SON DƏQİQƏ

İlham Əliyev 3 fərman imzaladı

Tarix:

18-08-2020, 17:30

/ 5 198 dəfə oxundu.
İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

GunAz.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə "Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq etsin.

2. "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1010) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.3-cü bənddə "bu Fərmanın 8.1-ci bəndində qeyd edilən” sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi” sözləri ilə əvəz edilsin;

2.2. 8.1-ci bənd ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd əlavə edilsin:

"3.1.11-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin "Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1.aşağıdakı məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilsin:

"2.0.17-1. "Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;”;

"3.0.78-1. "Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;”;

"3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin "Hökumət buludu”ndan istifadəni təşkil etmək;

3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də "bulud” texnologiyasına əsaslanan "bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;

3.0.79-3. "Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;”;

2.2. 3.0.79-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.0.79. "Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826) ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.8-ci bənd, 6.0.2-1-ci və 7.1.3-1-ci yarımbəndlər əlavə edilsin:

"1.8. Dövlət informasiya ehtiyatları və sistemləri "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında nəzərdə tutulmuş Keçid Planına uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu”nda yerləşdirilir, aparılır və Data Mərkəzində saxlanılır.”;

"6.0.2-1. dövlət informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;”;

"7.1.3-1. dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə "Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək;”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1."Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu” təsdiq edilsin (əlavə olunur).

2. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709; 2017, № 3, maddə 371; 2018, № 1, maddə 49, № 2, maddə 204; 2019, № 4, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və” sözləri çıxarılsın və adında "təsvirlərinin” sözü "təsvirinin” sözü ilə əvəz edilsin;

2.2. 1-ci hissə ləğv edilsin.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Elektron hökumət” İnformasiya Sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını və məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-dək təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış bu Fərmanın 4.1-ci bəndi icra olunanadək itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi və hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ