SON DƏQİQƏ
» » Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

Tarix:

26-10-2020, 11:47

/ 3 893 dəfə oxundu.
Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.

Sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın "münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir. Hərbi işğalı davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı, kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.

Heç bir əsası olmayan "Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir.Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soçi şəhərində "Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, "Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var". Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il verdikləri bəyanatlarında və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya son səfəri zamanı etdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Bu məsələ 1992-ci ilin 24 mart tarixli ATƏT (o vaxtkı ATƏM) Helsinki Nazirlər Şurasının sənədində də təsbit olunub.Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik".

Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın rəhbərliyi kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək.

Mətləb Hüseynov,

Emal Sənayesi üzrə

Bakı Peşə Təhsil Mərkəzinin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ