SON DƏQİQƏ
» » Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Tarix:

8-04-2025, 17:13

/ 3 637 dəfə oxundu.
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası, eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi.

Cənub Qaz Dəhlizi layihəsinin üç əsas komponenti olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hal-hazırda tam gücü ilə fəaliyyət göstərir. Lakin qlobal enerji bazarının sürətlə dəyişməsi və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib bir məsələ olaraq irəli sürülüb. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğurdur. 3500 kilometrlik bu inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə – 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə Azərbaycan qazını çatdırır. Qaz təchizatının coğrafiyası isə durmadan genişlənir, son bir il ərzində daha 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib və bu artım tendensiyası davam edir.  Aprelin 4-də Bakıda öz işinə başlamış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirilən fikirlərdə də bir daha təsdiq olundu ki, hazırda Avrasiyadakı mövcud geosiyasi vəziyyət fonunda bu möhtəşəm Beynəlxalq layihənin reallaşdırılması son dərəcə düzgün və vaxtında atılmış addım idi. Cənab Prezident bəyan etdi ki, bu gün Azərbaycanın Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə artıq imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi ilə təmin edəcək. Bu, hazırda ölkə daxilində elektrik enerjisinin istehsalına sərf olunan təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaradacaq və həmin qaz ixraca yönəldiləcək. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə artıq 11-ci dəfədir ki, Bakıda müzakirə olunur. Cənub Qaz Dəhlizi, Avropa ilə enerji əlaqələrini möhkəmləndirən və Azərbaycanı Avropanın təbii qaz təchizatında vacib tərəfdaşa çevirən mühüm bir layihədir. Hazırda bu layihə ilə bağlı müzakirələrə qatılan ölkə və şirkətlərin sayının artması əməkdaşlığın genişlənməsini göstərir. Həmçinin, Prezident bu toplantılarda qeyd etdi ki, hər dəfə yeni tərəfdaşlar, investorlar və iştirakçılar bu layihəyə qoşulurlar, bu isə əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir. Cənub Qaz Dəhlizi layihəsi bir daha göstərir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi məsələlərində etibarlı və strateji tərəfdaş olmaqla yanaşı, həm də təşəbbüskar tərəfdaşdır və bu təşəbbüslər artıq gələcəyə doğru sürətlə genişlənməkdədir.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər