SON DƏQİQƏ

KOSALAR YAŞAYIŞ YERİ

Tarix:

21-01-2022, 16:08

/ 1 761 dəfə oxundu.
KOSALAR YAŞAYIŞ YERİ

Kosalar Lənkəranın qədim yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 11 km şərqdə yerləşir. Kosalar talış dilində Kusə adlanır. Talış dilində ku – "təpə”, sə - "baş, yuxarı” deməkdir. Kusə Azərbaycan dilinə tərcümədə "təpə başı”, "təpənin yuxarısı” mənalarını verir. Kosalar Kusənin təhrifə uğramış adıdır. Qeyd edim ki, respublikamızın Xocalı, Qazax, Laçın rayonlarında və Borçalıda da Kosalar adında kəndlər vardır.

Kosalar kəndinin ərazisindəki Kosalar, Mivo və Miyonku (" təpə arası”) yaşayış yerləri kəndin uzaq keçmişindən xəbər verir. Mivo yaşayış yeri haqqında tarixçi-etnoqraf Həşim Kəlbiyev və İqbal Ağayev yazır: "Kəndin (Kosalar – İ.Ş.) Mivar (Mivo) məhəlləsinin yuxarı hissəsində təqribən 1 hektara yaxın ərazi qədim qala-şəhərini xatırladır. Mivo sözü talış dilində "ortada olan”, "ortada yerləşən” mənasını verir. Məntəqənin belə adlanmasına səbəb isə ərazinin Lənkərançayın qolları olan Bəşəru və Vazəru arasında yerləşməsidir. Ətraf ərazidən təpəlik kimi fərqlənən bu ərazidə bir-birindən 5-6 metr aralıqlı olmaqla dörd sıra divarlar qalmaqdadır. Divarlar əhəng-qum-kül və yumurta qarışığı ilə hörülmüşdür. Tikintisində kvadrat formalı kərpiclərdən istifadə olunan bu divarların qalınlığı təqribən 1 metrə yaxındır. Mivo ərazisində kənd sakinləri tərəfindən müxtəlif vaxtlarda tikinti və təsərrüfat işləri aparılarkən buradan üzərində naxışlar olan daşlar, üzərində əlində nizəyə oxşar silah tutan insan təsvirinin olduğu kərpic, içində kiçik miqdarda metal pullar olan küp, müxtəlif cür saxsı qablar və s. tapılmışdır” (Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri. B.,2008, səh. 78-80).

Mivo ərazisinin vaxtilə qala divarı ilə əhatələndiyi qalıqlardan da bəllidir. Ülkər Ağayeva yazır: "Divarlar möhkəm inşaat materialı ilə elə suvanıb ki, kərpic ovulsa da, suvağından qopub ayrılmır. 1986-cı ildə bu yerdə yeraltı tunel aşkarlanmış və eyni zamanda kənd sakini Cavanşir Həsənzadə tərəfindən üstü əjdaha naxışlı daş parçası tapılmışdır. Daşın başında tac var, ağzından od püskürür, heyvanın bədəninin üstündə naxışlarla ulduzlar həkk olunub. Ulduzlar şir bürcünü xatırladır. Cavanşir Həsənzadə tapdığı bu maddi-mədəniyyət nümunəsini M.A.Əliyev adına Lənkəran tarix-diyarşünaslıq muzeyinə təhvil vermişdir” (Nadir tapıntı. "Aşkarlıq” qəzeti, 06.01.2011).

Kosalar kəndi ərazisində orta əsrlərə aid Kosalar yaşayış yeri qeydə alınmışdır. O, kənd tipli yaşayış yeri olmuşdur. Kosalar yaşayış yeri XI-XIII əsrlərə aid edilərək respublikamızın orta əsr arxeoloji abidələri sırasına daxil edilmişdir. Kosalar, Mivo və Miyonku qədim yaşayış yerlərinin davamçısı indiki Kosalar (Kusə) kəndidir.

Kəndin ərazisi 144 hektar, əhalisi 1071 nəfərdir (01.01.2019). Kosalar ərazisində arxeoloji qazıntı işləri aparılmamışdır. Sovet dönəmində kənd ərazisində tikinti və təsərrüfat işləri görülərkən burada divar qalıqları, müxtəlif maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Əgər kənd ərazisində arxeoloji qazıntı işləri aparılsa, əminik ki, ölkəmizin tarixinə dair yeni məlumatlar əldə olunacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Kosalar yaşayış yeri 1523 invertar sayı ilə XI-XIII əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.

 

İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin

tarix müəllimi

скачать dle 12.1

Şərhlər