Aşotun aktı, Şotonun faktı

 

İlyas Qəmgin (Allahverdiyev) peşəkar jurnalistdir. Uzun müddət “Kommunist”, “Gəncə kommunisti” qəzetlərində, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində işləmişdir.

Başı bəlalar çəkmiş torpaqlarımızın ağrıları, yurd uğrunda, Azərbaycanımızın sabahı uğrunda mübarizə aparan insanların hiss və həyəcanları yazıların başlıca mövzularıdır. İlyas Allahverdiyevin 1960-70-ci illərdə dövri mətbuatda çap olunmuş felyetonları indiki dövrdə də aktual səslənir:

Şoto meydan sulayan pəhləvan kimi nərə çəkdi, elə bağırdı ki, qonşu otaqlarda şirin-şirin işləyənlər dik atıldılar. Şotonun səsi təkcə onları yox, Köhnəkənd kənd camaatını ayağa qaldırdı. Uşaqdan böyüyə hamı sədrin harayına gəldi. Heç kim bu nərənin səbəbini Şotodan soruşmağa ürək eləmədi. Kəndin ağsaqqalı, hamının hörmət etdiyi kənd ispolkomu Aşot Arakelov irəli yeriyib:

- Nə olub yenə, ay Şoto, səsin-küyün aləmi götürüb.

- Nə olacaq, pişik nəmiyə dadanan kimi hansı köpək oğlusa, bu kassadan əl çəkmir. Keçən səfər gəlib iki min beş yüz manatı aparıb. Özün bilirsən də səs-küy çıxarmadım. Birtəhər ört-basdır elədik. İndi də düz dörd min manat, ay Aşot, bu, köhnə pulla qırx min manat eləyir. Qırx min!

- Ay uşaqlar, nə durmusunuz, tez milisə xəbər verin!

- Yox, yox, Aşot dayı, lazım deyil, hələ səbr elə. Deyəsən ev oğrusu özümüzdəndir.

Aşot kişi üzünü camaata tutub:

- Ay uşaqlar, çıxın gedin, elə bir şey yoxdu, - dedi.

Hamı dağıldı. İçəridə Aşot ilə Şoto qaldı.

Şoto öz rolunu əla ifa etdiyindən özü də razı qaldı. Otaqda var-gəl eləməyə başladı. Bütün bunlar isə Aşotun sərraf gözlərindən yayınmadı, narahat halda köksünü ötürüb, üzünü sədrə tutdu:

- Şoto, heç yaxşı iş görmürsən, ayıbdır, belə hərəkət sənə yaraşmaz. Kefi kök, damağı çağ yaşayırsan, amma elə iş tutursan ki, uşaq da belə eləməz. Bununla ikinci dəfədir ki, kassanı yarıb səs-küy salırsan.

Bu sözləri eşidən Şoto ciddiləşdi:

- Bura bax, Aşot, sən deyəsən həddini aşırsan!

- Həddini aşan mən deyiləm, sən özünsən. Nə vaxta qədər bu cür çirkin əməllər işlədəcəksən? Sənə çox güzəşt gediblər, amma sən bildiyini babana da vermirsən.

- Bura bax, nə iş görmüşəm, əlində sübutun, faktın var, yoxsa havadan danışırsan?

- Fakt bir olsa, beş olsa dərd yarıdır. Sən cinayət xarakterli faktların içində batıb qalmısan. Heç uzağa getməyək. Elə götürək Qriqori Aramovu. Qrişa kimdir? Martuni rayonunda bir fermanı yerli-dibli batırdı. Ona əməlli-başlı qulaqburması verdilər. Yadındadırmı, həbsdən gələn Qrişanı heç evlərinə getməyə qoymadın. Göndərdin bura, aldın qanadıyın altına. Yekə bir fermanı tapşırdın ona. Dadanan durmaz deyərlər. Belə işlərdə usta olan Qrişa qurd sürüyə cuman kimi özünü verdi qaramal fermasına. Bu yandan vurdu, o yandan çıxdı, o yandan vurdu, bu yandan çıxdı. Bir vədə duyuq düşdük ki, ferma fermalıqdan çıxıb. İri malları başladı xırdalamağa. Naxırçı Səhmandar Səhmandarovla əlbir olub yüz qırx baş inəyi göndərdilər o dünyaya.

- Pis işlədi, cəzasını da verdik.

- Çox sağ ol, lap yaman cəza verdin, qanadını gərdin üstünə, havadar çıxdın, qoymadın güdaza gedə. Atalar demişkən, bığdan götürüb saqqala caladın, muradına yetişən Qrişa qırsaqqız kimi yapışdı qoyun fermasından, dörd yüz iyirmi

iki baş qoyunu həzmi-rabedən keçirməyincə ordan qopmadı. İndi də heç pis deyil, yağlı yerə - mal fermasına hesabdar qoymusan.

Söhbətin şirin yerində qapı taybatay açıldı. Vartan Vartanyan ərköyün adamlar kimi icazə almadan özünü içəri təpdi. Şoto onu görcək əli ilə çıxmaq işarəsi verdi. Vartan onun nə demək istədiyini dərhal anladı və yavaşca qapıdan sivişdi. Aşot kirvə bir qədər duruxdu. Sonra mülayim bir tərzdə dilləndi:

- Elə bu Vartanyandan danışaq. Səlahiyyəti çatmadığı halda bir naxır qaramala, xeyli donuza, yarım sürü qoyuna, quşa ölüm aktını kim yazıb? Vartanyan baytar feldşerinin bu qanunsuz “ölüm aktlarını” kim təsdiq edib? Sən özün! Bu əməlin üstündə rayon xalq nəzarəti komitəsi onu işdən götürəndə kolxozçular adından saxta protokolla “qərar” tərtib eləyib, müdafiə edən kim oldu? Sən özün! Kolxozun bir camışını, bir cöngəsini aparıb Daşburunda ət tədarük məntəqəsinə filan qədər pula kim satdı? Vartan! O, yaxalanarkən onun harayına kim qabaqca şütədi? Sən özün! Gah mala müdir, gah həkim, çıxdı oldu hesabdar, çıxdı, gətirib qoydun baş həkim.

- Sən də lap ağ eləyirsən, balam, məndən nə istəyirsən? Axı, sənə kim ixtiyar verir ki, məni sorğu-suala tutursan? – deyə Şoto hövsələdən çıxdı.

- Mən bunları bu kəndimizin bir ağsaqqalı kimi, bir vətəndaş kimi deyirəm. Mənim buna haqqım var, - deyə Aşot qürurunu pozmadan cavab verdi.

- Sən yaxşı ağsaqqal olsan mənə kömək edərsən, Aşot, bir başa düş, axı biz yad deyilik, ikimiz də erməniyik.

- Bunun mətləbə dəxli yoxdur. Onu bil ki, cidanı çuvalda gizlətmək olmaz.

- Uşaq olma, bu lələşin – deyə o, əlini sinəsinə qoydu, - cidanı elə gizlədib ki, heç iyini-tozunu da bilən olmayıb.

- Səhvin var, əgər bilən olmasaydı, keçmiş əməllərinizin üstündə sədr Xaçik Xaçikyanla birlikdə ikicə il həbsxananın küncündə yatmazdın.

- Sağ olsun dostlarımız!

- Əlbəttə, sağ olsunlar, gətirib səni bu boyda kolxoza rəhbər qoydular, elə bildilər ki, ağıllanmısan, amma bilmirlər, bilsələr də üstünü vurmurlar, sən də atını belədən-belə səyirdirsən.

- Atalar məsəlidir deyərlər: keçini keçi ayağından, qoyunu qoyun ayağından. Mən ki, bir iş görməmişəm, - deyə Şoto cavab verdi.

- Xeyr, sən çox oyunlardan çıxmısan, sən o qədər həddini aşmısan ki, amma eşitməmisən ki, el çalan zurnanın səsi uzağa gedər. Bilmirsən ki, camaatın örüşdə otlayan dilsiz-ağızsız mallarını güllə ilə vuranda, dağda Pəri çınqılında (İstisuda) bir naxır inəyi satdıranda, bir maşın ağ dəmiri göndərib Cəbrayıl rayonunda satdıranda, qış otlaq yerinə pambığı əkdirəndə, əkin yerini Mardakertə əkmək üçün satanda, zootexnik, mühasib və təftiş komissiyasının sədrilə donuzları satıb pula çevirəndə, bağların məhsulunu “yoxa” çıxaranda, əmək günlərinin uçotunu pozduranda, düz adamları kənddə didərgin salanda, ferma müdirləri ilə yerdəyişmə oyunu oynayanda (az vaxtda üç-dörd dəfə dəyişdirilib), keyfiyyətsiz və əliəyriləri iş başına qoyanda bəs bilmirdin ki, kolxoz üzülüb əldən gedəcək?!

Şoto qəzəbindən elə göy kimi guruldayıb, şimşək kimi çaxmaq istədi ki, amma bacarmadı. Aşot kirvə, necə deyərlər, onun dimdiyindən elə ilişdirmişdi ki... Ancaq pişik arxasını yerə verməyən kimi Şoto da Aşotun dediyi ciddi faktların qarşısında

təslim olmaq istəmirdi. Qapının yenidən açılması söhbətə bir az ara verdi. Mühasib Zaven Qalustyan sədrə yaxınlaşıb dedi:

- Şoto qağa, bunu təsdiq elə, iyirmi dörd nömrəli formadır, rayondan istəyirlər.

Şoto tərs-tərs Zaven Qalustyana elə baxdı ki, yazıq dediyinə də peşman oldu. Dinməz-söyləməz qapıdan çıxdı. Aşot kirvə bayaqkının əksinə olaraq, ciddi bir tərzdə səsini ucaltdı:

- Formanı rayona nə üzlə göndərirsiniz, məgər formalarda mal-qara qalıb ki?..

- Niyə qalmayıb. Məgər fermada ölüm-itim olmaz?

- Olar, amma bu qədər yox, oğurluq-əyrilik olmasa fermada mal əskilməz, əksinə, çoxalar. Amma siz fermaların lap kilidini kəsmisiniz, axırına çıxmısınız. Əyri oturaq, düz danışaq, mal qalmadı, qoyun qalmadı, itən itdi, itməyənləri də sən itirdin.

Elə bu sözlər Aşotun ağzından çıxan kimi Şoto dəlicəsinə bir nərə çəkdi. Rayondakı “Şərq” kolxozunun üzvləri bir göz qırpımında sədrin harayına gəldilər. İçəri dolmuş camaat bir az bundan əvvəl pəhləvan kimi nərə çəkən Şotonu taqətsiz halda kresloda büzüşən gördülər. Hamı bir-birinin üzünə baxdı. Bütün nəzərlər fırlanıb Köhnəkəndin sovet sədri, “Əmək qəhrəmanı” Aşotun üzündə dayandı. Kişi haqq sözü ilə özünü aslan hesab eləyən Şotonun yaralı yerinə toxunmuşdu, özü də bərk toxunmuşdu. Şotonu nərə çəkməyə məcbur edən onun çirkin əməllərinin səsi idi. İndi görəsən kolxoz sədrinin bu “nərəsi” rayon rəhbərlərini oyadacaqmı?

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]