SON DƏQİQƏ
» » Rusiya Ermənistanın yenidən toparlanmasına səy göstərir

Rusiya Ermənistanın yenidən toparlanmasına səy göstərir

Tarix:

8-04-2021, 14:02

/ 4 392 dəfə oxundu.
Rusiya Ermənistanın yenidən toparlanmasına səy göstərir

Partiya sədri: «Azərbaycan suveren hüquqlarına toxunan hərəkətlərinə son qoyulmasını Rusiyadan qəti şəkildə tələb etməlidir»

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) "İskəndər” raketlərinin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan etdi. Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış "9M723" kodu atılan raketlərin Rusiyanın Ermənistana satdığı "İskəndər" E-yə yox, "İskəndər" M-ə, yəni istisnasız olaraq Rusiya silahlı qüvvələrinin arsenalında olan və heç bir ölkəyə satılmayan (Rusiya tərəfinin dediyinə görə) raketlərə aid olduğunu sübut edir.

Bunu «Azad Azərbaycan»a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan ərazisinə "İskəndər” raketi atıldığını erməni rəsmiləri, hətta baş nazir Paşinyan da etiraf etsədə, Rusiya əvvəl bu faktı inkar etdi. Sonra məsuliyyətdən qaçmaq üçün belə bir absurd ideyanı ortaya atdılar ki, guya raketin qalıqları Suriyadan gətirilib. Ancaq atılan raketlərin uçuş trayektoriyasının nümayiş etdirilməsi sübut etdi ki, "İskəndər”lər həqiqətən Ermənistan ərazisindən atılıb: «Bu fakt qarşısında aciz qalan Rusiya indi iddia edir ki, guya bu raketlər Ermənistana qaçaqmalçılıq yolu ilə satılıb və Federal Təhlükəsizlik Xidməti bu faktı araşdırır(?). Rusiya əvvəllər də dəfələrlə Ermənistana milyard dollarlıq silah-sursat bağışladığını inkar edirdi. Sonra faktlar qarşısında geri çəkilib bunu Ermənistanla hərbi müttəfiq olması ilə "izah edirdi” və ya silahların Rusiyanın Gümrüdəki "102-ci bazasına” göndərildiyini söyləyirdi».

T.Qənioğlu qeyd edib ki, Ermənistan XX əsrin 90-cı illərində Azərbaycan ərazilərini məhz Rusiyanın hərtərəfli siyasi-iqtisadi-hərbi dəstəyi ilə işğal etmişdi: «Ermənistan 30 ilə yaxın müddətdə bu əraziləri məhz Rusiyanın dəstəyi ilə işğal altında saxlayırdı. Vətən müharibəsinin gedişində əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, torpaqlarımızın axıradək işğaldan azad etmək əzmi sübut edirdi ki, işğala məruz qalmış ərazilərimizin yağı düşməndən tamamilə azad edilməsi an məsələsidir. Ancaq Rusiya əvvəl vertolyot qəzası (təxribatı) törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya "İskəndər”, Xırdalana ballistik raketlər atmaqla, "sülhməramlı” adı altında ildırım sürəti ilə ərazilərimizə soxulmaqla buna mane olub. Ötən müddət ərzində "sülhməramlıların” fəaliyyəti göstərir ki, Rusiya işğal etdiyi Azərbaycan ərazilərini de-fakto öz ərazisi hesab edir və burada istədiyi kimi hərəkət edir».

Partiya sədri bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış (əslində imzanlanmağa vadar edilmiş) üçtərəfli sazişin ziddinə olaraq Rusiya işğal etdiyi Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrini nəinki hələ də çıxarmaq niyyətində deyil, əslində onların (eləcə də, Ermənistanın) yenidən toparlanmasına, müasir silahlarla təchiz edilməsinə səy göstərir. Bütün bunların Azərbaycanın əleyhinə yönəldiyi şübhəsizdir. Təbii, Rusiyanın Ermənistana silah satması bu iki ölkənin daxili işidir. Ancaq "İskəndər-M” təxribatı göstərdi ki, heç kim, elə Rusiyanın özü də, Ermənistana satdığı silahların Dağlıq Qarabağda hələ də sülənən və Rusiyanın müdafiə etdiyi separatçıların əlinə keçəcəyini, onların yenə də Azərbaycana qarşı işlədiləcəyini istisna etmir. Bunun qarşısını almaq üçün Azərbaycan, "sülhməramlıların” 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin müddəalarından kənara çıxan və Azərbaycanın suveren hüquqlarına toxunan hərəkətlərinə son qoyulmasını Rusiyadan qəti şəkildə tələb etməli, əks təqdirdə bu sazişdən çıxacağını rəsmən bəyan etməlidir».

Bilman İSAQ
скачать dle 12.1

Şərhlər