Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Fuad Muradovun müsahibəsini təqdim edirik.
Fuad müəllim, müsahibəmizə gənclərlə bağlı qəbul olunan Dövlət Proqramının tarixi əhəmiyyətindən söhbət açaraq başlamaq istərdik.
- Bir neçə gün öncə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Təbii ki, bu, dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir.
Sözügedən Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı gənclər sektorunun, o cümlədən gənclərin fərdi inkişafını nəzərdə tutan xeyli sayda tədbirlərdən ibarətdir.
Bu tədbirlərdən ən önəmli və xüsusi əhəmiyyət kəsb edənlərini ümumiləşdirsək proqramın tarixi əhəmiyyəti haqqında aşağıdakı istiqamətləri əldə etmiş olarıq:
-Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi;
- Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi;
- Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin yüksək səviyyədə aşılanması;
- Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;
- Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi, hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, keçirilməsi üçün şəraitin yaradılması;
- Gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili;
- Gənclər üçün əmək yarmarkalarının keçirilməsi;
- Gənclərin müəssisə və təşkilatlarda onlar üçün müəyyən edilmiş kvota əsasında işə düzəlmələrinə dövlət nəzarətinin gücləndirilməsi. Bununla bağlı işəgötürənlərin motivasiya olunması üçün təklifimiz də var - müəyyən dövrdə vergidən azad olunma kimi;
- Gənclərin məşğulluğunun dəstəklənməsi məqsədi ilə aidiyyəti dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələrin həyata keçirilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi;
- Gənclərin dövlət qulluğuna cəlb edilməsinin təşviq edilməsi;
- Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi.
Yuxarıda sadalanan istiqamətlər əsas prioritet sahələrdir. Bu proqram da əvvəlki kimi uğurla həyata keçriləcək və bütün gənclər bundan yararlanacaq.
Tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi istiqamətində atılan addımlardan və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən söhbət açardız.
- Proqramda strateji istiqamətlərdən biri də tələbə və gənclərin savadlı və ziyalı təbəqəsinin inkişafına dəstək olmaqdır. Bu baxımdan, ali və orta ixtisas təhsili müəssisələrində Tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi, tələbələrin elmi-tədqiqat işlərinə həvəsləndirilməsi, gənclərin təhsil müəssisələrinin idarəçiliyində yaxından iştirakına şərait yaradılması, özünüidarəetmə orqanlarının inkişafına dəstəyin artırılması, habelə tələbələr arasında festival və müsabiqələrin keçirilməsi bu sahənin inkişafında önəmli addım olacağına inanırıq.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və bu əməkdaşlıq çərçivəsində beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin dəstəklənməsi, təlim kurslarının, seminarların keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili çox vacib məsələlərdəndir.
Düşünürük ki, xarici və yerli səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin Gənclər Günü münasibətilə mükafatlandırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə çempionatların keçirilməsi, istedadlı və yaradıcı gənclərin nailiyyətlərinin təbliğ edilməsi, gənclərdə yeni həvəs və motivasiya yaradacaq.
Göründüyü kimi, gənclərin elmi fəaliyyəti və yaradıcılığı üçün hər bir şərait mövcuddur. Demək olar ki, əksər regionlarda “Gənclər evi”, müxtəlif mərkəzlər var. Həmçinin istər dövlət televiziyasında, istərsə də İctimai Televiziyada gənclərlə bağlı ayrıca proqramlar mövcuddur.
Gənclər sektorunda hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində hansı işlər görülür?
- Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması bizim üçün önəmli sahədir. Təbii ki, normativ hüquqi bazanın yenidən təkmilləşdirilməsində yeni qəbul olunmuş proqram qarşımızda yeni vəzifələr və məsuliyyətli iş tələbi qoyur.
Belə ki, normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi qarşıda duran vəzifələrdir.
Qeyd edək ki, bu gün ölkəmizdə gənclər üçün əhəmiyyətli qanunvericilik bazası mövcuddur. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” qanunla müəyyənləşdirilib. Bundan başqa, 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar, habelə Dövlət proqramları qəbul edilib. Lakin, sözsüz ki, bu hüquqi sənədlər də ildən-ilə təkmilləşdirilməli və günün tələblərinə uyğunlaşdırılmalıdır.
- Siz, həmçinin Milli Məclisdə Gənclər və İdman Komitəsinin sədrisiz. Bu haqda məlumat verərdiz?
- Gənclər sahəsində aparılan uğurlu siyasətin məntiqi davamı kimi Milli Məclisdə Gənclər və İdman Komitəsi fəaliyyətə başlamışdır ki, bu komitəyə rəhbərlik etmək məsuliyyəti də mənə həvalə edilib. Ölkənin ali orqanında gənclərin təmsil olunması və eyni zamanda onların inkişafı üçün ayrıca komitənin yaradılması, yəqin ki, bu istiqamətə öz töhfələrini verəcək. Bu gün komitə olaraq dövlət gənclər və idman siyasətinin daha da uğurlu həyata keçirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsinə bütün gücümüzlə çalışırıq. Məlumat üçün bildirim ki, bu yaxınlarda bir neçə yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Bu gün ölkənin inkişafında gənclərin rolu nə dərəcədədir və sonda qəzetimizin gənc oxucularına nə tövsiyəniz var?
- Günümüzdə gənclər, dövlət siyasətinin tərkib hissəsidir. Yəni gənclərin inkişafını dövlətin inkişafından kənarda görmürük. İnformasiya texnologiyaları bugünkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Ölkədə gənclər mühüm bir platforma kimi formalaşa bilib. Modern gənclik formulunun yaranması cavanların birləşdiyi ictimai təşkilatların cəmiyyətə ötürdüyü mesajlardan da çox asılıdır. Bizim gənclik azad düşünür, demokratik sistemdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Üstəlik dövlətdən də ən yüksək səviyyədə dəstək alır. Ən parlaq ideyalar, cəlbedici proqramlar kənarda qalmır. Ən mühüm olanı budur. Gənclər təhsilə xüsusilə fikir verməlidirlər. Bu gün zaman gənclərin öz üzərində işləmələrini və novator olmağını tələb edir. Azərbaycanın belə gənclərə ehtiyacı var. Bu gün gənclərin imkanları var ki, istənilən istiqamət üzrə peşə seçsinlər. Əgər kimsə xaricdə oxumaq istəyirsə, bunun üçün Dövlət Proqramının verdiyi imkanlardan istifadə edə bilər. Bugünkü qloballaşma dünyasında yeni nəsil üçün, demək olar ki, sərhəd yoxdur. Ona görə, fikrimcə, biz daha çox dəyərlərimizi qoruyub saxlamalıyıq. Azərbaycanın çox qədim tarixi, yaxşı adət-ənənələri var. Bunların qorunub saxlanması ölkəmiz üçün çox vacibdir. Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Fikrimcə, gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bura Azərbaycanın ərazi bütövlüyü, ölkənin dövlətçilik ənənəsinin qorunub saxlanması, müstəqilliyin müdafiəsi daxildir.
Müasir Azərbaycan gəncliyi bizim müstəqil bir ölkədə yaşamağımız, müstəqil bir ölkənin vətəndaşı olmağımız, milli kimliyimizin dünya tərəfindən qəbul edilməsi üçün Heydər Əliyevin nə qədər əziyyətlər çəkdiyini çox yaxşı bilir. Heydər Əliyev bizə dünyanın ən böyük əmanətini miras qoyub. Bu, Azərbaycanın müstəqilliyidir. Biz bunu dərk edirik və müstəqilliyimizin davamlı olması, dövlətimizin güclü olması üçün üzərimizə düşən yükü götürməliyik. Bu mənada Azərbaycan gəncliyinin fəaliyyəti qənaətbəxşdir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk. Mən son illərin gəncliyini Azərbaycan tarixində millətinə, dövlətinə bağlı ən böyük milli qüvvə hesab edirəm.
Sonda gənclərimizi çalışdığı hər bir sahədə uğurlar əldə etməyə, dövlətinə sədaqətli olmağa, xalqına layiqli övlad olmağa səsləyirəm. Həqiqətən, Azərbaycan gəncliyi hər şeyə qadirdir.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub