SON DƏQİQƏ
» » Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Tarix:

5-04-2018, 14:12

/ 10 302 dəfə oxundu.
Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir

Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.

 

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış ediblər.

 

Konfransda çıxış edən Misirin BMT yanındakı daimi nümayəndəsi Məhəmməd Fathi Əhməd Edress konfrans çərçivəsində sülh və təhlükəsizliyin təşviq edildiyini söyləyib. O, Cənub-Cənub əlaqələrinin ölkələrin inkişafına kömək edəcəyini, iqtisadi və sosial inkişaf üçün əməkdaşlığın və həmrəyliyin vacib olduğunu deyib.

 

Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas davamlı inkişaf üçün əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb. A. Dapkyunas Belarusun sülh və davamlı inkişaf üçün Qoşulmama Hərəkatı çərçivəsində öhdəliklərinə sadiq olduğunu diqqətə çatdırıb.

 

Hindistan xarici işlər naziri Suşma Svarac nüvə təhlükəsizliyi, terrorizm kimi qlobal problemlərin həllinin effektiv multikultural yanaşma tələb etdiyini bildirib: “Beynəlxalq hüquq prinsiplərinə baxmayaraq, hələ də terrorizmin qarşısını almaq çətindir. Biz bu sahədə öhdəliklərimizi yeniləməliyik. Hindistan Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilən prinsipləri dəstəkləyir”.

 

Afrika İttifaqının BMT-dəki daimi nümayəndəsi Fatimə Kyari Məhəmməd dünyada sülh və təhlükəsizliyə yaranan təhdidlərdən narahat olduqlarını bəyan edib: "Afrika İttifaqı bu konfransın yekununda qəbul ediləcək Bəyannamə və prinsipləri dəstəkləyir. Afrika İttifaqı münaqişələrin tənzimlənməsi sahəsində BMT ilə əməkdaşlıq edir, bu sahədə öhdəliklərinə sadiqdir".

 

Fələstinin xarici işlər naziri Riyad Maliki Qoşulmama Hərəkatının dünyada sülh və təhlükəsizliyin qorunmasında fundamental rol oynadığını vurğulayıb. Hərəkatın həm də dünyada insanların hüquqlarının qorunmasını dəstəkləməsini vacib sayan nazirin fikrincə, qurum dünyada üzləşdiyimiz çağırışlara qarşı birləşməli, beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail olmaq istiqamətində imkanlarını artırmalıdır. O qeyd edib ki, İsrail özünün müstəmləkə işğalının davam etməsi üçün əlindən gələni edir və ABŞ bu sahədə İsrailə ideoloji dəstək verir.

 

Liviyanın xarici işlər naziri Məhəmməd Tahir Siala Qoşulmama Hərəkatının konfransının qarşıdurma, terrorizm, ekstremizm kimi çətinliklərlə bağlı olduğunu, Hərəkatın prioritetinin üzv dövlətlər arasında həmrəylik, birlik, təhlükəsizlik, iqtisadi sahədə əməkdaşlıq olduğunu nəzərə çatdırıb. O, Qoşulmama Hərəkatının inkişafa, sülhə və demokratik cəmiyyət quruculuğuna kömək edəcəyinə inamını ifadə edib. Bu gün hələ də terror təhdidinin mövcud olmasına diqqət çəkən Liviya xarici işlər naziri ölkəsinin Fələstinə dəstəyini davam etdirəcəyini bildirib.

 

Lesotonun beynəlxalq  əməkdaşlıq və xarici işlər üzrə naziri Lesoqo Makqhothi Qoşulmama Hərəkatının davamlı inkişaf üçün sülh və təhlükəsizliyin təşviqi ilə bağlı olduğunu xatırladıb: "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi sülhə təhdid törədir. BMT bununla bağlı qətnamələr qəbul edib. Biz bu münaqişənin həllinin uzanmasına təəssüf edirik".

 

Çad xarici işlər naziri Çerif Mahamat Zene çıxışında stabilliyin təminatı üçün qlobal yanaşmaya ehtiyac duyulduğunu dilə gətirib.

 

Konfrans günorta fasiləsindən sonra davam edəcək.

 

скачать dle 12.1

Şərhlər