SON DƏQİQƏ
» » Azərbaycan tarixində iz qoyan qadınlar - SİYAHI

Azərbaycan tarixində iz qoyan qadınlar - SİYAHI

Tarix:

9-10-2019, 20:50

/ 2 304 dəfə oxundu.
Azərbaycan tarixində iz qoyan qadınlar - SİYAHI

Qadınların tarixdə rolu danılmazdır. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur. GunAz.az saytı olaraq ölkənin ən məşhur qadınlarından bəzilərini öz oxucularına təqdim edirik.

Züleyxa Seyidməmmədova

Azərbaycan SSRİ ictimai təminat naziri, ilk azərbaycanlı qadın təyyarəçi, II Dünya müharibəsində hərbi təyyarəçi olmuş kapitan Züleyxa Seyidməmmədova.

Züleyxa xanım ilk fәrdi uçuşunu hələ tәlәbә aeroklubuna üzv olduğu illәrdә edib. O, öz yolunu seçir və bu yolda uğurla addımlamağa davam edir. Beləcə Züleyxa Seyidməmmədova 1938-ci ildə imtahan verərək Moskvada Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

O, ikinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. Züleyxa xanım müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür. O, sosial tәminat naziri postunda çalışan ilk qadın nazir olub.

Ayna Sultanova

İctimai-siyasi xadim Ayna Sultanova Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri vəzifələrində çalışıb. Siyasi fəaliyyətinin böyük bir qismini Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsinə həsr edib.

Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya gedən Ayna xanım elə vağzaldaca həbs olunub. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilib və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilib. Ayna Sultanova istintaq zamanı çox alçaldılıb.

1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnib.

Qəmər Salamzadə

1908-ci ildə anadan olan Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Salamzadəni əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. Şair Əliqulu Qəmküsarın qızı olan Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar.

Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onların emalatxanasında rejissorluq sənətini öyrənib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olub.

Nigar Şıxlinskaya

İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya birinci dünya müharibəsinin iştirakçısı olub. O, Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli azərbaycanlı qadındır. Nigar xanım rus, fransız, ərəb, fars dillərinin mükəmməl bilicilərindən olub.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım 1909-cu il 27 oktyabr tarixində ona ərə gedir.

Birinci dünya müharibəsinin iştirakçısı olan xanım General Ə.Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilib. Nigar xanım bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı.

Əliağa Şıxlinski öz xatirələrində yazıb: "Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olub".

Şövkət Məmmədova

İlk professional Azərbaycan qadın müğənnisi, SSRİ xalq artisti, Azərbaycan opera ifaçısı və müəllimi, Azərbaycan SSRİ Ali Sovetinin deputatı Şövkət Məmmədova 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

Şövkət xanım 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tiflis musiqi məktəbində davam etdirir.

Tiflisdə musiqi məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1911 ildə Milana gedib, burada məşhur müğənni D.Ambroziodan dərs alır. 1917- 1921 illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılıb, not nəşriyyatı təsis edilib.

Onun ifa etdiyi Rozina, Lakme, Cilda, Şahsənəm, Nərgiz, Gülçöhrə və digər partiyaları ilə Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açılıb.

Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsidir. Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi olub. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkib "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın". Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul edib. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak edib.

Xurşidbanu Natəvan


XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çata bilib.

O, xeyriyyəçi, messenat və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olunub. Xurşidbanu Natəvan Şuşada "Məclisi üns" ədəbi məclisinin təşkilatçısı olub. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib. Bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur.

Ağabacı Rzayeva

Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alaraq onun ən sevimli tələbələrindən biri olub. O həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. A.Rzayeva Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir. A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələyib. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib.

Şövkət Səlimova

Şövkət Səlimova iqtisad elmləri namizədi, ikinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olub. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləyib. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxan xanımın gəmi ilə neft, silah daşınmasında böyük əməyi olub. 1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974-1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləyib.

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

Xurşid Ağayeva

Xurşid Ağayeva ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın əməkdar incəsənət xadimi olub. O, Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyən xanım elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.

Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib.

Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" əsərinin müəllifidir.

Liza Muxtarova

Azərbaycanlı milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Muxtarova ictimai fəaliyyətə hələ gənclik illərindən qoşulub. O, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, Bakı müsəlman maarifçilik cəmiyyəti "Nicat"da gərgin iş aparıb, xüsusi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən iştirak edib. Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradıb. Cəmiyyətin fəaliyyətində İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edib.

O, özünün Persidski küçəsindəki möhtəşəm sarayında yetim müsəlman qızlar üçün özünəməxsus pansion təşkil edib.

Şəfiqə Axundova

Şərqdə ilk opera yazan bəstəkar qadın. Azərbaycanın xalq artisti Axundova Şəfiqə. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların "Ev bizim, sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida, Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşalarının, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.

Qəmər Almaszadə

Almaszadə Qəmər Azərbaycan balerinası, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycanın ilk balet rəqqasəsi, prezident təqaüdçüsüdür. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edir.

Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış edən Qəmər xanım 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. O, 1950-ci illərdə baleti tərk etsə də 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb.

Sara Aşurbəyli

Sara Aşurbəyli Azərbaycan alimi, tarixçisi və şərqşünası, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyərək öz çəkdiyi rəsm əsərlərini sataraq dolanıb. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri tərəfindən satın alınıb ki, bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilir.

O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülüb. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını alıb.

Zərifə Əliyeva

Zərifə Əliyeva Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri) vəzifələrində çalışıb. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər