SON DƏQİQƏ

"İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm olmayıb"

Tarix:18-09-2020, 15:35 Oxunub:4 560

İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bu gün ilk mətbuat konfransını keçirib.

Avrasiya.net xəbər verir ki, səfir əvvəlcə iki ölkə arasındakı münasibətlərdən söz açıb. Bildirib ki, heç bir digər ölkə ilə sizinlə olan qədər bağlar yoxdur: "Bu bağlar imkan verir ki, mən özümü Azərbaycanda qərib hiss etməyim. Mən bu bağların hamısını sadalamaq istəmirəm. Siz bunları yaxşı bilirsiniz" .

O bildirib ki, iki ölkənin başçıları arasında çox yaxşı münasibətlər mövcuddur:

"İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm və yaxın olmayıb. Mən belə bir şəraitdə ölkənizdə səfir olaraq fəaliyyətə başlamışam”.

Səfir Azərbaycan Prezidenti ilə çox yaxşı bir görüşünün olduğunu xatırladıb:

"Bu, çox səmərəli və səmimi görüş idi. Cənab İlham Əliyev həm ikitərəfli, həm regional, həm də beynəlxalq əməkdaşlığımızı bilir. Cənab İlham Əliyev iki ölkənin münasibətlərinin yaxşınlaşmasında çox böyük iradəyə malikdir”.

A.Musəvi iki ölkə arasında iqtisadi əməkdaşlığa da toxunub

Bildirilib ki, bizim iqtisadi sahədə 30-a yaxın layihəmiz var. Onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bunlar kənd təsərrüfatı, enerji, tibb və digər sahələrə aid layihələrdir.

O qeyd edib ki, yaxın vaxtlarda iki ölkənin prezidentlərinin və müvafiq nazirlərinin iştirakı ilə videokonfrans keçirilməsi planlaşdırılır: "Bu ilin martında Azərbaycan Prezidentinin İrana səfəri gözlənilirdi. Ancaq pandemiya səbəbindən bu səfər baş tutmadı. Bu videokonfrans da həmin səfərin əvəzi olaraq baş tutacaq. Biz gözləyirik ki, bu videokonfransdan sonra iki ölkənin münasibətlərində böyük sıçrayış baş verəcək”.

Səfir bildirib ki, bundan əlavə İran tərəfi üçtərəfli və dördtərəfli formatlarda da görüşlər keçirməyə çalışır: "İran, Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş də pandemiya səbəbindən baş tutmadı”.

Daha sonra səfir jurnalistlərin suallarını cavablandırıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi, İran-Ermənistan münasibətlərindən söz açılıb.

Musəvi bildirib ki, İran və Azərbayacan arasında münasibətlər nümunəvidir. Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və Azərbaycana xüsusi hörmət bəsləyirik.

Səfir qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi siyasi əlaqələrin səviyyəsində deyil:

"Mən çalışacam ki, iqtisadi əlaqələrimizin səviyəsi də siyasi əlaqələr səviyyəsində olsun. Çünki bunun üçün böyük potensial mövcuddur”.

Səfir vurğulayıb ki, iki ölkə arasında yaxın münasibətlərin çoxlu düşməni var.

"İki ölkə arasında münasibət bir gecədə yaranmayıb ki, şayiələrə görə də zədələnsin.

Biz Ermənistanla da adi qonşuluq münasibətlərinə malikik. İran heç bir vəcdlə icazə verməz ki qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün. Mən İranda olarkən bunu araşdırdım. İran ərazisindən Ermənistana hər hansı silah və texnikanın daşınmasın qətiyyətlə təkzib edirik”, - səfir əlavə edib.

İranın işğal olunmuş Azərbaycan torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejimi ilə əlaqələrinin olmasına, Dağlıq Qarabağa TIR-larla yük daşınmasına dair sualı cavablandıran səfir deyib:

"Bir məsələni açıq şəkildə sizə deyim: Bilirsiniz ki, İranın torpaqları bir müddət işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. Mən özüm 14 yaşında idim. Qeyrətim yol vermədi və bizim ölkəmizi işğal edən ölkə ilə müharibəyə getdim. Buna görə də işğal və işğal olunmuş torpaqlar İran üçün qırmızı xəttidir. İran İslam Respublikasının hansısa şirkəti, hansasa yük maşını Ermənistana səfər edibsə də, onun Dağlıq Qarabağa səfər etməsinə heç bir haqqı yoxdur".

Səfir onu da deyib ki, sosial şəbəkədə yayılan videolarla əlaqədar onu deyim ki, mən də səfir təyin olnmazdan qabaq sizinlə həmkar idim. Siz buna etina etməyin və buna ehtiyatla yanaşın. İranlılar yaxşı bilirlər ki, heç bir halda Dağlıq Qarabağla əlaqələrə malik ola bilməzlər.

"Bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çox önəmlidir. Biz bunu Azərbaycanın haqqı hesab edirik ki, sülh və beynəlxalq qanunlar yolu ilə öz torpaqlarını işğaldan azad etsin. İran bundan əvvəl də bəyan etdiyi kimi, bu münaqişənin həlli üçün köməklik göstərməyə hazırdır. Əgər hər iki tərəf istəsə, bizim bu münaqişənin həlli üçün çox yaxşı layihələrimiz var. Çünki regionun daha bu münaqişələri çəkməyə taqəti yoxdur. Amma bu elə olmalıdır ki, Azərbaycan öz haqqını əldə etsin”, - səfir qeyd edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<