SON DƏQİQƏ
» » Tələbə imtahanın ləğvini tələb edə bilərmi?

Tələbə imtahanın ləğvini tələb edə bilərmi?

Tarix:

31-05-2017, 13:54

/ 3 152 dəfə oxundu.
Tələbə imtahanın ləğvini tələb edə bilərmi?

Məlum olduğu kimi, dünən Azərbaycan Dillər Universitetinin (ADU) dördüncü kurs tələbələri dövlət imtahanın ləğv edilməsi tələbi ilə etiraz nümayişi keçiriblər.

 

Universiteti bitirmək ərəfəsində olan tələbələr bildiriblər ki, indiki vəziyyətdə onlarda imtahana hazırlaşmaq üçün nə materiallar, nə də vəsait yoxdur.
Bəs, görəsən tələbə imtahanların ləğvinə dair etiraz edə bilərmi? Mövcud qanunvericilik bu barədə nə deyir?
Təhsil eksperti Kamran Əsədov bildirir ki, qanunvericiliyə görə, tələbələrin imtahanın ləğvi ilə bağlı nə petisiya, nə də etiraz etmək hüququ yoxdur:
"İlk növbədə qeyd edim ki, Azərbaycanda ali təhsil müəssisələrinin sayı 54-dür. Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, İqtisad Universiteti, Neft və Sənaye Universiteti və Tibb Universiteti muxtariyyətə sahibdir. Bu universitetlər öz daxili nizamnamə qaydalarına uyğun olaraq tədris prosesində imtahanların sayını, formasını müəyyən etmək hüququna malikdirlər. Bununla əlaqədar Nazirlər Kabinetinin 2010 və 2011-ci illərdə qəbul etdiyi bakalavr pilləsində tədrisin təşkili haqqında qaydalarında göstərilir ki, ali təhsil müəssisəsində iştirakçıların bilik və bacarıqlarını yoxlamaq üçün dövlət imtahanı, yaxud da semestr imtahanları müəyyən oluna bilər. Lakin mütləq şəkildə, xüsusən də pedoqoji ixtisaslarla bağlı sonda dövlət imtahanlarının keçirilməsi vacibdir. 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanunun müvafiq bəndlərində tələbələrin hüquq və vəzifələri qeyd olunub. Vəzifələr içərisində onların bilik və bacarıqlarının müəyyən olunmuş qurumlar tərəfindən yoxlanılmasında mütləq şəkildə iştirak etmək var. Qanunvericilik heç bir halda tələbənin hansısa bir imtahanı ləğv etmək hüququnun olub-olmadığını müəyyən etmir. Tələbələrin ən azı 2 ay əvvəl elan olunmuş imtahanı etiraz edərək ləğv etmək səlahiyyəti yoxdur”. 

Kamran Həsənov qeyd etdi ki, bu qayda təkcə bizdə belə deyil: 
"Dünyanın ən reytinqli universitetlərində də eyni qaydalar tətbiq olunur. Dünyada heç bir universitetdə tələbənin imtahanı ləğv etmək kimi bir səlahiyyəti yoxdur. Tələbələrin etirazı yalnız imtahanların keçirilmə formatı (şifahi, yazılı və test) ilə bağlı ola bilər. Lakin aidiyyatı qurum bu üç formatın hər hansı birini tətbiq edərək imtahan götürə bilər. Çünki 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanunda və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda göstərilir ki, tələbənin peşəkar kadr kimi yetişdirilməsi ali təhsil müəssisəsinin öhdəliyidir. Bu öhdəliyi yerinə yetirmək üçün təhsil müəssisəsi qanunvericilik çərçivəsində bütün funksiyalardan istifadə edə bilər”.
Ekspert hesab edir ki, Azərbaycan Dillər Universitetindəki tələbələrin etirazı tamamilə əsassızdır: 
"Çünki qanunvericiliyə uyğun olaraq iki ay əvvəlcədən imtahanların keçiriləcəyi ilə bağlı məlumat verilib. Belə olduğu təqdirdə tələbələr imtahanın ləğvi ilə bağlı hər hansı etiraz edə bilməzlər. Tələbələr tərəfindən səsləndirilən 700 sual məsələsi də tamamilə əsassızdır. Çünki burada əsas məqam 700 sual yox, proqramda olan mövzuların sayıdır. Bu mövzular da onların birbaşa ixtisasları ilə bağlıdır. Bütün tələbələr universitətə qəbul olarkən müqavilə imzalayır ki, ali təhsil müəssisəsinin pedoqoji şurası və dövlət tərəfindən qoyulmuş bütün qanun və qaydalara riayət edəcək. Bu gün Azərbaycanda 162 min tələbə var ki, onların da 151 mini dövlət imtahanı verir və hər hansı bir universitet burada üstün hüquq və imtiyazlara malik deyil”.

Hüquqşünas Fərhad Mehdiyev tələbələrin toplaşaraq etiraz etməsini hüquqi bir hal kimi qeyd etsə də, etirazın ümumilikdə əsassız olduğunu vurğuladı:
"Hər bir vətəndaşın sərbəst toplaşma azadlığı var. Bu azadlıq həyata keçirilərkən vətəndaşın haqlı, yaxud haqsız olması şərt deyil. Ona görə də qanunvericiliyə uyğun olaraq küçə yürüşü, piket və s. keçirilə bilər. Səslənən tələblərin nə olduğu vacib deyil. Tələbələrin imtahanın ləğvinə dair tələblərinin haqlı-olub olmadığı ilə bağlı birmənalı olaraq onu deyə bilərəm ki, tələbənin bu cür etirazı tamamilə əsassızdır və heç bir nəticəsi olmayacaq. Nəzərə almaq lazımdır ki, xarici universitetlərlə müqayisədə Azərbaycanda tələbələrin dərs yükü olduqca aşağıdır”. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ