SON DƏQİQƏ
» » Prezident Şamaxı ilə bağlı sərəncamlar imzaladı

Prezident Şamaxı ilə bağlı sərəncamlar imzaladı

Tarix:

27-08-2018, 17:54

/ 10 307 dəfə oxundu.
Prezident Şamaxı ilə bağlı sərəncamlar imzaladı

Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Şamaxı rayonunun Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

***

Prezident İlham Əliyev Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Şamaxıda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilmiş, Şamaxı Olimpiya Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 44 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmışdır. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, ən müasir tələblərə cavab verən “Shamakhi Palace” mehmanxanası, “Sakit Göl” istirahət mərkəzi tikilmiş, “Şirvan” mehmanxanası yenidən qurulmuş, Dəmirçi kəndində müasir turizm infrastrukturu, Arxeologiya Muzeyi, 620 hektar sahədə Şamaxı Safari Parkı yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd edilir ki, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

скачать dle 12.1

Şərhlər