SON DƏQİQƏ
» » Prezident İlham Əliyev: "Azərbaycan mövcud gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər"

Prezident İlham Əliyev: "Azərbaycan mövcud gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər"

Tarix:

23-12-2024, 10:28

/ 3 305 dəfə oxundu.
Prezident İlham Əliyev: "Azərbaycan mövcud gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər"

Cənab Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Prezidentin verdiyi müsahibə öz aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir.

Müsahibə zamanı verilən suallarda Rusiya ictimaiyyətini narahat edən və maraqlandıran bir çox məsələlərlə bağlı məqamlar aşkar şəkildə öz əksini tapmışdı. O cümlədən Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf dinamikası ilə bağlı cənab Prezident İlham Əliyevin fikirləri kifayət qədər geniş məzmunda ifadə olunmuşdu. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Azərbaycan öz növbəsində bütün öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək. Cənab Prezident bildirdi ki, Azərbaycan mövcud gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də Azərbaycan real vəziyyətdən çıxış edəcək və bəlkə də hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq.”

Şübhəsiz ki, bu, müsahibə diplomatik dəyərinə, geniş əhatə dairəsinə, açıq fikirliyə görə beynəlxalq səviyyədə diqqəti cəlb edəcək bir müsahibə idi. Çünki Azərbaycan Prezidenti həqiqəti deyirdi. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin 17 maddəsindən 15-i artıq razılaşdırılıb. Yalnız iki maddə müzakirə mərhələsində qalıb və bunların da həll olunması ilə sülh sazişinin imzalanması mümkün ola bilər. Kazanda Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşdə Ermənistan tərəfinin həmin iki maddəni qəbul etməyə yaxın olduğu müşahidə edilib. Azərbaycan Prezidentinin obyektiv mövqeyi göstərir ki, regionda sülhə nail olmaq üçün böyük imkanlar mövcuddur. Sülh sazişi üzrə əldə edilən irəliləyişlər regionun gələcəyinə ümidlə baxmağa imkan verir. Bununla yanaşı, Ermənistanın destruktiv siyasəti, xüsusən də hərbi silahlanması bu prosesi təhlükə altına alır. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə sülh prosesində son mərhələyə nail olmaq mümkündür. Azərbaycanın regionda sülh və sabitlik yaratmaq məqsədilə atdığı addımlar isə ədalət və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

Dövlət başçımız müsahibəsində Cənubi Qafqazda davam edən geosiyasi proseslərə və Ermənistanla normallaşma prosesinə diqqət çəkdi. O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülhün təmin olunması üçün sükut dövrü olduğunu vurğuladı. Prezident sülh müqaviləsinin imzalanmasını regionda davamlı sabitliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirdi. Müsahibədə xüsusilə Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulandı. Azərbaycan Prezidenti xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın Makron hökuməti tərəfindən öldürücü silahlarla təmin edilməsi ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır. Eyni zamanda, ABŞ və Hindistanın Ermənistana hərbi dəstəyi regionda gərginliyi artıran amillər kimi diqqətə çatdırılır. Bu cür təhdidlər fonunda Azərbaycanın Ermənistanla sərhəd boyunca yerləşən bölgələrdə məskunlaşan keçmiş köçkünlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməsi qaçılmazdır. Sərhədin miqyasını və bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet olaraq qalır.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibə Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq öhdəliklərə sadiqliyini və milli maraqlarını qoruya biləcək qətiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçımız bildirdi ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirməklə beynəlxalq tərəfdaşlıqlara öz töhfəsini verir.

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər