SON DƏQİQƏ
» » Böyük güc mərkəzlərinin Azərbaycana növbəti təzyiq kampaniyası başlayır

Böyük güc mərkəzlərinin Azərbaycana növbəti təzyiq kampaniyası başlayır

Tarix:

29-04-2021, 08:43

/ 2 828 dəfə oxundu.
Böyük güc mərkəzlərinin Azərbaycana növbəti təzyiq kampaniyası başlayır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Rusiyanın təşəbbüsü ilə baş tutan danışıqlar zamanı nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin telefon danışığı zamanı iki əsas məsələnin müzakirə olunduğunu güman edirəm. Biri elan olunduğu kimi 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın- regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının reallaşdırılması prosesində yaranan problemlərlə bağlıdır. Bu sahədə Azərbaycanın və Rusiyanın maraqlı olduğu və nəzərdə tutulan addımların vaxtında atılması üçün əllərindən gələni etdikləri göz qabağındadır. Məlumdur ki, son dəfə aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə aparılan işlərin gedişi müzakirə olunmuş, üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilmişdi.

Bununla belə, Ermənistanda müəyyən dairələrin bu mühüm layihənin reallaşdırılmasını pozmaq, əgər bu mümkün olmasa mümkün qədər ləngitmək cəhdləri davam edir. Kommunikasiyaların

açılmasının Ermənistanın milli maraqlarına cavab vermədiyini iddia edənlərin əhali arasında dəstəyi kifayət qədər yüksəkdir.

Bir neçə gün əvvəl nəqliyyat dəhlizinin keçəcəyi əraziyə səfər edən Baş nazir N.Paşinyanın yerli əhali tərəfindən "soyuq” qarşılanması ictimai rəyin 11 yanvar bəyanatının əleyhinə olduğunu göstərdi. Bu məqam Ermənistan baş nazirini parlament seçkiləri ərəfəsində ehtiyatlı davranmağa, qəti addımlar atmaqdan çəkinməyə vadar edir. Nəticədə, erməni tərəfin təqsiri ucbatından bəyanatda nəzərdə tutulan addımların atılması ləngiyir. Ekspert yarımqrupları artıq martın 1-nə layihələrin siyahısını təqdim etməli, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandırmalı idi.

Eyni zamanda həmin günədək işçi qrupu Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin bu ölkələr tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan və Ermənistanın ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim etməli idi. Təəssüf ki, aprel ayı artıq başa çatsa da bu barədə, ümumiyyətlə, işlərin gedişi, işçi qrupun fəaliyyəti barədə heç bir məlumat verilməyib.

Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıya səfəri zamanı da bəyanatın 3-cü və 4-cü bəndlərinin icrası barədə gözlədiyimiz izahat verilmədi. Bu baxımdan xarici işlər nazirlərinin telefon danışığı bu prosesi sürətlələndirməsə də, müəyyən hərəkətlilik gətirəcəyini düşünürəm. Nə qədər ki, Ermənistanda parlament seçkiləri başa çatmayıb bu prosesə tələb olunan dinamizmi vermək mümkün olmayacaq.

Telefon danışığı zamanı Minsk qrupunun iki həmsədr dövlətinin-Rusiya və Fransanın "Qarabağ münaqişəsi” barədə birgə təşəbbüslə çıxış edəcəklərini elan etmələrinin müzakirə mövzusu olduğu şübhə doğurmur. Bu barədə telefonla müzakirə aparan Putin və Makronun bəyanatlarına ABŞ prezidenti Baydeni də qoşacaqlarını güman edirəm. Onlar bu təcrübədən əvvəllər dəfələrlə istifadə ediblər və 2009-2013-cü illər arasında dalbadal 5 dəfə bu cür bəyanatla çıxış ediblər. Həmin dövrdə Azərbaycan prezidenti bu bəyanatları qəbul etmədiyini bildirdi və təzyiqlərin qarşısında dayana bildi.

Bilməliyik ki, Minsk qrupu həmsədrləri deyilən dünyanın böyük güc mərkəzləri təmsilçilərinin Azərbaycana növbəti təzyiq kampaniyası başlayır və bu təzyiqlərin qarşısını almaq üçün birliyimizə çox böyük ehtiyac var.

 

Abutalıb SƏMƏDOV,

Azərbaycan Naminə Alyans Partiyasının sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ