SON DƏQİQƏ
» » Prezident bizi də təəccübləndirdi: gözləmirdik... – Detallar

Prezident bizi də təəccübləndirdi: gözləmirdik... – Detallar

Tarix:

2-03-2019, 09:13

/ 10 322 dəfə oxundu.
Prezident bizi də təəccübləndirdi: gözləmirdik... – Detallar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin GunAz.az-a müsahibəsini təqdim edirik:

- Prezidentin kreditlərlə bağlı fərmanını necə xarakterizə edərdiniz?

- Ciddi və kifayət qədər əhatəli fərmandır. Ümumilikdə, problemli kreditlər məsələsinə dünyanın bir çox ölkəsində rast gəlmək mümkündür. Devalvasiya dünyanın bir çox ölkəsində gedir. Hətta yaxın vaxtlarda bizə qonşu olan dövlətlərdə (İran və Türkiyə) baş verən devalvasiyanı da gördük. Bu problemin həlli ilə bağlı müxtəlif səviyyələrdə bəyanatlar olur, bəzi ölkələrdə bundan siyasi məqsədlər üçün istifadə edilir. Bu problemin həlli ilə bağlı konkret mexanizmlərin tətbiqi və dövlətin dəstəyi çox az hallarda rast gəlinir. Prezidentin fərmanı 10 min ABŞ dollarına qədər krediti əhatə edir. Dünya ölkələrinin bir çoxunda bu həcmdə güzəştə rast gəlmək mümkün deyil. Bir çox ölkələrdə 700-1000 dollara qədər olan kreditlərə tətbiq olunan güzəştləri nümunə göstərə bilərik. Azərbaycan cəmiyyətində də bu məsələ ilə bağlı müzakirələr gedirdi. Burada belə 10 min dollara qədər vəsaitə güzəşt tətbiq olunacağı gözlənilmirdi. Amma Prezident tərəfindən məbləğin birdən-birə 10 min dollar müəyyən edilməsi çox böyük addımdır.

- Prezidentin imzaladığı fərmanla bağlı çoxsaylı müraciətlər var, hər kəs daha əhatəli bilgi əldə etmək istəyir...

- Fərman Azərbaycanda baş verən 2 devalvasiya dövrləri ərzində xarici valyutada borcu olan vətəndaşlara tətbiq olunur. Bu fərman əslində devalvasiya nəticəsində insanlara dəyən zərərin dövlət tərəfindən ödənilməsi kimi başa düşülməlidir.

İkinci bir istiqamət 2012-ci ildən bu günə qədər manatla kredit götürmüş, amma 360 gündən çox ödəniş etməyən vətəndaşlara aiddir. Onların kreditlərinin geri ödənilməsi ilə bağlı fərmanda həm banklara, həm də bütövlükdə Maliyyə Nazarlarına Nəzarət Palatasına konkret tapşırıqlar var. Burada güzəştlərin tətbiq olunması, faizlərin silinməsi, məhkəməyə verilmiş, icraatda olan işlərin banklar tərəfindən geri çəkilməsi ilə bağlı tövsiyələr yer alır. Üçüncü istiqamət isə bankların özü ilə bağlıdır. Çünki banklar tərəfindən maliyyə çətinliyi yaranmasın deyə, banklara Mərkəzi Bank tərəfindən 682 milyon manat həcmində vəsait ayrılıb. Bu da əslində növbəti mərhələ kimi bankların özünün maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir istiqamətdir. Məhz bu 3 istiqamət bütövlükdə Azərbaycanda maliyyə sektorunun sağlamlaşmasında çox böyük rol oynayacaq.

- Manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri vaxtı keçmiş kreditlərin həcmi 608,7 milyon manat artıb. Yeni fərmanda banklara 682 milyon manatın ayrılması nəzərdə tutulur. Yerdə qalan məbləğ necə istifadə olunacaq?

- Ümumilikdə Azərbaycanda bütövlükdə vaxtı keçmiş kreditlərin həcminə baxsaq görərik ki, 1,5 milyard manat ətrafındadır. Amma bu məbləğin içərisində hüquqi şəxslər də var. 682 milyon manatın banklara ayrılması vaxtı keçmiş kreditlərin ödənilməsinə sərf olunur. Demək olar ki, yerdə qalan məbləğ bütövlükdə Azərbaycanda kredit portfelinin çox kiçik hissəsini təşkil edir. Bunun bank sektorunun sağlamlaşması üçün atılmış əhəmiyyətli addım olduğunu demək mümkündür.

- Devalvasiyalara baxmayaraq, kreditlərini vaxtında ödəyən fiziki şəxslərin ödədiyi əlavə pul onlara qaytarılması da böyük rezonans doğurub...

- Əlbəttə, bu, kredit götürən və devalvasiyadan ziyan görən şəxslər arasında heç bir ayrı-seçkilik edilmədiyinin, fərmanın hər kəsi əhatələməsinin göstəricisidir. Məlumat üçün deyim ki, 2015-ci 21 fevral-21 dekabr arasında olan məbləğ 1,05 manatla 0,78 manat arasında olan fərqlə ödəniləcək. 2015-ci ilin dekabrın 21-dən sonrakı dövrə düşən məbləğ isə 0,85 manat həcminə görə ödəniləcək.

- Dolların 0,78 manat olduğu vaxtda manatla kredit götürülübsə və vaxtında ödənilibsə, Prezidentin bu fərmanı o şəxslərə də şamil ediləcək?

- Misalla deyək, daha sadə olsun. Məsələn, siz 1000 manat həcmində manatla kredit götürmüşdünüzsə, keçən bu müddət ərzində bunu banka ödəməmisinizsə, bu gün sizin 1000 manat kreditinizin üstünə faiz və dəbbə borclarınız gəlib. Hesab edək ki, iş məhkəmədədir. Yeni fərmana görə, artıq sizin faiz və dəbbə borclarınız silinir, məhkəmədə olan icra işləri geri qayıdır. Bu təbii ki, banklara edilmiş tövsiyədir. Yerdə qalan məbləğin geri ödənilməsi üçün sizə 5 il müddətində illik 1% olmaqla, kredit verilir. Bu o deməkdir ki, sizin yerdə qalan məbləği ödəmək üçün 5 il vaxtınız olacaq. 5 ilin 1-ci ili tamamilə güzəştlidir. Amma yerdə qalan 4 il üçün ildə 1% olmaqla, məbləğin ödənilməsi ilə bağlı sizə vaxt və imkan yaradılır ki, bu, olduqca böyük güzəştdir. Nəzərə alsaq ki, Azərbaycanda inflyasiyanın həcmi ildə 2%-ə yaxındır, 1% o deməkdir ki, vətəndaş buradan nəinki itirir, daha çox qazanır.

Ancaq manatla götürülən kredit ödənilibsə, yəni o kredit “problemli kredit” anlayışına daxil deyilsə, bu fərman həmin şəxslərə şamil edilməyəcək.

- Proses necə olacaq? Bank borcluları bir-bir dəvət edib onlara yeni müqavilə təklif edəcək?

- Fərmanda dəqiq müddət göstərilib ki, bütövlükdə kompensasiya ödənilməsi 3 ay ərzində başa çatmalıdır. 45 gün ərzində bütün siyahılar dəqiqləşdirilməlidir. Çünki vətəndaşın bir neçə banka borcu ola bilər. Yaxud da vətəndaşın bu dövr ərzində kreditlərin bir hissəsini ödənməsi kimi durum ola bilər. Bunlar kifayət qədər mürəkkəb mexanizmlərdir. Düşünürəm ki, ən azı 45 gün ərzində siyahıların dəqiqləşdirilməsi və 3 ay ərzində prosesin başa çatması planlaşdırılır ki, əldə olunan siyahılarda yer alan informasiyalarla bunu etmək olacaq. Vətəndaşlar hər halda banklarla yenidən kredit müqaviləsi bağlamaq imkanına sahib olacaq. Çünki əvvəlki kredit şərtləri tamamilə dəyişir. Artıq yeni kredit şərtlərinə görə, qalıq məbləğ müəyyən olunandan, kompensasiya ödənəndən, faiz və dəbbə pulu silinəndən sonra yerdə qalan məbləğin növbəti kredit müqaviləsi ilə 5 il müddətinə uzadılması və 1% şərtlə ödənilməsi nəzərdə tutulur. Düşünürəm ki, buna görə vətəndaşlar bank tərəfindən dəvət olunub yeni müqavilə imzalamalı olacaqlar.

- Krediti geri ödəmədiyinə görə adı mərkəzi kredit reysterində qara siyahıya düşən və yeni kredit verilməyən vətəndaşlara bundan sonra şans tanınacaqmı?

- Əslində fərman bütövlükdə indiyə qədər olan problemlərin həll olunmasını nəzərdə tutur. İndiyə qədər olan problemlər dedikdə biz istər məhkəmə işləri, dəbbə pulu, adların qara siyahıda olması – bunların hamısını nəzərdə tuturuq. Fərmanda yeni səhifənin başlanması ilə bağlı bütün göstərişlər yer alır.

- Bəs krediti ödəmədiyinə görə əmlakına həbs qoyulan, icra edilən və yaxud icra prosesində olan işlər?

- Fərmanda vətəndaşa qoyulmuş həbs qərarları, əmlakın həbsi, məhkəmədə icrada olan işlərin geri çəkilməsi ilə bağlı tövsiyələri var. Bu tövsiyələr yerinə yetiriləcək.

скачать dle 12.1

Şərhlər