SON DƏQİQƏ

“TAM”-ın təbliğatı uğurla başa çatdı

Tarix:

15-11-2018, 12:30

/ 10 301 dəfə oxundu.
“TAM”-ın təbliğatı uğurla başa çatdı

GunAz.az xəbər verir ki, "Turan Araşdırmalar Mərkəzi" İB (TAM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi qrant müsabiqəsində qalib olduğu "Tarixini unutma" layihəsi çərçivəsində 200 ildən çox zaman kəsiyində ermənilərin və onların əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları və zorakılıqlardan bəhs edib.

TAM-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Bilman Allahverdiyevin keçirdiyi brifinqdə bildirilib ki, "Tarixini unutma" layihəsinin icrası Gəncə şəhərindən başlayaraq cari ilin oktyabr-noyabr aylarında Şamaxı və Quba rayonlarında baş tutmuşdur. Yekun tədbir isə Azərbayvan Dövlət Pedaqoji Universitetində keçirilmişdir.

Gəncə şəhərində "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetin konfrans zalında "Tarixini unutma" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu və Gəncə" mövzusunda tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfrans iştirakçılarını salamlayaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. İbrahim Cəfərov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. Bundan başqa rektor, gəncləri Azərbaycan tarixində baş verən hadisələri unutmamağa çağırıb. Sonra rektor çıxış üçün sözü Turan Araşdırma Mərkəzinin sədri, tanınmış ictimai siyasi xadim, türkçü alim, professor Əjdər İsmayılova verib.

Professor çıxışı zamanı bildirib ki, tədbirin əsas məqsədi 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrini unutmamaqdır.

Tədbirdə iştirak edən Türkiyənin Gəncədə Baş konsulu olan Zəki Öztürk, Mərkəzin idarə heyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Qafqaz İslam Ordusunun sücayətindən, yaxın-uzaq tariximizdən tədbir iştirakçılarını məlumatlandırıblar.

TAM İctimai Birliyinin “Tarixini unutma!” layihəsi çərçivəsində növbəti tədbir Şamaxıda şəhid türk əsgərinin məzarı önündə keçirilib.

Tədbirdə çıxış edən TAM-ın sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı sərəncamdan söz açıb, bununla bağlı İctimai Birliyin reallaşdırdığı layihələrdən danışıb. Bildirilib ki, “Tarixini unutma!” layihəsi də onlardan biridir.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova erməni terrorunun tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən danışıb.

Tədbir rayon Təhsil Şöbəsinin akt zalında təhsil işçiləri və rayon ictimaiyyətinin iştirakı ilə davam etdirilib.

Qubada keçirilən tədbirdə ilk olaraq Quba Soyqırım Memorial Kompleksində 100 il bundan əvvəl erməni quldurlarının kütləvi qətl etdiyi məkandan başlanılıb.

TAM-ın sədr müavini Cavid İsmayıl 200 ildən artıq bir dövrdə erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı danışıb.

Ümummilli lider Heydər Əliyevin "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” sözlərini xatırladan TAM-ın sədr müavini hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu deyib.

Sosioloq, professor   Əhməd Qəşəmoğlu, Azərbaycan yazıçılar birliyinin üzvü, tanınmış jurnalist Kamil Nehrəmli, Quba rayonu icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva gənclərimizi unutqan olmamağı, onların Azərbaycanımızın haqq işini dünyaya çatdırmaqda inamlı olmağa çağırdılar.

 Azərbaycan Dövlət Pedaqoji Universitetində TAM İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tarixini unutma!” layihəsi çərçivəsində keçirilən tədbir layihənin davamı olmuşdur.

Qurumun sədr müavini, Cavid İsmayıl ictimai birliyin reallaşdırdığı layihələrdən danışıb. Qeyd edib ki, ictimai birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, qədim tarixini təbliğ etmək, onlar arasında əlaqələrin yaradılmasına və inkişafına kömək etməkdən ibarətdir.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə erməni terrorizminin tarixi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları və s. barədə məlumat verilib.

Tədbirdə şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı, publisist, dramaturq, tarixçi Yunus Oğuz və başqaları tədbirin aktual mövzuya həsr olunduğunu bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən ikinci katib Tuba Uzər Türk dünyası tarixini gənclərə aşılanmasında bu tədbirin böyük əhəmiyyətli olduğunu bildirdi.

Bütün tədbirlərdə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı xüsusi film nümayiş etdirilib. Elmi araşdırmalar əsasında hazırlanan filmdə beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.

 Bununla da "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tarixini unutma!” layihəsi çərçivəsində keçirdiyi tədbirlər layihəsi başa çatmışdır.

 

 

“TAM”-ın təbliğatı uğurla başa çatdı

 

“TAM”-ın təbliğatı uğurla başa çatdı

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ