SON DƏQİQƏ
» » Paşinyan ona görə “Gedin Bakıya” demişdi ki...

Paşinyan ona görə “Gedin Bakıya” demişdi ki...

Tarix:

19-03-2021, 15:02

/ 6 255 dəfə oxundu.
Paşinyan ona görə “Gedin Bakıya” demişdi ki...

Biz təlxək hesab edə bilərik, amma Paşinyan indiyədək Ermənistan hakimiyyətində olan rəhbərlərin ən ağıllı düşünənidir, həm də o səbəbdən ki…

Erməni baş nazir Nikol Paşinyanın müharibədən əvvəl sarsaq açıqlamalar verdiyini nəzərə almasaq, ona çox ağıllı adam demək olar. Əgər Ermənistan QİS-dən- Qarabağın İşğalı Sindiromundan əziyyət çəkməsəydi, Paşinyan da hakimiyyətə xəstə cəmiyyəti sağaltmağa deyil, ölkəni inkişaf etdirmək məqsədi ilə gəlsəydi, o zaman uğur qazana, hətta erməni tarixinə yalançı yox, ağıllı şəxsiyyət kimi düşə bilərdi.

 

Qarabağ Ermənistanın başına düşmüş elə bir daşdır ki, bu ölkəni sağaltmaq, dirçəltmək hərdən mümkünsüz kimi görünürdü. Heç şübhəsiz, həm də xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanın neçə vaxtdır "buksovat”lamasının səbəbini onun şəxsində axtarmaq lazım deyil, bu Ermənistan cəmiyyətinin problemidir.

Paşinyan şübhəsiz ki, ondan əvvəl hakimiyyətdə olmuş qırğılardan çox fərqlənir. O korrupsiyaçı deyil, belə olsaydı, onu çoxdan meydanda asmışdılar, ya da həbs etmişdilər. Paşinyan erməni cəmiyyətinin irsi xəstəliklərini əlbəttə, jurnalist olandan da bilirdi, amma görünür, düşünürdü ki, əlində səlahiyyət olsa ölkəsini ziyanın yarısından qaytara, normal inkişaf istiqamətinə yönəldə bilər. Buna doğru da bəzi addımlar atmışdı, amma o da yol ayrıcında-"Qarabağın işğalından imtina, yoxsa milli fəlakət” seçimi qarışında ağıllı adam üçün yanlış görünən yolu seçdi. Məndən soruşsanız, bunu qəsdən etdi.


Onun Şuşada qol götürüb oynaması bizim qürurumuza toxunurdu, amma bunu bizim qəsdimizdən əvvəl ermənilərin qəsdini edirdi. Gördünüz sonra nə dedi? "Şuşa darıxdırıcı, boz şəhər idi” dedi. Paşinyan qol götürüb oynayanda deyil, bu sözləri deyəndə daha səmimi idi. Çünki o qol götürüb oynadığı şəhəri özününkü bilmirdi və bunu daha çox erməni cəmiyyəti üçün edirdi. Demək istəyirdi ki, "yallı istəyirsiz, gəlin oynayaq, amma bunun sonu pis olacaq”. Kim nə deyir-desin, Paşinyan o yallını oynayanda Azərbaycanın tezliklə bu şəhəri işğaldan azad edəcəyini bilirdi! Bilirdi ki, bunun cəzası ağır olacaq və bu cəza həm də erməni cəmiyyətinə kəsiləcək, onların canını, nəfəsini kəsəcək!

Paşinyanın tarixi rolu budur ki, o, Sərkisyan və Köçəryan kimi erməni cəmiyyətinin başının altına yastıq qoymadı, "İskəndər” nağılları ilə aldatmatdı, ermənilərin əslində kim olduğunu özlərinə tanıtdı, onların iç üzünü açdı, Ermənistan dövlətinin işğalçı siyasətlə məhvə doğru getdiyini göstərdi. Biz bunu bilirdik, amma ermənilər bilmirdi. Düşmənçilik onların gözünü örtmüşdü, 28 illik işğal özünə arxayınlıq, təkəbbür, yekəbaşlıq yaratmışdı. Paşinyan onları ifşa etdi- Azərbaycan ordusunun qarşısında bir qorxaq əsgər, fərasətsiz bir komandir olduqlarını sübut etdi.

Paşinyanın müharibə bəyanatlarını, sərsəmləmələrini qoyun bir kənara. O, "Qarabağ klanı”ndan hansı ordu, hansı silah, hansı miras qaldığını yaxşı öyrənmişdi. Amma ona kənardan deyirdilər ki, "nə olsun, əsas millətdir, o da qəhrəmandır, Azərbaycanın torpaqlarında oturub və bundan sonra da oturacaq da…”
Paşinyanın 2020-ci ilin yayında Tovuz istiqamətində başlayan müharibə provokasiyasının alt yapısında hansısa dövlətlərin marağı olduğu istisna deyildi. Amma mövzu bu deyil. Paşinyan müharibə deyənlərə də, müharibə istəyənlərə də, hələ "Bakını da ala bilərik” nağılları uyduranlara da gerçəyi göstərmək istədi. Dedi, "buyurun, alın bu da sizə müharibə! Gedin Bakıya…”


Paşinyan ordusu 44 günlük müharibədə bircə gün belə irəli gedə bilmədi! Azərbaycan ordusunun gücünü bilirdi, öz ordusunun da, amma yeni işğal xəyalları quran, torpaq xəstəliyindən, mənasız xəritələrdən əl çəkməyənlərə cəhənnəmin yolunu göstərdi! Məğlub olacaqlarını bilə-bilə həm də!
Erməni müxalifəti Paşinyanı bu səbəbdən bağışlaya bilmir. Paşinyan erməni millətinin bütün yüz illiklərlə yaratdığı mifi dağıtmağa Azərbaycana fürsət verdi. Yaxşı da ki, verdi! Azərbaycan bunu gec-tez edəcəkdi, amma bu prosesi Paşinyan bir az tezləşdirdi.

Erməni müxalifəti illərdir bu xəyallar üzərində siyasət qururdu, xal yığırdı. Paşinyan istəsəydi, Sərkisyan kimi siyasət yönəldərdi, mənasız danışıqlara meyllənirdi, rahat da hakimiyyətdə oturardı. Amma o, erməni xalqına ağıllanmağın vaxtı çatdığını sözlə öyrədə bilməzdi, "donuza kiş deməklə xırmadan çıxmayacağını” o da bizim qədər bilirdi. O səbəbdən də dikinə getdi, gönüqalın, danışıqları pozan açıqlamalar, hərəkətlər etdi.

Ermənistan cəmiyyətinin Paşinyana bu qədər hadisələrdən sonra sadiqlik nümayiş etdirməsinin səbəbi budur: Paşinyan istədiyinə çatdı, erməni cəmiyyətini qismən ayıltdı, bu cür işğalçı siyasətin sonu olmayacağını, ölkəni fəlakətə yuvarlanacağını göstərdi. Erməni cəmiyyətinin Paşinyana bağlılığının, dəstəyinin sirri budur. Onlar Paşinyanı anladılar, özlərini tanımağa başladılar, bir daha güzgüyə baxdılar, uşaqlarının gələcəyini düşündülər. Biz təlxək deyirik, amma Paşinyan indiyədək Ermənistan hakimiyyətində olan rəhbərlərin ən ağıllı düşünənidir.

Onu niyə öldürmədilər? Ermənilər terror aktı ilə bir çox tarixi proseslərdə yer alıblar. Elə Qarabağ məsələsində də. Elə bilirsiz, parlamentə silah soxmaq mümkünsüzdür? Yox. Amma o erməni dövlətinin bir "dərin qatı”, bir masası varsa, orada qərar verənlər də yəqin anladılar ki, Paşinyanın bu məsələdə günahı, ən əsası erməni xalqına xəyanəti yoxdur. Günahın çoxu erməni xalqını yüz illərlə zəhərləyən ideologiyadadır.

Paşinyan dünən erkən seçkiyə qərar verdi. Paşinyan əhval-ruhiyyəni bilir. Yaxın üç ayda nə dəyişə bilər ki? Qarabağ üzərindən təbliğat artıq mənasız işdir, "Artsax” da, "Böyük Ermənistan” xəyalı da puç olub, cəhənnəmə gedib. Paşinyan erməni xalqının sağlam düşünə bilən əhalisinə stavka edir və güman ki, yaxın üç ayda Azərbaycanın qələbəsini qəbullananların, bölgədə reallığı olduğu kimi başa düşənlərin sayı artacaq. Paşinyan da onlara arxayındır…

скачать dle 12.1

Şərhlər