SON DƏQİQƏ
» » Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir

Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir

Tarix:

23-11-2024, 09:51

/ 3 176 dəfə oxundu.
Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir

13 noyabr 2024-cü il tarixində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

 Kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərini ən ağır şəkildə hiss edən bölgələrdən biridir. Kiçik ada dövlətləri əsasən Sakit, Atlantik və Hind okeanlarında yerləşir və iqlim dəyişikliyinin ən bariz təsirlərini hiss edirlər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən təşkil edilən COP sammitləri iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. COP29 İqlim Konfransı çərçivəsində keçirilən Kiçik Ada Dövlətlərinin Sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal iqlim dəyişiklikləri və inkişaf məsələləri ilə bağlı əhəmiyyətli çıxış edib. Cənab Prezident sammitin bütün iştirakçılarını salamlayıb və bildirib ki, “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”.

COP29-da kiçik ada dövlətlərinin xüsusi sammitinin keçirilməsi onların bu beynəlxalq platformada daha güclü və birgə səs çıxarmasına imkan yaradır. Onların COP29 çərçivəsində xüsusi sammitdə bir araya gəlməsi həm bu dövlətlərin problemlərinin həlli üçün qlobal əməkdaşlığı gücləndirəcək, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizəni daha effektiv hala gətirəcək. Bu sammit, həm də qlobal ədalətin təmin olunması və iqlim dəyişikliyinin təsirlərinin daha bərabər şəkildə paylaşılmasını təmin etmək üçün vacib platformadır. 

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər