SON DƏQİQƏ

Azərbaycanın strateji seçimi dəyişməzdir

Tarix:

18-02-2025, 09:00

/ 3 454 dəfə oxundu.
Azərbaycanın strateji seçimi dəyişməzdir

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibə ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq auditoriyanın da diqqət mərkəzindədir.

 Müsahibənin böyük maraqla qarşılanmasının və geniş müzakirələrə yol açmasının əsas səbəblərindən biri də siyasi mesajların Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi-Azərbaycan Prezidenti tərəfindən verilməsi ilə bağlıdır.

Ölkə başçısı sualları cavablandırarkən müstəqilliyimizin bərpasından sonrakı son onilliklər ərzində dövlətin prioritet inkişaf meyllərindən və əldə olunan nəticələrdən danışıb. Bu gün müşahidə olunan Şərqlə Qərb arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin sürətli inkişafında, ilk baxışdan bir-birinə çox uzaq görünən bölgələrin arasında intensiv iqtisadi-ticari əlaqələrin təşəkkül tapmasında Azərbaycanın bölgədə apardığı siyasət də öz töhfəsini verib. Keçən il Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə bağlı danışarkən Prezident Əliyev qeyd edib ki, “...Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”

Prezident İlham Əliyevin müsahibə zamanı verdiyi mesaj Azərbaycan hakimiyyətinin strateji seçiminin dəyişməz qaldığını bir daha təsdiq etdi: “Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində  Çinlə, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq,  Türkiyə, Özbəkistan  ilə müttəfiqlik bəyannaməsinin  imzalanmasından da danışdı. Vurğuladı ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir: “Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”. O da bildirildi ki, artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı qəbul olunarsa, proses daha da rəvan gedər.

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər