Teleqraf.com Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla müsahibəni təqdim edir:
- Toğrul bəy, Türkiyə Prezidenti Ərdoğanın Moskvada Putinlə apardığı müzakirələr Ankara üçün nə dərəcədə əhəmiyyətli hesab olunur?
- Bu görüşün müsbət tonda keçdiyini deyə bilərik. Görüş zamanı əvvəlki problemlərə bir daha vurğu edildi. Bildiyiniz kimi, Türkiyə Menbiç istiqamətində hərbi əməliyyatlar aparmaq, orada təhlükəsiz bölgə yaratmaq kimi məsələləri gündəmə gətirdi. ABŞ-ın bölgədən ayrılmaq niyyətindən sonra bu məqamlar həssas məsələlər kimi yenidən ortaya çıxdı. Fikir ayrılıqlarının, yanaşmalardakı fərqlərin ortadan qalxması üçün Ərdoğanın Moskva səfəri labüd idi. Səfər baş tutdu. Həm də səfəri və aparılan müzakirələri tərəflərin marağı konteksində qiymətləndirmək lazımdır. Türkiyə üçün Menbiç, Rusiya üçün İdlib məsələsi həssas mövzudur. Müzakirələr də əsasən, bu istiqamətdə olub. Hesab edirəm ki, bu görüş zamanı müsbət çalarlar üzə çıxdı.
- Ancaq görüş zamanı PYD/YPG məsələsinə Putin fərqli prizmadan yanaşdı...
- Ruslar bunu kürd bölgəsi kimi nəzərdə tutur və buralara Bəşər Əsəd rejiminin sahib olmasını istəyir. Təbii ki, bu istəyini dilə gətirərkən məsələnin Türkiyə üçün nə dərəcədə həssas olduğuna da vurğu edir. Başqa sözlə, tərəflər ən azından kimin nə istədiyini bir daha müəyyən etdilər. Əhəmiyyətli məsələlərdən biri də yeni görüşün Rusiyada keçirilməsi haqda razılığın əldə olunmasıdır.
- Görünən budur ki, ABŞ kimi Rusiya da Türkiyənin Menbiç istiqamətində hərbi əməliyyatlarına qarşıdır...
- Bəli, ruslar Türkiyənin Menbiç istiqamətində əməliyyat aparmasını istəmir. Eyni zamanda Türkiyə də Rusiyanın Bəşər Əsədlə birlikdə İdlib istiqamətində əməliyyat aparmasına qarşıdır. Bunlar normaldır. Lakin ortada başqa bir məqam, Türkiyənin terrorçulardan təmizlənən təhlükəsizlik bölgəsi təşəbbüsü var. Tərəflər bu məqamda sanki razılaşmış kimi görünür.
- Bu görüşdən sonra Bəşər Əsəd Menbiçə nəzarəti bərpa edə bilər, yoxsa məsələ açıq qalır?
- Mənim fikrimcə, bu məsələ hələlik açıq qalacaq. Rusiya təbii ki, Bəşər Əsədin Menbiç və Fəratın şərq hissələrinə sahib olmasını istəyir. Bu məqsədlə də müzakirələr aparır. Lakin Türkiyə Bəşər Əsəd rejiminə xəbərdarlıq edib. Açıq və qəti şəkildə öz mövqeyini ifadə edərək bildirib ki, Menbiç istiqamətində istər ABŞ, istər Bəşər Əsəd, istərsə də ruslar olsun, əgər Ankaranın milli maraqlarına zidd hərəkət edərsə, Türkiyə ilə qarşı-qarşıya gəlməli olacaq.
- Türkiyə Fəratın şərq hissəsinin PYD-nin əlində qalmaqdansa, Bəşər Əsədin nəzarətinə keçməsinə razılaşarmı?
- Yox. Türkiyənin marağı bu ərazilərin PYD-nin əlində olmamasıdır. Həm də nəzərə alın ki, burada bir həssas məqam var. Rusiya “kürdlər” deyərək hərəkət edir. Türkiyə isə burada PYD, YPG, PKK kimi adlardan istifadə edir, onları haqlı olaraq terrorçu sayır. Həssas məsələ budur. Putin də Moskvada açıqlaması zamanı “kürdlər” ifadəsindən istifadə etdi. Nəzərə alın ki, rusların öz kürd qrupları var. Elə Türkiyənin də əməkdaşlıq etdiyi kürd qrupları mövcuddur.
Sadəcə, Ankara PKK/PYD-ni, onlara yaxın ünsürləri qəbul etmir və bu terrorçuları yox edəcəyini bildirir. Ancaq Türkiyənin digər kürd qruplarla iş birliyi, münasibətləri mövcuddur. Diqqət edirsinizsə, Amerika da PYD/YPG demir, kürdlər deyir. Bunlar incə oyunlardır. İŞİD-lə mübarizədə etnik məsələ qabardılmır, lakin PYD terror təşkilatı ilə Türkiyənin mübarizəsi zamanı etnik kimlik önə çıxarılır. Əslində bunlar terror qruplarıdır və onların etnik kimliyinin əhəmiyyətli olmamalıdır.
- Sizcə, yaxın günlərdə Menbiçlə bağlı əməliyyat reallaşa bilərmi?
- Burada məsələ o qədər də bəsit deyil. Burada Amerikanın mövqeyini də unutmamaq lazımdır. Üstəlik, ABŞ-da bölgədən tam çəkilməyib. Diqqətlə baxdıqdan məlum olur ki, ABŞ çəkiləcəm dedikdən dərhal sonra bölgədə terror aktlarının sayı artdı. Bu fəaliyyətləri bəhanə edərək, ABŞ çəkilməyə ara verə, İŞİD-in hələ güclü olduğunu deyə bilər. Biz sanki ABŞ-ın bölgədən çəkildikdən sonrakı hadisələr haqqında danışırıq.
Nəzərə almaq lazımdır ki, bir çox həmlə və oyunlar var ki, onları düzgün hesablamaq vacibdir. Moskvada görüş zamanı tərəflər istəklərini ən yüksək səviyyədə bildirərək, lazımı addımların atılmasını gündəmə gətirib. Hesab edirəm ki, Putin Türkiyənin nə istədiyini anlayıb, eləcə də Türkiyə Rusiyanın nə istədiyini ən yüksək səviyyədə eşidib.
- Bu gün bəlli olur ki, Trampın Suriya üzrə xüsusi elçisi Ceyms Jeffri Türkiyəyə səfər edəcək. Bu səfər Ərdoğanın Moskvada apardığı danışıqlarla əlaqəli ola bilərmi?
- Bəli, belə bir səfərin olacağı açıqlanıb. Ümumən son zamanlarABŞ-dan Türkiyəyə çoxlu sayda belə səfərlər olur. Məncə, elçinin gəlişi daha çox ABŞ-ın Suriyadan çəkilməsindən sonra bölgədəki hadisələr, kürd qrupu ilə əlaqələr, bölgədə ABŞ-ın maraqlarının qorunması və təmin edilməsi kimi məsələlərlə bağlıdır. Təbii ki, rus-türk münasibətləri də gündəmə gətirilə bilər.
- İdlibdə də vəziyyət mürəkkəbdir və Türkiyə faktiki olaraq orada bir iş görə bilmir. Rusiya isə əvvəlcədən oradakı silahlı qüvvələri məhv etmək niyyətini ifadə edir. Burada hansı ssenari baş verə bilər?
- Terror məsələsi həssasdır. İdlibdə terror fəaliyyəti var. Bunu anlamaq lazımdır və Türkiyə bilir ki, İdlibə qarşı keçiriləcək hərbi əməliyyat zamanı böyük köç dalğası yaşana bilər. Köçkünlər isə xilas üçün Türkiyəyə üz tutacaqlar. Başqa sözlə, Türkiyə maksimum İdlibdəki qrupların fəaliyyətinin dayandırılmasına çalışır. Amma son zamanlar İdlibdə də təxribat məqsədilə terror aktlarının sayı artır. Fikrimcə, İdliblə bağlı fərqli variantlar yaşana bilər. Hətta Rusiya və Türkiyə birlikdə orada əməliyyat keçirə bilər.
- Belə birgə əməliyyat Menbiçdə də keçirilə bilərmi?
- Nəzəri baxımdan istisna edilmir. Ancaq Putin buna razılıq verməz. Ruslar bu əməliyyata razılıq versələr, kürdlərlə əlaqələrinə ciddi zərər vurmuş olarlar.