı olan mükəmməl qızımız haqqında yazmaq istəmirəm. Bu da başqa mövzudur.

Üçüncü İsa isə mənəvi dünyası zəngin, mərifət və şərafətinə görə akademik İsa Həbibbəylidir. Qabaqcadan deyim ki, birinci iki İsaya sonsuz sevgim olsa da, mənə mənəvi dünyanın ənginliklərinə baş vuran, hər sözündən, sətrindən yüzlərlə İSA doğulan İsa Həbibbəyli daha yaxındır.  İsa Həbibbəyli maddi dünya deyil, vücud deyil, bu böyük İNSAN SÖZ-dür. Sözdən yoğrulan İNSAN , sonra da ALİM-ə çevrilən İNSAN.

Bu tərif deyil. Onun içində bir can var. Canın içində can!  Bəzən çoxları başa düşmürlər ki, bu İNSAN-ı, bu CAN-ı bizə sevdirən nədir? Sözünün içində bir CAN var. Canın içində od var, alov var, enerji var. Heç kimə baxmaz, heç kimə SÖZ-ün qüdrətini çatdırmaz, amma elə yazar ki, SÖZ-ün arxasından SÖZ-ün qüdrəti özü görünər.  İNSANIN arxasından SÖZ görünər, boy verən SÖZ böyüklüyü görünər. Yalnız bunun arxasından şəxsiyyət görünər, elə üçüncü İSA  görünər.

Candan yazdıq. Can mühərrikdi. Sözdən yazdıq. Söz mühərrikdi. Cismin mühərriki (motoru)   istənilən insanda nə zamansa dayanacaq, amma CAN-ın və SÖZ-ün mühərriki əbədidir. Bunlar dayanan deyil. Onların enerjisi gələcək nəsillərə ötürülür. İncildə və Quranda yazıldığı kimi; öncə SÖZ gəldi dünyaya, yalnız bundan sonra on səkkiz min aləm yarandı.

SÖZ-ün qədrini və qüdrətini bilən İSA Həbibbəyli hər yeni sözə ruh verir, istiqamət verir. İstedadları yönəldir, arxasında durur.

Bilirəm bədxahlarımız mənim müqayisə üçün yazdıqlarıma ağız büzəcək, küfrlə günahlandıracaq. Olsun, amma ölmüş SÖZ-ü kimsə dirildəcəksə, ona yeni həyat verəcəksə, o elə İSA-dır!

Nə qədər ki, SÖZ-ün mahiyyətini, zatını, sifətini cəmiyyət anlamayacaq, İsa Həbibbəyli kimi alimlər elə İSA-dır. Təəssüflər olsun ki, belə İSA-lar çox azdır.

Onun canında bir CAN da var. Bu AZƏRBAYCAN-dır. İliyinə qədər işləyən bu sözün adı çəkiləndə hər şeyini unudan bir CAN. Çoxları bunu anlamırlar, başa düşmürlər. Arada bir sual da verirlər: bizim canımızdan onun CAN-ı nə ilə fəqlənir? Onun CAN-ı SÖZ-ünün qüdrətindədir. Azərbaycan sözünün içində qüdrətini, möhtəşəmini gözləyən bir CAN.

Kimsə ehtiramını, möhtəşəmləyini, faniliyini bu dünyaya dəyişir. Dünyanın sözünü dünyaya çatdırır. İSA isə o dünyadakı sözün möhtəşəmliyini və həşəmətini bu dünyaya çatdırır. Anlayan anlasın, anlamayan isə yenə "alim"liyini etsin.

İçində Azərbaycan, millət, xalq, kökünə və törəsinə, dövlətinə bağlı olan nə qədər İSA-mız var? Barmaqla sayıla bilər.  Elə günümüzdə yaşayan belə Məhəmmədlər, Salehlər, Süleymanlar, Yunuslar, Davudlar, Lutlar, Nuhlar nə qədərdir? Yenə barmaqla saymaq olar.

Can enerjidir. əbədi mühərrikdir. Canın istədiyini, bildiklərini SÖZƏ çevirib CİSMƏ ötürmək çox ağır məsələdir,  çoxları üçün arximüşküldür. Bu seçilmişlərə aiddir.

Sözü cismə ötürmək, cismi SÖZ-ə və CAN-a çevirmək hər adama müyəssər olmur. İSA bunu bacarır, çünki o seçilmişlərdəndir. Cismi CANa, sonra isə əksinə CANı cismə çevirmək onun qismətinə yazılıb. Ortada isə SÖZ var. Dünyanın ən böyük xalqı o xalq olacaq ki, o SÖZ-ünə sahib olacaq, SÖZ-ün dəyərini biləcək. İsa Həbibbəyli xalqının söz sahibi olması uğrunda canını və qanını ortalığa qoyan bir insandır. Alimliyi sonradır, əsas İNSAN-lığıdır.Əsas  İSAlığıdır!

SÖZ-ün mübarək, USTAD!

...Üç İSA-m var. Biri qanım, biri sümüyüm, biri isə canım.

Canım əbədi olmasa, qanım və sümüyüm sonradan unudulacaq, kiməsə yamaq olacaq, necə ki, indi bunun çox zaman şahidi oluruq.

İsa Həbibbəyli canımızdır. Canımızın vasitəsilə qanımızı, sümüyümüzü özündə birləşdirən Azərbaycanımız!

P. S. Duydum ki, çevrəmizdə dördüncü İsa da var. İsa Həbibbəylinin nəvəsi İsa. Qanımız, sümüyümüz, canımız olacaq, bunu zaman göstərəcək. Hər üçünün  babasındakı kimi vəhdətdə olmasına heç də şübhə etmirəm. Axı kiçik İsa SÖZ-ün nəvəsidir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ