SON DƏQİQƏ
» » Zəngəzur dəhlizi əməkdaşlıq, dinc qonşuluq dəhlizi ola bilər

Zəngəzur dəhlizi əməkdaşlıq, dinc qonşuluq dəhlizi ola bilər

Tarix:

25-05-2021, 13:55

/ 2 364 dəfə oxundu.
Zəngəzur dəhlizi əməkdaşlıq, dinc qonşuluq dəhlizi ola bilər

Əlisahib Hüseynov: «Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyəti hərbi qarşıdurma əhval-ruhiyyəsinə köklənməyib»

 

Bu günlərdə paytaxtımız növbəti dəfə nüfuzlu beynəlxalq tədbirlərdən birinə ev sahibliyi etdi. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı toplantı keçirildi. Videoformatda keçirilən bu toplantı orada səsləndirilən mesajlar və toxunulan məsələlər baxımından olduqca əhəmiyyətli tədbir kimi yadda qaldı. Dünyanın bir sıra ölkələrinin sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai xadimlərin və siyasi ekspertlərin bu forumdakı müzakirələrə qatılması tədbirin beynəlxalq miqyasda çəkisinin, rolunun göstəricisi hesab oluna bilər. Bu VİP iştirakçıların çıxışlarında ölkəmizlə bağlı səsləndirdikləri müsbət fikirlər dünya ictimai rəyinin lehimizə yönəldilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Məsələ ilə bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov «Azad Azərbaycan»a bildirib ki, həmin Forumda Prezident İlham Əliyevin çıxışı müzakirələrin ana xəttini təşkil etdi və əsas istiqamətlərini müəyyənləşdirdi: «Azərbaycan Prezidentinin erməni revanşizmini ifşa etməsi və Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri barədə səsləndirdiyi fikirlər, Ermənistan rəhbərliyinin destruktiv mövqeyini, dünya ictimaiyyətini çaşdırmağa hesablanmış saxta məlumat və təbliğat kampaniyalarını alt-üst etdi. Biz Prezidentin təqdimatı ilə növbəti dəfə parlaq informasiya siyasətinin yürüdülməsinin şahidi olduq. Bu çıxışla Ermənistanın mövcud rəhbərliyinin də, revanşist müxalifətinin də iç üzü və təxribatçı mövqeyi bir daha ortaya qoyulmuş oldu».

Partiya sədri bildirib ki, Prezident öz nitqində öncə 44 günlük müharibədən sonra regionda yeni reallıqların yarandığını və bunun da heç şübhəsiz ki, proseslərə yeni baxış, yeni yanaşmalar tələb etdiyini vurğuladı. Eləcə də tədbir iştirakçılarını və dünya ictimaiyyətini keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumatlandırdı. Eyni zamanda Ermənistanın postmüharibə dönəmindəki durumundan, hazırki acınacaqlı vəziyyətindən söz açaraq, bütün bunların real səbəblərini analitik səpkidə göstərdi.

İşğalçı ölkənin indiyədək yol verdiyi səhvlərini qeyd etdi və bu səhvlərin nəticəsində onların nələri itirdiklərini vurğuladı. Prezident açıq mətnlə bildirdi ki, ötən 30 il ərzində ermənilər çox şey itirdilər. Sadəcə olaraq hazırda Ermənistan bir tərəfdən müharibədəki məğlubiyyətdən doğan daxili siyasi xaosa təslim olduğuna görə, digər tərəfdən isə müxalifət qüvvələrinin 20 iyun seçkilərində qalib gəlmək üçün cəmiyyəti revanşist-təhrikçi çağırışlarla "bombardman” edərək qisasçılığa kökləməsi, ermənilərə real vəziyyəti dərk etməyə, düzgün nəticələr çıxarmağa və 30 il ərzində davam edən işğalçı siyasət nəticəsində bütün ermənilərin nələri itirmələrinin fərqinə varmağa imkan vermir.

Ə.Hüseynovun sözlərinə görə, postmüharibə, postməğlubiyyət sindromunu yaşayan ermənilər hazırda beyinləri dumanlanmış vəziyyətdədir. Onlar əsl həqiqətləri yəqin ki, 20 iyun seçkilərindən sonra dərk etməyə başlayacaq və Azərbaycana münasibətdə indiyə qədər yeritdikləri ekspansiya, terror siyasətinin nəticəsində nələri itirdiklərinin fərqinə varacaqlar. Əlbəttə, düşmən ölkədə Paşinyan başda olmaqla Ermənistanın hazırki acınacaqlı duruma düşməsinin gerçək səbəblərini başa düşən az-çox realist siyasətçilər də var. Azərbaycan Prezidenti də məhz belələrini nəzərdə tutaraq çıxışında qeyd etdi ki, "Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".

Ə.Hüseynov əlavə edib ki, Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün, o cümlədən Ermənistanın özü üçün də yeni imkanlar açacaq: «Bu dəhliz əməkdaşlıq dəhlizi, dinc qonşuluq dəhlizi ola bilər. Azərbaycan Prezidenti də məhz bunu istəyir. Çünki biz müharibə yox, dayanıqlı sülh və tərəqqi tərəfdarıyıq. Ümid edək ki, ermənilər heç olmasa 20 iyun seçkilərindən sonra reallığa qayıtmağa və bu həqiqəti dərk etməyə başlayacaqlar».

 

NATİQ

скачать dle 12.1

Şərhlər