SON DƏQİQƏ

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Tarix:

24-01-2017, 18:49

/ 4 072 dəfə oxundu.
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
***

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzaladı.
Sərəncamda deyilir:
"Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.
2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.
Geniş vüsət almış "Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır.
Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 92; 2016, № 2 (II kitab), maddə 274) 1-ci hissəsində "50” rəqəmləri "60” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərman 2017-ci il fevralın 1-dən qüvvəyə minir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ