SON DƏQİQƏ
» » Lənkəran olayları: vertolyotlar havada, meşədə gülləbaran...

Lənkəran olayları: vertolyotlar havada, meşədə gülləbaran...

Tarix:

26-01-2019, 21:32

/ 10 305 dəfə oxundu.
Lənkəran olayları: vertolyotlar havada, meşədə gülləbaran...

Azğın Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi faciə ilə kifayətlənmədi. Həmin vaxt təkcə paytaxtda deyil, ölkəmizin əksər yerlərində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Xüsusən, cənub bölgəsində - Lənkəranda...

Buna görə də yanvarın 26-sı Sovet qoşunları Lənkərana girir. Həmin vaxt 20 yanvar şəhidlərinin matəm mitinqinə minlərlə insan toplaşmışdı. SSRİ-nin hərbi vertolyotları mitinqi dağıtmaq üçün insanların başı üzərində fırlanır, vahimə yaradırdı...

Burada da insanların qətiyyətini görən rus hərbçiləri dinc əhaliyə hədə-qorxu gəlir. Mitinq fəalları şəhərdəki gərginliyin azalması, əhalinin ziyan görməməsi üçün meşəyə çəkilir. Amma qoşun hissələri dərhal meşəni mühasirəyə alaraq, onları güllə yağışına tutur.

Həmin gün meşədə Sovet qoşunları ilə savaşan Lənkəran sakini Hicran Əsədov baş verənləri belə xatırlayır:

“19-dan 20-nə keçən gecə işdən çıxıb evə gəldik. Yeməyimi yeyib, televizora baxırdım ki, veriliş yarımçıq dayandırıldı. Sonra Lənkəran radiosu işə düşdü. Dedilər ki, Bakıda qırğın olub, ruslar camaatı qırıblar.

Mitinqə yığışdıq. Dedilər ki, vəziyyət belədir, Bakıya köməyə getməliyik, kimin evində nə var - ov tüfəngi və s. götürüb, yola çıxaq. Bir az qəribə görünsə də, adam belə məqamda hətta bıçaqla da köməyə getmək istəyir.

Evdəki ov tüfəngini götürüb, gəldim həmin Milli Qərargaha. Xəbər gəldi ki, daha Bakıya getməyə ehtiyac yoxdur. Biz də hazır gözlədik ki, birdən ruslar Lənkərana da gələrlər. Elə oldu ki, rus ordusu Lənkərana vertolyotla endi. Şəhərdə atışmanın qarşısını almaq üçün saat 2-3 radələrində Haftoni kəndində meşəyə gəldik. Ruslar snayperlə öz adamlarından birini vurdu, guya biz vurmuşuq. Halbuki, bizdə avtomat yox idi, ov tüfəngi idi, onunla da vurub bədəni deşmək mümkün deyildi.

Şəhidlərimiz oldu... And içmişdik ki, ölsək də, qalsaq da bir yerdə olacağıq! Silahı yerə qoyub, dayımın yanına gəldim. Dayım yaralanmışdı, can verirdi. Bir də gördüm, başımın üstündə rus hərbçiləri. Bizim əl-qolumuzu bağladılar, dayımın meyiti qaldı maşında.

Axşam bizi döyə-döyə vertolyotlara mindirdilər. Biz 30 gündən çox Ulyanovskda qaldıq. Hər gün bizi yoxlayır, əziyyət verir, iynə vururdular. Bel ağrısı, kəllə-beyin travması almışdım. Hələ də müalicə olunuram”.

Bayramov Mehman da hərəkatın fəal iştirakçılarından olub:

“Hadisələr zamanı 46 nəfər tutuldu. Sinif yoldaşım Tariyel vertolyotda rəhmətə getdi. Əlimiz bağlı idi, istədim dişimlə birtəhər ona kömək edim, məni elə vurdular ki, dişlərim töküldü.

Sonra dedilər ki, sizi Azərbaycandan sürgün edirik. Bizi oradan qatarla Ulyanovsk şəhərindəki həbsxanaya gətirdilər.

Bizi yolda işgəncə verə-verə, yemək, su vermədən, döyə-döyə aparırdılar. Düzü, bilmirdik, taleyimiz necə olacaq. Boğazımıza heyvanı bağlayıbmış kimi kapron ipdən halqa keçirmişdilər, tərpənəndə boğulurduq.

Amma bütün Azərbaycan xalqı ayağa qalxdığı üçün məcbur olub bizi bir aydan sonra azad etdilər. İşgəncələr zamanı kəllə-beyin travması almışam. Əllərimizi arxadan elə bağlamışdılar ki, sol əlim hələ də yaxşı işləmir, ağır yük qaldıra bilmirəm”.

Lənkəran hadisələri həmin vaxt məktəbli olan Hüseyn Cəbrayıloğlunun yaddaşında belə qalıb:

“1990-cı ildə mənim 15 yaşım vardı. 11 yanvarda artıq Lənkəran Xalq Cəbhəsi Moskvanın Qarabağ məsələsindəki mövqeyinə görə yerli hakimiyyət orqanlarını ələ keçirmişdi. Belə deyək, bütün SSRİ Lənkərandan danışırdı. Şəhərdə hər yerdə ov silahları ilə silahlanmış mülki şəxslər vardı.

Biz yanvarın 21-i məktəbdə müəllimlərin Bakıda ordunun günahsız əhalini gülləbaran etməsi barədə söhbətlərinə şahid olduq. Bəzi adamlar telefonla Bakıdan xəbər tuta bilmişdi.

20 yanvardan iki gün sonra Lənkəranda "Şüşəli univermaq" deyilən mağazanın şüşələrinə "Səhər" qəzetinin xüsusi buraxılışını vurmuşdular. Qəzet bütünlüklə faciəni əks etdirən şəkillərdən ibarət idi. Daha sonra gündəlik mitinqlər başladı və 26 yanvar günü daha bir faciə Lənkəranda baş verdi. Həmin gündən başlayaraq səmada dövrə vuran vertolyotlar, Lənkəran şəhidlərinin dəfni və vertolyotlardan səpilən müraciət dolu vərəqlər indi insana ağrılı bir film kimi gəlir...”

Qanlı və şanlı yanvar hadisələrində Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 11 nəfər Lənkəran sakini şəhid oldu. Onlardan beşi - Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı olub.

Bundan bir neçə gün sonra isə daha daha beş nəfər - Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov Lənkəranın Haftoni meşəliyində, Tariyel Abdullayev isə vertolyotda aparılarkən məftillə boğularaq vəhşicəsinə qətlə yetiriliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ