SON DƏQİQƏ

VƏZİFƏPƏRƏSTİN DİLİNDƏN

Tarix:

27-05-2019, 09:28

/ 1 227 dəfə oxundu.
VƏZİFƏPƏRƏSTİN DİLİNDƏN

VƏZİFƏPƏRƏSTİN DİLİNDƏNAĞALAR İDRİSOĞLU

                                            (Satirik hekayə)

- Atam-qardaşım, nə yapışmısız mənim yaxamdan? Bəli, vəzifəpərəstəm. Niyə də olmayım? Bu gün, bu zəmanədə yaxşı pulun, vəzifən yoxdursa, sən heç kimə lazım deyilsən. Sən heç kimsən, atam-qardaşım. Bəlkə elə deyil? Vəzifən yoxdursa, sənin nə dostun var, nə tanışın, nə məşuqən. Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmırlar. Səni saya salmırlar. Sizinkini bilmirəm, mən vəzifədən çıxanda, pulum olmayanda bizim arvad üzünü elə turşudurdu, elə bil rəhmətlik dədəsini mən öldürmüşdüm. Axşam da o söz... Dalını çevirirdi mənə, xorhaxorla yatırdı. Uşaqlar da mənimlə dilucu, xalaxətrin qalmasın deyə danışırdılar.

Hə. Vəzifəsiz olmağın ləzzətini bir dəfə mən də görmüşəm, atam-qardaşım. O vaxtlar vəzifəsiz qaldığım altı-yeddi ayda mən çəkdiyimi heç düşmənimə də arzu eləmirəm... İllərlə mənimlə adicə görüşməkçün növbə gözləyənlər, sağlığıma badə qaldırmaqçün bir-birinə aman verməyənlər, mən vəzifədən çıxandan sonra daha gözə dəymədilər... Hətta “Toplan” adlı itim öləndə yüzlərlə adam yanıma gəlib, itə görə utanmadan baçsağlığı da verdilər. İti tərifləyib göylərə də qaldırdilar. Amma indi özüm “ölmüşdüm” bu köpək uçaqlarından biri də gözə dəymirdi... Heç soruşan yoxdur ki, “ Abdul eşşəyin hardadır”. Ay Allah... Ay Allah... Biz necə unutqan, yaramaz, yer üzünə yaxın qoyulmağa layiq olmayan camaatıq...

... Nə başınızı ağrıdım, köhnə hökumət gedib, təzəsi gələndə on beş naziri işdən hopdum çıxardı. Mən də getdim “çujoy poxmel”. Yəni o hökumətin adamı olsam da, bunun hakimiyyətə gəlməsi üçün dəridən-qabıqdan çıxırdım. Çünki o hökumət işinin öhəsindən gələ bilmirdi. Anarxiya, xaos baş alıb gedirdi... Hakimiyyətə gəlmək istəyən bu biri isə həm səriştəli, həm də mənim eloğlum idi. Fikirləşirdim ki, ətimi yesə də, sümüyümü çölə atmaz. Amma əfsus ki, atdı... Özü də propka kimi.

Vəzifədən çıxarıldığım birinci günü adətimcə tezdən durub yuyundum. Üzümü qırxıb, geyindim. Dedim heç olmasa, bu sürücü zalım oğlu Zahir bir insaflı olar. O da mənimlə bir blokda yaşayır. Bir mərtəbə yuxarıda ev alıb vermişdim ona. Gözlədim ki, indi gəlib qapının zəngini basıb, heç olmasa, soruşacaq ki, “ay müəllim, bəlkə harasa getmək istəyirsiz?” Ya da “sizə nə isə alıb gətirmək lazımdı”... Ayaq səslərindən hiss elədim ki, düşdü aşağı. Çıxdım eyvana. Gördüm ki, mindi maşına, heç başını da yuxarı qaldırıb, mənə salam vermədi. Maşını xoddayıb getdi təzə nazirin dalınca... Hirsimdən başım gicəlləndi. Az qaldım ki, yıxılım, tez tutdum məhəccərdən və öz-özümə dedim:

- Ay dadi-bidad... Bu əbləhi mən gətirib adam elədim. Yetimin biri idi. Bu cür ceyran kimi “Volqa” maşınını, sonra da “QAZ-31”-i verdim ki, sür. Toyunu elədim. Bəylik kostyumunun aldım. Ev alıb verdim.

Yadıma düşdü, bu əbləh oğlu hərdən mənə deyərdi:

- Ağamir müəllim, atam anamı fahişəlik üstündə atıb gedib. Uşaqlıqdan atasız qalmışam. Sağ olun ki, siz mənə ata olduz. Məni kişi elədiz. Ölənəcən sizi yaddan çıxarmaram. Quran haqqı düz sözümdü...

Fikirləşdim ki, ay dadi-bidad... Gör mən necə yanılmışam. Atalar düz deyib: “Fahişədən ancaq belə dəyyus törəyə bilər...”

Bu vaxt şöbə rəislərindən biri Doydaq Saməddin blokdan çıxıb getdi öz maşınına sarı. Əynində mənim plaşım. Cəmi bir dəfə geymişdim. Xoşuma gəlmədi, bağışladım ona. Mənə dayı deyirdi. Şənimə yüzlərcə tostlar, şeirlər qoşurdu. Özü də tez-tez deyirdi:

- Ağamir müəllim, mən altıncı sinifdə oxuyanda atam və əmim haqqında imzasız şikayət məktubu yazmışdım Leninin movzoleyinə. Onları işdən çıxartdırmışdım... Məndən hamıya qarşı hər cür nakişilik, maqislik gözləmək olar... Amma sizə heç vaxt pislik eləmərəm. Siz mənə atamdan da, qohumlarımdan da çox yaxşılıq eləmisiz. Sizin sayənizdə belə vəzifəm var. Sizin sayənizdə özümə ev, bağ, maşın almışam. Özümün biznes işlərimi qurmuşam. Mən bu mərtəbəyə yalnız sizin sayənizdə qalxmışam. Əgər sizə pislik eləsəm, bihörmət iş tutsam, qoy Allah məni əbədilik kor eləsin. Anamın südü haramım olsun.

Öz-özümə dedim:

- Ay dadi-bidad... Bu küçük elə bir az sərxoş olan kimi özü deyirdi ki, məndən hər cür nakişilik gözləmək olar. Bəs mən, burnun ucundan uzağı görməyən başı boş, onun sözlərinin sözaltı mənasını niyə başa düşmürdüm?

Fikirləşirdim ki, sərxoşdu belə deyir. Hətta nazirliyin çoxlu sirlərini danışırdım ona, bacıoğlu kimi... Demə o da mənim danışdıqlarımı ötürürmüş yaxarılara...

Bu vaxt Qara Məhərrəm çıxdı blokdan. Hansı ki, mənim sayəmdə adi işçidən nazir müavinliyinə qədər yüksəlmişdi. Həmişə də mənə deyərdi:

- Sizin kimi xeyirxah, müdrik adam olmasaydı, yəqin indi mən heç kim idim Ağamir müəllim. İndi hardasa it döyürdüm. Sizin yaxşılığınızı unutsam, onda mən kişiliyimi itirmiş olaram. Onda mənə hansı sözləri desəniz, qəbulumdu, Ağamir müəllim.

Hiss elədi ki, mən eyvanda durub ona baxıram, başını qaldırıb Allahın salamını da vermədi mənə. Xidməti maşınına mindi. Sürücü də maşını yelli sürüb getdi.

Fikirləşdim ki, bu Qara Məhərrəmi necə adlandırım. Axı, özü demişdi: “Sizə namərdlik, nakişilik eləsəm, hansı söyüşlə istəsəniz, məni söyün”. Yadıma düşdü ki, bunun arvadının ayağı “sürüşkəndi”. Hətta arvadının anasının da, bacılarının da “xəmiri sıyıqdı”... Qara Məhərrəmin arvadı da həmişə dəridən-qabıqdan çıxıb, min cürə oyunlar qurub ki, mənə yaxın olsun. Amma mən belə işi öz şənimə, kişiliyimə, şəxsiyyətimə sığışdırmamışam. Öz işçimin arvadına pis gözlə baxmamışam. Hətta bir dəfə məcbur olub, Qara Məhərrəmin arvadına bu fıkrimi açıq-saçıq da demişəm. O da bu sözlərimə görə məndən acıq eləyib. Sonra da açıq-saçıq deyib: “Ağamir müəllim, mənim kimi belə gözəl xanımdan, belə gözəl candan istifadə eləmədiyinə, mənimlə kef çəkmədiyinə görə vaxt gələcək peşiman olacaqsan. Çox peşiman olacaqsan. Onda da gec olacaq”... Onun bu sözləri indi yadıma düşəndə başıma bir qapaz vurdum.

- Bu da sənə azdı, Ağamir. Bax, o vaxt əgər sən Qara Məhərrəmin arvadını özünə məşuqə eləsəydin, indi belə də yanmazdın...

Bu vaxt blokdan Ceyran xanım çıxdı. O, bu gün əvvəlkindən də bərli-bəzəkli geyinmişdi. Yəqin özünü təzə nazirə sevdirməkçün... Hiss elədi ki, mən eyvanda dayanmışam. Heç başını qaldırıb yuxarı da baxmadı. Hə... Atam-qardaşım, Ceyran bu hərəkətilə ürəyimin başına elə köz basdı ki, lap infarkt elədi məni. Gözlərim qaraldı... Qulağımda onun gecələr intim vaxtlarımızda həzin, lirik səslə dediyi bu sözlər cingildədi:

- Mənim bəyim, sahibim, ömrüm-günüm... Can yoldaşım... Sənsiz bu dünyada yaşaya bilmərəm. Danışıb gülmərəm. Hicrandan ölərəm, ölərəm...

Hicrandan da ölmədi Ceyran xanım. Bu gündən təzə nazirçün doğuldu. Bu gündən yəqin ki, bu sözləri, bu mahnını təzə nazirçün oxuyacaqdı Ceyran xanım...

Bu vaxt bir xarici, bahalı maşın gəldi. Ceyran xanım nazlana-nazlana mənə “yandı-yandı” verə-verə həmin maşına minib getdi... Ay dadi-bidad... Səni qəhr olasan dünya!.. Ceyran da mənə nankor, naxələf çıxarmış... Dağılasan belə dünya, necə ki, dağılırsan... Mən ki, vəzifədən cəmi bir gündü çıxmışam. Ağ atın belindən cəmi bir gündü düşmüşəm. İlahi, adamlar niyə belə nankor, nanəcib, namərd, naxələf, bişərəf olurlar? Bu nə dünyadı? Bu nə zəmanədi İlahi?..

... Beləcə mənim çörəyimlə kişi olub, kişi cərgəsinə, arvad olub arvad cərgəsinə qarışanlar bir-bir binadan çıxıb, getdilər işə. Mən də papirosu-papirosa calayıb heykəl kimi durdum eyvanda. Yada saldım olub-keçənləri... Təmənnasız xidmətlərimi. Əvəzini gözləmədən verdiyim tonlarla çörəkləri... Pulsuz-parasız vəzifəyə yüksəltdiyim adamları...

... Beləcə üç ay ötdü, atam-qardaşım. Çıxdım hamının yadından. Düşdüm hamının dilindən, nəzərindən. Unuduldum bir sinif kimi. Arvad, uşaq tənəsi də bir yandan. Arvad zalım qızı da yağsız araba təkəri kimi əcaib-qəraib səslə elə hey deyinir, məni yamanlayırdı:

- Budu sənin çörək verdiyin adamlar? Budu sənin yaxşılıq etdiklərin? Budu sənin çörəyinin duzu? Get, ağlın tökülsün... Milyonları xərclədin onlara… Axırı nə oldu?.. Kim qədrini bildi? Kim qiymət verdi sənin xeyirxah işlərinə?.. Elə bilirdin sənə qızıldan heykəl qoyacaqlar? Həy...

İllərlə mənimlə çörək kəsən, mənə həmişə “qardaş”, “ata”, “əmi” deyən keçmiş dostlar da harasa “buxarlanmışdılar”… Bir köpək oğlu zəng vurub soruşmurdu ki, Ağamir ölmüşəm ya qalmışam? Bir yandan da keçmiş işçilərim, hər gün səhər işə gedəndə və axşam işdən gələndə mənə belə “qan uddururdular”…

Gördüm yox. Bu binada qalsam, ürəyim partlayacaq. Xosunvay olacam. Dərd məni öldürəcək. Hər dəfə məni belə tez unudan namərd, köhnə işçilərimi görəndə, gedib o dünyalıq olub gəlirdim... Ona görə də o binadakı bərli-bəzəkli, geniş, yaraşıqlı evlərimi dəyər-dəyməzinə satıb, köçdüm başqa yerə. Ancaq vəzifəsiz də dözə bilmirdim... Bərli-bəzəkli kabinetim, rəngbərəng telefonlar, o yaltaq sifətlər, eyş-işrət məclisləri tez-tez yuxuma girirdi, atam-qardaşım. Hövlnak yuxudan ayılırdım, görürdüm ki, evdəyəm, yanımda da keçmiş məşuqələrim yox, arvad zalım qızı uzanıb. Az qalırdı başıma hava gəlsin. Gördüm yox, belə yaşamaq mümkün deyil. Belə getsə tezliklə ürəyim partlayacaq. Xosunvay olacam... Onu da yaxşı bilirdim

ki, indiki hökmdar da pulu, rüşvəti, yaltaqları, ona məddahlıq eləyənləri çox sevir. Bir ay get-gəldən sonra özümü birtəhər dürtdüm ey onun qəbuluna. Yalvar-yaxar girdim yanına...

… Hə, atam-qardaşım, mən də qoşuldum axına, unutdum kişiliyi, təmiz adı, vicdanı, qeyrəti, namusu. Açdım sandığı, tökdüm pambığı...

Köhnə iqtidar haqda nə gizli, xalq bilməyən sirlər, nə əməllər vardısa, açdım hamısını qoydum ortalığa. Sənə zarafat gəlməsin, mən köhnə iqtidarda əsas aparıcı nazirlərdən biri idim. Bütün dövlət sirlərini, gizli planlarını yaxşı bilirdim. Bir az da üstünə əlavələr eləyib dedim təzə hökumətə. Hətta onu da dedim ki, kimi nəyə görə tutmaq olar, kimin nə günahları var, kimin hansı xarici banklarda nə qədər pulları var. Kim hansı ölkənin şpionudu. Kimin harda malı, mülkü var. Kimlər- kimlərlə oturub-durur... Əlqərəz xoruz səsi eşitməyən xəbərlər… Sonra da diz üstə çökdüm qarşısında təzə iqtidarın, təzə hökmdarın və başladım ağlamağa, yalvarmağa... Bir yarım saat ağlayıb, sıtqayıb, yalvarandan sonra gördüm kişinin sifəti dəyişdi. Başladı gülümsünməyə. Dedim, Allah, sənə min şükür. Deyəsən yönü bəridi. Mənə diqqətlə baxıb dedi:

- Sən ki, hər şeyi belə açıq-açığına dedin, xoşum gəldi səndən. Yaxşı, bağışladım səni. Keçdim günahlarından. Bir babat iş də verəcəm sənə. Yaxşı vəzifən olacaq. Amma bu gündən sonra gərək mənə işləyəsən.

- Nə desəniz, hazıram Əlahəzrət. Ey yer üzünün günəşi, - deyə sevincdən ağladım.

- Bizim bu söhbətimizi heç kim bilməməlidi. Soruşan olsa de ki, elə-belə getmişdim yanına. Heç bir söhbətimiz olmayıb. Heç səni guya mən, qəbul da eləməmişəm. Sonra da bir müxalifət partiyası, bir müxalifət yönlü qəzet yarat. Maliyyə sarıdan korluq çəkməyəcəksən. Ara-sıra məni də yüngülvari tənqid elə. Qoy başa düşməsinlər ki, mənə işləyirsən. Bu da bir siyasət oyunudu ay uşaq. Sizin əvvəlki bədbaxt hökumət bunu bilmədiyinə görə çox yaşamadı...

- Baş üstə. Öl desəniz, ölərəm, qal desəniz, qalaram. Həmişə sizə sadiq olmağıma and içirəm, Əlahəzrət. Ey yer üzünün Allahı.

- Özün bil. Sadiq olmasan, özündən küs. Bayaqdan danışdıqlarının hamısı çəkilib və lentə yazılıb...

- And içirəm sizə, ey Böyük Şəxsiyyət. Həmişə sizə sadiq olacam. Axı mən o biri iqtidarın komandasında olsam da, sizin gəlişinizçün çox çalışmışam. Bunu sizinkilər də yaxşı bilir...

- Hamısmı deyiblər mənə. Elə ona görə də səni qəbul elədim... Özüm də bu altı-yeddi ayda səni nəzarətdə saxlatdırmışdım ki, görüm neynirsən. Kiminlə çaşqa-loşkasan. Kiminlə görüşürsən...

- Sizin hər sözünüz bundan sonra mənimçün qanundu, ey Böyük Hökmdar. Lap Quran ayəsi, ən müqəddəs səmavi kitablar kimi. Nə əmr versəniz, canla-başla eləyəcəm. Öl desəniz öləcəm, qal desəniz qalacam. Nə vaxt desəniz, əmr eləsəniz bir qul kimi qəbulunuzda hazıram.

- Daha bura gəlib-getməyin lazım deyil. Müxalifət yatmayıb. Tükü-tükdən seçir... Bir tərəfdən də xarici səfirliklər,.. Xarici kəşfiyyat... Olar da quçu gözündən vururlar.

- Başa düşdüm...

- Amma nə lazımsa, mənim adamlarım gətirib sənə çatdıracaqlar. Kimi söymək, kimi tənqid eləmək, kimi xalqın gözündən salmaq... Nə isə, hər şeyi sənə yerli yataqlı deyəcəklər... Gedə bilərsən!

Kişiyə bir daha etibarını göstərməkçün cani-dillə təzim eləyib otaqdan çıxdım. Özü də daldalı...

...İlahi, sənə min şükür. Onda deyirlər ki, su gələn arxa bir də gələr. Yadıma saldım köhnə işçilərimi. Ağız-burnumu çeynəyə-çeynəyə dedim:

- Ax, köpək uşaqları... İndi görün mən sizin ananızı... Hə, atam-qardaşım, indi təzə partiya yaratmışam. Bütün qohum-əqrəbamın, iy dəyənlərimin hamısmı eləmişəm həmin partiyanın üzvü. Hərəsinə də bir dükandan, şadlıq evindən, benzin doldurma məntəqəsindən... canım sənə desin, hardan ki, yaxşı pul çıxır, açıb vermişəm, işlədirlər. Mənim haqq-hesabımı da vaxtlı-vaxtında gətirib çatdırırlar. Yaxşı bir ad da qoymuşam partiyaya: “Vətən ağrıları”. Eyni adlı bir qəzet də, sayt da, televiziya da təsis eləmişəm. Yaxşı bir vəzifəm də var. Bu seçkidə də Millət Vəkili olacam... Kişi özü söz verib. Adımı da müxalifətçi kimi siyahıya saldırıb. Hə, atam qardaşım, indi tutmuşam həyatın nəbzini. Bolluca rüşvət alıram. Vəzifələrə adam da qoydururam. Vəzifələrdən adamlar da çıxartdırıram. Doydaq Saməddindən də, Qara Məhərrəmdən də, Ceyrandan da hayıfımı almışam. Hamısını işdən çıxartdırmışam. Deyirlər indi Ceyran barlarda “it döyür”. Hətta Qara Məhərrəmin arvadına, arvadının bacılarına da kişiliyimi lazım olan səviyyədə “sübut eləmişəm”... İndi Qara Məhərrəmin arvadı dərdimdən dəli-divanədi. Özünü də, bacılarını da partiyanın üzvü eləmişəm. Hətta Qara Məhərrəmdən də ayırmışam və ayrıca villa alıb vermişəm yaşayır orda. Hər gecə özü də, bacıları da məni səbirsizliklə gözləyirlər… Dəyyus Qara Məhərrəm isə indi küçədə veyil-veyil gəzir.

Müxalifətdən, iqtidardan da kimi söymək, kimi millətin gözündən salmaq, baykot eləmək, hansısa xarici ölkənin şpionu eləmək lazımdısa, kişi xəbər göndərir, mən də qara-qışqırıq, haray-həşir salıram. Əvvəl öz qəzetim, sonra da başqa qəzetlər, saytlar, radiolar, televiziyalar başlayır mənim sözlərimi yazmağa, deməyə. Sonra bir qrup adamlar ki, əlimin altında saxlayıb, pul verirəm, onlar da başlayır mənimlə həmrəy olmağa. Sonra da kütlə qarışır bizə... Başlayırıq mitinqlərə, küçə yürüşlərinə, səfırliklərin qarşısında çıxışlara. Hamı başlayır mənim sözlərimi deməyə... Ona görə də indi məmləkətdə olmuşam millətçün yanan-dönən beş kişidən biri. Tutmuşam həyatın nəbzini, qarışmışam axına. Yoxsa nə kişilik, nə qeyrət, nə Vətən dərdi, nə millət dərdi. Bunlar hamısı boş kitab, qəzet sözləridi atam qardaşım. Vəzifə hər şeyi əvəz eləyir. Hətta, canım sənə desin, kişiliyi də, qeyrəti də. Vəzifəyə görə lap yeri gəlsə, Vətəni də, torpağı da, milləti də sataram. Çünki mən, vəzifəsiz olanda, gördüyümü görmüşəm...

Məgər mənə qalıb bu millətin dərdi-səri?.. Hamısı boş şeydi. Təki vəzifən, yaxşıca pulun olsun. Bir də arxanda dayanan bir uca, möhtəşəm dağ olsun. Hansı ki, ona söykənib istədiyini eləyə biləsən. Qalanları hamısı öz-özünə düzələcək.

İndiki zəmanədən baş çıxarmağın yeganə üsulu budu, atam-qardaşım!..

 

Dərbənd şəhəri, 10 avqust, 1999-cu il

скачать dle 12.1

Şərhlər