SON DƏQİQƏ

Türkiyə-Aİ danışıqlarında yeni çatlar

Tarix:

29-06-2018, 09:46

/ 10 266 dəfə oxundu.
Türkiyə-Aİ danışıqlarında yeni çatlar

Avropa Ərdoğanın qələbəsini həzm edə bilmir

Türkiyənin Avropa İttifaqına üzvlük üçün apardığı danışıqlarda yeni çatlar əmələ gəlib. İyunun 26-da Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrdə müşahidə olunan neqativ tendensiyalara görə Türkiyənin Aİ-dən getdikcə uzaqlaşdığı, bu səbəbdən birliyə daxil olmaq üçün rəsmi Ankara ilə aparılan danışıqların dalana dirəndiyi barədə açıqlamanın verilməsi tərəfləri üz-üzə qoyub.

Türkiyə tərəfi artıq məsələyə sərt reaksiya verib.

Avropa İttifaqı Şurasının Türkiyənin quruma üzvlüyü ilə bağlı mövqeyi ikiüzlü və əsassızdır.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əks olunub.

Bildirilib ki, Aİ Şurasının 26 iyundakı iclasında qəbul edilən sənədlərin Türkiyə ilə bağlı hissəsi ittifaqın Ankaraya qarşı qərəzli və qanuni idarəçiliklə uzlaşmayan mövqeyini əks etdirir.

“Həmin sənədlərdə ölkəmizin üzvlüyə namizədlik statusuna xələl yetirilməklə yanaşı, ”Avropa İttifaqının genişlənməsi" bölümündə qoşulma müddətimizin sonrakı prosesinin məntiqsiz bir səbəb-nəticə əlaqəsi üzündən yeni şərtlərə bağlanmasını heç bir şəkildə qəbul etmirik", - deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

Həmçinin o da qeyd olunub ki, həm Türkiyə, həm də Aİ-nın maraqlarına xidmət edəcək Gömrük İttifaqı üzrə əməkdaşlığın yenilənməsinin şərtlərlə əlaqələndirilməsini anlamaq çətindir.

Ekspertlər 24 iyun seçkilərindən sonra Aİ-nin belə sərt mövqe tutmasının təsadüf olmadığını, yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın qalibiyyətinin Avropa tərəfindən həzm edilmədiyini qeyd edirlər. Türkiyəni bu cür təzyiq vasitələri ilə özlərinə tabe etmək cəhdlərinin olduğu da vurğulanır.Türkiyə-Aİ danışıqlarında yeni çatlar

 

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Türkiyə və Avropa Birliyi son onillikdə bir-birindən xeyli dərəcədə uzaqlaşıblar: “İnsan haqları və demokratiya daima Qərbin əlində bir ölkəni sıxışdırmaq üçün vasitə olub və ondan bu gün Türkiyəyə qarşı istifadə edirlər. Halbuki həmin Türkiyə dünyada insan haqlarının ən böyük himayəçilərindən biridir ki, 3 milyon suriyalı qaçqına öz ölkəsində yer və vətəndaşlıq verib. Türkiyə bir sədd kimi qaçqın axınının qarşısında dayanaraq, Avropanı miqrant selindən qoruyub. Xatırlayıram, 2016-cı ilin may ayında İstanbulda Beynəlxalq Humanitar Forum keçirildi. Azərbaycan prezidenti də orada fəal iştirak etdi. BMT-nin baş katibi də orada çıxış etdi. Amma Merkel istisna olmaqla, insan haqlarından danışan heç bir Avropa Birliyi ölkəsinin lideri orada iştirak etmədi. Əgər insan haqları ümumbəşəri dəyərdirsə, niyə Avropa liderləri orada yox idi? Ona görə ki, bu cür mötəbər tədbiri Türkiyə təşkil etmişdi. Onlara Türkiyənin insan haqları qayğısına qalan dövlət obrazı sərf etmirdi. Onlar Türkiyəni barbar dövlət kimi göstərməyə çalışır, onun heç bir demokratiya və insan haqlarına cavab verən tədbirdə adının yaxşı mənada hallanmasını istəmirlər. Avropa tarixçiləri Osmanlını da bu cür gözdən salmağa çalışıb, indi də bu işi Avropa Birliyindəki dövlətlər davam etdirir. Halbuki, Osmanlı insan haqları sahəsində dünyada ən humanist imperiyalarından olub. Ərdoğan prezident seçiləndə onu ilk təbrik edən Macarıstan oldu. Nəyə görə? Avropanı fəth edərkən Macarıstanın bir hissəsini tutan türklər orada əhalini öz xristian krallarının zülmündən xilas edib. Bir neçə il vergi almayıblar ki, tayfalararası müharibələrdən və ağır vergilərdən cana doyan əhali özünə gəlsin. Osmanlı imperiyası insan haqlarını qoruyanda Avropada insanları mütərəqqi baxışlarına görə inkvizisiya təqib edir, dini ayrı-seçkilik zəminində katolik və protestantlar əsrlər boyu bir-birini amansızlıqla öldürürdü. Türkiyənin insan haqlarının qorunması sahəsində böyük təcrübəsi var. Avropa Birliyi bəyanat verməklə bu iş olmaz. Özü ən böyük ayrı-seçkilik salan, xristian katolik klubu Avropa Birliyidir ki, 60 ildən çoxdur müsəlman ölkəsi olduğuna görə Türkiyəni üzvlüyə qəbul etmir”.

Politoloq hesab edir ki, ikili standartlar Avropanın ən böyük qüsurudur: “Elə onun süqutu da yəqin ki, bu səbəbdən baş verəcək. Çünki problemlərə ədalətli yanaşma yox, ikili standartlar prizmasından baxış bucağı formalaşıb. Bu isə təhlükəli bir tendensiyadır. Avropa Birliyi Türkiyənin ona tabe olmasını istəyir. Çünki Aralıq dənizinə çıxışı olan, Avropa ilə Asiyanı birləşdirən, strateji boğazların olduğu NATO üzvü müsəlman ölkəsi məhz Türkiyədir. Şübhəsiz ki, birliyin son bəyanatı da seçkilərlə birbaşa bağlıdır və onların nəticələrdən narahat olmasının təzahürüdür. Seçki öncəsi də Avropa Birliyi bəyanat verərək iradlarını bildirmişdi. Seçkilərin fövqəladə hal rejimində keçirilməsini, Türkiyənin Avropadan uzaqlaşdığını tənqid etmişdi. Eyni zamanda bəzi Avropa ölkələri, məsələn, Almaniya, Hollandiya, Avstriya öz ərazisində Ərdoğan tərəfdarlarının toplanıb seçki təşviqatı aparmasına icazə vermədi. Bu da onların AK Parti və şəxsən Ərdoğanın hakimiyyətdə qalmasından narahat olduqlarını göstərir. Ərdoğan onların iradəsinə tabe olmayan, müstəqil düşüncəli, Türkiyəni daha çox Rusiya ilə yaxınlaşdıran bir liderdir. NATO-dakı avropalı müttəfiqlər və ABŞ Türkiyəyə qarşı terror təşkilatlarını silahlandırır, onu parçalamaq planları üzərində variantlar işləyib hazırlayırlar. Osmanlını ”Avropanın xəstə adamı" adlandıran, Sayks-Piko, Sevr sövdələşmələrini masaya qoyan Avropa və Amerika bu gün də yüz il əvvəlki siyasətlərini təkrar edirlər. Bu fonda insan hüquqları, demokratiya və s. bəhanədir. Türkiyəyə təzyiq cəhdindən başqa bir şey deyil. Seçkilərdə Ərdoğanın qələbəsi onları çox narahat edib. Çünki CHP və ya İyi Parti iqtidara gəlsəydi onlara Türkiyə ilə işləmək daha rahat olardı. 1923-dən bəri bu cür iqtidarlarla, hökumətlərlə işləyiblər. İndi isə Türkiyənin başında Osmanlı ənənələrinə sadiq bir lider dayanıb və avropalıların Osmanlı təlaşı baş qaldırıb.

1453 İstanbulun fəthini, Vyananın iki dəfə mühasirəsini onlar təbii ki, unutmayıblar. Türkiyə demokratiya və dünyəvilik pərdəsi altında onlara daha çox sərf edir, nəinki Osmanlıya qayıdış ruhunda olan Türkiyə. Üstəlik də, İslam dünyasında liderlik ambisiyası var. Afrikada həm türklərin, həm avropalıların müstəmləkələri olub. Bu gün həm Türkiyə, həm də Fransa, Amerika, İngiltərə Afrikada, Yaxın Şərqdə nüfuz savaşı aparır. Geosiyasi və enerji maraqları toqquşur. Üstəlik də, Türkiyə Avropa Birliyi ilə enerji tranziti məsələsində bəzi fikir ayrılıqlarına sahibdir. Suriya ərazisindən Qətər qazının Avropaya nəqlində də ziddiyyətli yanaşmalar var. Türkiyə NATO-nun İncirlikdəki bazasında Avropaya, xüsusən Almaniyaya bəzi məhdudiyyətlər qoyub. Öz ərazisində Rusiyanın yardımı ilə nüvə elektrik stansiyası tikir, NATO-ya düşmən olan Rusiyadan Alyansın arsenalında olmayan S-400 alır, BMT-də “Dünya 5-dən böyükdür” deyərək islahatlar aparılmasını istəyir, hərbi sənayesini inkişaf etdirir və s. Bütün bunlar Avropa və Türkiyə arasında ziddiyyətlərə səbəb olub. Görünür, Avropa seçkidən dərhal sonra müxalifətin qələbə çala bilməməsindən məyus olaraq Türkiyəyə hədd bildirmək qərarına gəlib. Bu, ən azından psixoloji təzyiq formasıdır. Digər tərəfdən, yəqin ki, bundan sonra da fürsət olduqca Türkiyəyə təzyiq göstərməyə çalışacaqlar. Lakin Ərdoğanın duruş gətirəcəyi şəksizdir".(YM)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ