SON DƏQİQƏ

DÜNYA BELƏ DÜNYADI

Tarix:

28-04-2017, 00:14

/ 5 113 dəfə oxundu.
DÜNYA BELƏ DÜNYADI

Elə adama rast gəlməzsən ki, dünyadan gileylənməsin. Əslində dünyanın nə günahı var ki?!... Sadəcə Uca Rəbbimizin bu dünyada bizə bəxş etdiyi gözəlliklərdən tam anlamında istifadə edə bilmirik və ya haqqımızı kimlərəsə "qurban" veririk və sonra da başlayırıq gileylənməyə...Ətrafımda olan insanların giley-güzarı məni çox düşündürür. Ona görə də, çoxdan yazdığım bu şeiri paylaşmağı qərara aldım.

Məmməd Araza


Alimindən nadanı çox, naşı çox.
Çiçəyindən kəsəyi çox,daşı çox.
Aydı, Gündü, hər nədisə yaşı çox,
Küsmə ustad, dünya belə dünyadı.


Hərdən söylən, hərdən hirslən, qız ara.
Üz qaldımı həyasından qızara?
Dərd anlayan məsum oğlan, qız ara,
Küsmə ustad, dünya belə dünyadı.


Sən gördüyün ədəb-ərkan dəyişib,
Dostlar vardı düşmən olub küsüşüb.
Bazarında it də qiymətdən düşüb,
Küsmə ustad, dünya belə dünyadı.


İndi daha brend küçüklər gəlir,
Bərbəzəkli, rəngli cütlüklər gəlir.
Sözü ötkəm, əli ütüklər gəlir,
Küsmə ustad, dünya belə dünyadı.


At demişkən at nəyinə gərəkdir.
Arat eylə, şumu çəkdir, yer əkdir.
Bostanların hibrid göyərdəcəkdir,
Küsmə ustad, dünya belə dünyadı.


Toxum itib, ya mayası ayrı cür,
İnsan Haqqa olub asi, ayrı cür.
Toyu toydur, hələ yası ayrı cür,
Küsmə ustad, dünya belə dünyadı.


Ağ divləri cırtdanlara uduzdu,
Heç bilinmir kim suçludu, suçsuzdu.
Dəhnəsində əjdahalar susuzdu,
Küsmə ustad, dünya belə dünyadı.


Köhnə sazdır, köhnə hava çaldığı,
Bir verəndə beş də olur aldığı.
Məmməd deyil təkcə yola saldığı,
Küsmə ustad, dünya belə dünyadı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ