
Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri baş tutdu.
Səfər çərçivəsində keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar iki ölkə arasında mövcud olan yaxın münasibətlərin bariz nümunəsinə çevrilib. Bu səfər qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana indiyədək 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfərlər olmaqla ümumilikdə 11 dəfə səfər etmişdir. Həmçinin Gürcüstanın sabiq prezidenti xanım Zurabişvili də ölkəmizə 2 dəfə səfər etmişdir. Eyni zamanda bu gün Azərbaycan ilə Gürcüstan arasında ölkə parlamentləri səviyyəsində də möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti kifayət qədər effektivliyi ilə diqqəti cəlb edir. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya platformaları vacib rol oynayır. Həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. İndiyədək Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin hüquq bazasını təşkil edən 119 sənəd imzalanmışdır. Aprelin 16-da mətbuata bəyanatında isə dövlətimizin başçısı bir daha vurğuladı ki, “bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Qeyd olundu ki, hazırda nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinerji yaradıb və bu marşrut Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri bundan sonra da həm ölkələrimizin inkişafına və xalqlarımızın rifah yüksəlişinə, həm də Avropanın enerji təhlükəsizliyinə misilsiz töhfələr verəcəkdir.”
Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirən Gürcüstan lideri ölkəsinin sülh prosesinə öz töhfəsini verməyə hazır olduğunu bəyan etdi. Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir. Mətbuat üçün açıqlamasında bu fikirləri önə çəkən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkəni birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd etdi. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir.
Türkanə Mübariz