SON DƏQİQƏ
» » Qızıl-zinət əşyaları alarkən aldanmayın-MÜSAHİBƏ

Qızıl-zinət əşyaları alarkən aldanmayın-MÜSAHİBƏ

Tarix:

10-08-2018, 13:33

/ 11 169 dəfə oxundu.
Qızıl-zinət əşyaları alarkən aldanmayın-MÜSAHİBƏ

Azərbaycan qədim tarixə malik bir dövlətdir. Azərbaycan ərazisində istər Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin, istərsə də Səfəvilər imperiyasının dövründə (1501-1732) gümüş, qızıl adlı sikkələr kəsilmişdir. Sikkə-pul dövriyyəsi vasitəsi bütün əmtəə və xidmətlərin dəyər ölçüsü kimi, şübhəsiz, ən önəmli amildir. Numizmat alim Əli Rəcəblinin təbirincə desək, qiymətli məhsul olan sikkə-qızıl zinət əşyaları, qiymətli daş-qaşlar, sikkə məmulatları hələ indiki kütləvi informasiya vasitələrinin olmadığı dönəmlərdə tez bir zaman ərzində tirajlanır və iqtisadi, hərbi, dini islahatlar, mədəni, ticari və diplomatik əlaqələr sahəsində dövlətlərin daxili və xarici siyasətinin ən yaxşı təbliğatçısı kimi xidmət edirdi. Ölkələr Azərbaycandan keçən qədim ipək yolu ilə bir-biri ilə ticarət əlaqələri yaradırdılar. Bu gün də dövlətlər bir-biri ilə ticarət əlaqələri saxlayır, qızıl və zinət əşyalarını idxal və ixrac edirlər.

Əməkdaşımız qızıl-zinət əşyaları üzrə qiymətləndirici ekspert Namiq Adil oğlu Əliyevlə görüşmüş və maraqlı müsahibə almışdır.

- Bir çox xarici ölkələrdən qızıl zinət əşyaları ölkəmizə idxal olunur. Bəzən vətəndaşlar qızıl zinət əşyaları alarkən aldadılır. Bu barədə nə deyə bilərsiniz?

- Ekspert olaraq məhkəmə ekspertizasında vətəndaşların mübahisəli məsələlərində iştirak etməklə həmin zinət əşyalarının dəyərini qiymətləndirir, tərkibini yoxlayır və rəy verirəm.

Məhkəmə hakimləri yazdığımız rəyə istinad edərək dəqiq və düzgün qərar qəbul edirlər.

Məhkəmə çəkişmələri zamanı vətəndaş zinət əşyalarının dəyərinin daha artıq olmasını iddia edir və qarşı tərəfdən yüksək qiymət tələb edir.

Bu zaman ekspert olaraq həmin zinət əşyalarının dəyərini dəqiq müəyyənləşdirib, orta bazar qiymətini təyin edirəm.

Bu proses zamanı Azərbaycan Respublikası Məhkəmə Ekspertizasının qanununa əsasən, öz xüsusi biliyimə və daxili inamıma əsasən apardığım tədqiqatın nəticəsində uyğun rəy verirəm.

- Qızıl zinət əşyalarının əyarını necə təyin edirsiniz?

- Maraqlı sualdır. Bunun üçün xüsusi bilik, təcrübə olmaqla yanaşı, lazımi kimyəvi məhlullardan istifadə olunur. Eyni zamanda xarici ölkələrdən gətirilmiş cihazlar da biz mütəxəssislərin köməyinə çatır.

- Yəqin ki, Azərbaycanda dövriyyədə olan saxta, keyfiyyətsiz qızıl-zinət əşyalarına da rast gəlmisiniz?

- Azərbaycana qızıl-zinət əşyaları əsasən xarici ölkələrdən, o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Çin, Rusiya, İran və Avropa ölkələrindən, eləcə də digər dövlətlərdən idxal olunur. Bu zaman bəzi dələduzlar sadə metal və daşları qiymətli qızıl və daş-qaşlar adı ilə ölkəyə gətirib satırlar.

Vətəndaşlar da bilmədən bu zinət əşyalarını dəyərindən çox baha qiymətə alırlar. Bir müddət keçdikdən sonra həmin alıcılar ehtiyat ucbatından və ya digər səbəblərdən həmin qiymətli qızıl və zinət əşyalarını satarkən məlum olur ki, əşyanın tərkibində qızıl yoxdur və yaxud da çox cüzi miqdarda var, üzərində yazılar əyarla uyğun gəlmir. Bu zaman vətəndaş milli miqdarda ziyana düşür. Məlum olur ki, brilyant və ya digər qiymətli daşlar adi şüşə daşlardan ibarətdir

Alıcılar qızıl və zinət əşyalarını alarkən mütləq mütəxəssislərə və ekspertlərə müraciət etməlidirlər.

- Azərbaycan da qızıl və zinət əşyaları istehsal edir və xarici ölkələrə satılarkən hansısa neqativ hallarla rastlaşmısınızmı?

- Bir mütəxəssis olaraq uzun illərdir ki, bu sahədə çalışıram. Siz dediyiniz neqativ hallara rast gəlməmişəm. Bu sahədə istehsalçılar daha məsuliyyətlə işləyirlər.

Vətənimiz günü-gündən inkişaf edir. Ölkəmizin şöhrəti bütün dünyaya yayılıb. Azərbaycan faydalı qazıntılarla, qızıl yataqları ilə zəngin bir ölkədir. Dövlətimiz bu sahəyə daha çox diqqət ayırır. Azərbaycanın ixrac etdiyi qızıl-zinət əşyaları ölkəmizə valyuta gətirir və dövlətimizin iqtisadi qüdrəti daha da artır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, hal-hazırda qızıl ehtiyatımız 32,667 tondur.

Əfsuslar olsun ki, Dünya Qızıl Şurasının 2018-ci ilin altı aylıq hesabatında Azərbaycanın qızıl ehtiyatları sıfır səviyyəsində göstərilmişdir. Yəqin ki, bu bəzi xain xarici qüvvələrin dövlətimizin iqtisadi inkişafına qısqanclıqlarından irəli gəlir.

- Ötən ildə ölkəmizin qızıl ehtiyatları nə qədər olub?

- 2017-ci ildə Azərbaycanın qızıl ehtiyatları 30 tondan çox olmuşdur. Bu rəqəm ildən-ilə çoxaldıqca dövlətimizin gücü, qüdərti də artır.

Onu da qeyd edim ki, güclü iqtisadiyyat güclü dövlət deməkdir.

Dövlət başçımızın apardığı uğurlu iqtisadi siyasət nəticəsində qızıl ehtiyatlarımızın artım tempi ildən-ilə artır, inkişaf edir. Bu da bizim dünya dövlətləri arasında iqtisadi qüdrətimizi daha da gücləndirir.

- Vətəndaşlar çox vaxt məcburiyyət qarşısında öz şəxsi qızıl və qiymətli daş-qaş və zinət əşyaları lombartlara girov qoyaraq faizlə pul götürürlər. Çox vaxt mübahisələr yaranır. Sizə müraciət olunurmu?

- Əvvəla faizlə pul vermək və ya almaq dinimizdə yasaq edilib. Lakin belə hallarla tez-tez rastlaşırıq.

Vətəndaş qiymətli zinət əşyalarını lombartlara və ya banklara girov qoyub pul götürərkən mütəxəssislə birlikdə bu işi həyata keçirməlidirlər. Çünki alıcı zinət əşyalarını özünə sərf edən aşağı qiymətə dəyərləndirir. Nəti\cədə vətəndaşlar aldadılırlar.

Bəzən onlar qızıl-zinət əşyalarının əvəzində götürdüyü pulu qaytara bilmədikdə, bank və ya lombard tərəfindən vətəndaşa müraciət olunmadan həmin qiymətli əşyalar satışa çıxarılır. Bu zaman qiymətləndirici ekspertə ehtiyac yaranır. Belə halda biz vətəndaşlara kömək edir, onların qızıl-zinət əşyalarını orta bazar qiymətinə uyğun dəyərləndiririk.

- Namiq müəllim, özünüz haqda qısa məlumat verməyinizi istərdik.

- Ağdam şəhərində anadan olmuşam. Azərbaycan Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişəm. 15 ildən çoxdur ki, bu sahədə mütəxəssis olaraq fəaliyyət göstərirəm.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qiymətli daşlar və zinət əşyalarının qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almışam.

Hər bir mütəxəssis öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir. Düzlük, dürüstlük, həqiqət hər zaman qalib gəlir. Mən də bu meyarlara sadiq qalaraq vətəndaşlıq borcumu hər şeydən üstün tuturam.

- Hər birimizi düşündürən bir sualla sizə müraciət edirəm. Erməni quldurları tərəfindən işğal olunmuş ərazilərimizdə də çoxlu qızıl yataqları var?

- Bəli, Azərbaycan faydalı qazıntı yataqları ilə zəngindir. Çox əfsuslar olsun ki, doğulduğumuz dədə-baba yurdumuz 25 ildən çoxdur ki, erməni quldurları tərəfindən işğal olunub. Gözəl təbiəti, zəngin fauna-florası olan Laçın və Kəlbəcər ərazilərimizdə külli miqdarda qızıl yataqlarımızı mənfur, işğalçı qonşularımız öz havadarları ilə birlikdə vəhşicəsinə talan edir, qarət edirlər.

Mən inanıram ki, güclənməkdə olan ordumuzun və Ali Baş Komandanımızın rəhbərliyi, siyasi iradəsiylə işğal olunmuş torpaqlarımızı tezliklə yağı düşmənlərdən azad edəcəyik.

- Maraqlı müsahibəyə görə sağ olun.

 

Müsahibəni hazırladı:

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ