Ayaqqabısını cənnətdə qoyan peyğəmbər- Felyeton

Yunus  Oğuz

Felyeton

Şəhər telefonuna zəng gəldi. Dinşünas, teoloq-alim dostumun səsini xəttin o biri başından eşitdim. "Bəli" deməyimlə dostum danışmağa imkan vermədi.

  • Neyləyirsən, Mirzə? - deyə soruşdu.
  • Heç, - dini söhbətlərdən qaçmaq üçün candərdi dilləndim, - yazı-pozu ilə məşğulam. - Ancaq hiss etdim ki, qanı qaradır.
  • Mirzə, gəl çay içək. Bu dəfə ağ gilas mürəbbəsi ilə çayın yeddi manat pulunu mən verəcəm. (Bu parklarda çay satanlar lap ağ ediblər e..! Çay 7 manat. Hələ bu ən aşağısıdır. Parka gələnlər termosda özlərilə çay götürürlər ki, mağazada satılan bir qucaq quru çaya burada bir çaynikin pulunu verməsinlər. O da əgər varsa)  Hiss etdim ki, dilxordur. Çar-naçar razılaşdım.

Həmişəkindən fərqli olaraq çayxanaya məndən tez gəlmişdi. Çay və mürəbbə də masanın üstündə bizi gözləyirdi.

Xoş-beşdən sonra soruşdum ki, imam əfəndi (otuz ildi onu belə adlandırıram), nə məsələdir? Qanın niyə qaradır?  Dostum elə bu suala bəndimiş. Ürəyi açıldı:

  • Mirzə, təsəvvür edirsən, bu gün çadır yasına getmişdim. İçəri girən kimi məni yuxarı başda, molladan bir az kənarda əyləşdirdilər. Vəzifəli bir adamın qohumunun yası olduğundan çadır adamla dolu idi. Tanıyan da, tanımayan da, acıyan da, acımayan da yasda idi.  Molla da "savadlı" adama oxşayırdı. Yas əhlinin başını qarışdırmaq üçün  əleyhissalam İdrislə Cəbrayılın hekayətini danışırdı. Söhbətin o yerinə çatdım ki, İdris peyğəmbər Cəbrayıla yalvarır ki, bəs mənə cənnəti göstər. Cəbrayıl əleyhissalam da dirənib ki, yox, olmaz, bəs ora girən çıxmaq istəməyəcək. Peyğəmbər deyir ki, yox söz verirəm çıxacam cənnətdən. - "İmam əfəndi" soyuq çayından bir qurtum içib söhbətinə davam etdi. (Deyəsən ağ gilas mürəbbəsini yemək yadından çıxmışdı.) - Nə isə... Allah Təalanın izni ilə Cəbrayıl (ə) İdrisə (ə) cənnəti göstərir. Peyğəmbər cənnətə necə hayıl-mayıl olursa burada qalmaq istəyir, ancaq Cəbrayıl a (ə) söz verib cənnətdən çıxmaq barədə. Düşünüb-daşınır, cənnətin səkkiz qapısının birindən çıxmaq istəyəndə ayaqqabısını soyunub cənnətdə saxlayır ki, qayıdıb götürəndə bir də oradan çıxmasın...

Ağ gilasdan ləzzətlə yeyib, üstündən bir qurtum soyuq çay da içdim. Çayçıya əlimlə işarə etdim ki, çayı təzələsin, amma o danışdıqca üzümdən təbəssüm çəkilmirdi.

  • Sonra nə oldu?
  • Nə olacaq, Mirzə? Elə bil məni cin atına mindirdilər. Bu camaat da başını aşağı salıb mollaya elə diqqət və maraqla qulaq asırdı ki, elə bil Qurandan "İxlas" surəsini dinləyir. Bəziləri, arada başlarını yelləyib razılıqlarını bildirdikcə, molla da qızışıb söhbətinə davam edirdi. Indi bildim ki, cəhalət, xurafat hardan gəlir...
  • Hardan?
  • Qanmazlığımızdan Mirzə, qanmazlığımızdan, oxumamaqdan, düşünməməkdən. Yas yerində molla elə bilir k, çadırın yiyəsi odur: istədiyini danışa bilər, ancaq mən onun sözünü kəsdim. Özümün axmaq yerinə qoyulmasını istəmədim. "Molla! - dedim, - İki məsələdə böyük qələt elədin. - Hamı bizə maraqla baxdı. Mollasa belə şey gözləmədiyindən  bərəlmiş və donuxmuş gözlərilə mənə baxdı. - Cənnət sənin qonşunun qapısı deyil ki, kəndarında ayaqqabını çıxarıb evə girəsən. Cənnət mal, mülk aləmi deyil, ora ilahi aləmdir, ora saf, təmiz, əməli saleh olan insanların, ruhların aləmidir. Bu sənin birinci qələtin. İkinci qələtinsə odur ki, İdris peyğəmbəri yalançı etdin. Elə bil qonşudan toya getməyə borc çəkmə alıb, indi qaytarmaq istəmir. Cəbrayıl (ə) da uşaq-muşaqdır, Allahın qüdrətli mələklərindən, batin elmindən xəbər verəndir.

Molla vəziyyətdən çıxmaq üçün dedi ki, bəs mən neyləyim? Hədisləri mənə belə yazıb veriblər. Amma, harda yazıb veriblər demədi. Onsuz da bilirəm. Bu ara məni gülmək tutdu. Gülüşümün səbəbini soruşdu.

  • Heç- dedim,  - Molla Nəsrəddinin ayaqqabısı yadıma düşdü. -Danışmaq növbəsi məndə idi. - Molla bir yasa gedir. Ayaqqabısını kəndarda çıxarıb içəri girir. Çölə çıxanda görür ki, ayaqqabısını oğurlayıblar. Bu bir neçə dəfə təkrar olunur. Molla Nəsrəddin ayaqqabı almaqdan bezir. Növbəti yasa gedəndə ayaqqabısını çıxarıb qoltuğuna vurur. İçəridə hamı ondan soruşur ki, Molla, nə məsələdir, ayaqqabını qoltuğuna niyə vurmusan? Molla da cavab verir ki, bilmək olmaz, bəlkə yolum burdan o yana düşdü. - Əlavə etdim- Sən ayaqqabının kəramətinə bax e...e... onun hesabına cənnətdə qalmaq olurmuş. Ona görə də Molla Nəsrəddin ayaqqabısını özü ilə götürübmüş.

Bu dəfə dostum qəhqəhə çəkib güldü... Dostumdan ayrılandan sonra barmağımı dişləyib düşündüm. Elə bil nəyisə kəşf etmişdim: "Ay xətakar, xristianlar, Cənnətə düşməkçün kostyumda, ayaqqabıda dəfn olunurlar. Ona görə bizdən qabaqdadılar. Yəqin sayları orada müsəlmanların sayından da çoxdur. Biz ayaqqabı axtarana qədər, onlar cənnətdəkilərə kəf gəlirlər. Ay, xətakarlar!"

14. 03.19

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]