SON DƏQİQƏ

Sikkə-dövlətçilik

Tarix:

29-05-2018, 15:02

/ 10 379 dəfə oxundu.
Sikkə-dövlətçilik

 

Bu günlərdə AMEA-nın Mərkəzi kitabxanasının konfrans zalında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, ilk azərbaycanlı numuzmat alim, tarix elmləri doktoru, BDU-nun professoru Əli Rəcəblinin “Sikkə və Dövlətçilik” və “Qafqaz pulları” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tarixçi alimlərin, etnoqrafçıların, muzey işçilərinin, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli açaraq demişdir:Sikkə-dövlətçilik

- Əli Rəcəblinin bütün kitablarının təqdimatlarında iştirak etmişəm. Bu gün də qürur duyuram. Əli müəllim cəfakeş alimdir. Xəzinəmizin xəzinədarıdır. Qədim pullarımızın qorunmasında və təbliğində onun əməyi misilsizdir. O, Azərbaycanın ən zəngin insanıdır.

Bir neçə il əvvəl Sankt-Peterburqda ermənilər qədim Azərbaycan pullarını öz adlarına çıxmışdılar. Biz Əli Rəcəblini ora göndərdik. Əli müəllim tarixi faktlarla bu pulların Azərbaycana məxsus olduğunu sübut etdi və yalançı, saxtakar erməniləri mat qoydu.

Əli Rəcəbli II-III əsrdən bu günümüzə qədər qədim pulları dəqiqləşdirərək dəyərli əsərlər yazmışdır. Onun tək fəaliyyəti bir institutun gördüyü işə bərabərdir. Biz Əli müəllimə borcluyuq. Akademiyada namizmatika, etnoqrafiya və nəzəriyyə barədə bir müşavirə keçirmək istəyirik. Çünki numizmatika ilə Azərbaycanda cəmi 4-5 nəfər məşğul olur. Əli Rəcəblinin yaratdığı bu məktəbi geniş təbliğ etməliyik. 91 yaşı olmasına baxmayaraq bu gün də Əli Rəcəbli yorulmadan tədqiqatla məşğul olur və məhsuldar işləyir.

Sonra İsa müəllim AMEA-nın A.Bakıxanov adına Tarix Muzeyinin direktoru akademik Yaqub Mahmudova söz verdi.Sikkə-dövlətçilik

Yaqub müəllim qədim pullarımızın qorunmasında və təbliğində Əli Rəcəblinin misilsiz xidmətlərindən danışaraq demişdir:

- Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabı bir daha sübut edir ki, Dərbənddən tutmuş Həmədana qədər 50-dən çox zərbxanası olan və böyük imperiyaların güc qaynağı Azərbaycan olub. Pulu ancaq güclü dövlətlər kəsə bilərdi. Tarix boyu ermənilərin heç zaman pulları, sikkələri olmayıb.

Mən Əli Rəcəbli ilə fəxr edirəm.

1965-ci ildən hal-hazıra qədər – yəni yarım əsrdən çoxdur ki, BDU-da numizmatika fənnini tədris edən Əli Rəcəblinin fəaliyyəti qibtəedicidir, qürurvericidir. Eşq olsun belə vətənpərvər oğullara. Tələbələr, tarixçilər, etnoqraflar, arxeoloqlar bu gün də Əli Rəcəblinin əsərlərindən bəhrələnirlər.

İsa Həbibbəyli onu da vurğuladı ki, ömrünün 60 ilindən çoxuna numizmatikaya həsr etmiş, elmə böyük töhfələr vermiş Əli Rəcəblini numizmatika məktəbinin yaradıcısı adlandırıram.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı demişdir:

- Hansı dövlətin pulu olubsa, o dövlət tanınıb. Qonşu ermənilərin pulları olmayıb. Hətta onlar deyirlər ki, bizim 1920-ci ildən dövlətimiz olub. Lakin kitabda aydın oxunan sikkələr sübut edir ki, Azərbaycan ən qədim dövlətdir. Əli Rəcəblinin bu kitabları bir daha sübut edir ki, bizim necə möhtəşəm, qədim dövlətimiz olub.

Səfəvilər, Qaraqoyunlular, Şirvanşahlar və sair dövlətlərimiz ayrı-ayrı vaxtlarda istifadə etdikləri qədim pul - dirhəm, mis, qızıl, gümüş pullar haqda Əli Rəcəbli geniş və ətraflı məlumatlar vermiş və o pulların fotoları olduğu kimi təsvir olunmaqla ən tutarlı faktlarla zəngindir.

Əli Rəcəblinin bir neçə kitablarının elmi redaktoru olmaqla cəfakeş alimə uğurlar arzulayıram.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva “Numizmatika elminə yeni töhfə” mövzusunda məruzə ilə çıxış etmişdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev vurğuladı ki, Əli Rəcəbli Azərbaycan numizmatikası üçün böyük irs qoymuş və mənim müdafiəmdə opponent olaraq çıxış etmiş və dəyərli məsləhətlərindən bəhrələnmişik.

Azərbaycan televiziyasının təcrübəli diktoru, ssenarist və rejissor Rafiq Həşimov çıxış edərək demişdir:

- Bir neçə il əvvəl “Xalqbank” tərəfindən, layihə rəhbəri olaraq Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı Azərbaycan, rus və ingilis dillərində çap olunaraq bütün dünyaya pulsuz olaraq yayımlandı. Mən Əli müəllimin timsalında əsl alim obrazı gördüm. Sizə cansağlığı arzulayıram.

BDU-nin kafedra müdiri, professor, ictimai-siyasi xadim İradə Hüseynova demişdir: Mən çox qürur duyuram ki, vaxtilə mənə numizmatika fənnindən universitetdə dərs demiş müəllimim haqda söz deyirəm. Alicənab, xeyirxah, tələbkar əsl pedaqoq alim və numizmatika sahəsində əvəzsiz xidmətləri olmuş görkəmli alim-müəllimimlə fəxr edirəm.

Sonra tədbirin aparıcısı İsa Həbibbəyli Əli Rəcəbliyə söz verdi. Əli müəllim tədbir iştirakçılarına təşəkkürünü bildirdi və dedi:

- Ulu öndər Heydər Əliyevin dövlətçilik və Azərbaycançılıq məfkurəsini rəhbər tutaraq bildirirəm ki, biz qədim tarixə malik bir xalqıq. Dövlətçilik Azərbaycançılıq bizim inkişafımızı təmin edir. Bir xəritəyə baxanda və ya kosmosdan Azərbaycan uca qartala oxşayır. Qartalın iki qanadı var. Hesab edirəm ki, bu iki qanadın biri dövlətçilik, o biri də Azərbaycançılıqdır. Bunu sinonizm kimi hesab edirik, bu iki tendensiya bir-birinə çox yaxındır. Formaca müxtəlif olsa da məzmunca çox yaxındılar. Bu iki qanad bədəndə olan ürəyi və zehni hərəkətə gətirib qartalı qaldırır yuxarı. Bizim gələcəyimizin uğurları bundan asılıdır. İki qanadlı qartal çox zirvələr aşacaq, çox uğurlar əldə edəcəkdir. Mən Azərbaycançılıq və dövlətçilik ideyalarına həsr olunmuş bu tədbirdə iştirak edənlərə, əziyyət çəkilənlərə sağ ol deyir və təşəkkürümü bildirirəm.

Sonra görkəmli alimlə xatirə şəkili çəkildi.

 

Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ