SON DƏQİQƏ
» » Hacı Soltan Əlizadə: "Ölü yiyəsi bilmir ki, əzizinin dəfn mərasimini yerinə yetirsin, yoxsa"...

Hacı Soltan Əlizadə: "Ölü yiyəsi bilmir ki, əzizinin dəfn mərasimini yerinə yetirsin, yoxsa"...

Tarix:

19-04-2017, 14:43

/ 8 082 dəfə oxundu.
Hacı Soltan Əlizadə: "Ölü yiyəsi bilmir ki, əzizinin dəfn mərasimini yerinə yetirsin, yoxsa"...

 


Azərbaycan mədəniyyətinin və adət-ənənələrinin formalaşmasında islam dininin böyük rolu olub. Din-insanları hiss üzvləri ilə dərk edilən dünya gerçəkliyi arxasındakı daha əhəmiyyətli gerçəkliklə bağlayan yoldur. Bu yol insanlara gözəl əxlaq sahibi olmağı, yaxşılıq etməyi, pislikdən çəkinməyi öyrədən Allah yoludur. Allah sevgisinə qovuşduran yoldur. İnsan dünya həyatında hər şeyin ötəri, keçəri olduğunu görür: doğulur, yaşa dolur, qocalır, ölür. Din insan həyatının ən mühüm təzahürlərini – ailədə və məişətdə davranış qaydalarını, əxlaq normalarını, əməyin təbiətə, cəmiyyətə, dövlətə münasibəti müəyyən edir. Din Allaha itaətdir. Bu gün dünyada ən geniş yayılmış dinlərdən biri olan İslam artıq XIV əsrdir ki, öz mənəvi dəyərləri, əxlaq və hüquq normaları, mədəniyyət qurmaq qüdrəti öz ardıcıllarının həyatını adət-ənənələrini, davranış və düşüncə tərzini müəyyən edir, onlara dünya duyumu və mənəviyyatın təməlini təşkil edən meyarlar verir. Bu müddət ərzində Azərbaycan xalqı da başqa müsəlman xalqaları kimi İslam dəyərlərindən bəhrələnmiş, bu dini saflaşdırıcı mədəni ənənələrindən təsirlənmişdir. İslamın əsas mənbəyi Quran sayılır. Müsəlman cəmiyyətinin qayda-qanunları, əxlaq normaları, mədəni dəyərləri bu kitabda cəmlənib. Quranın əqidə, ibadətlər, əxlaq və şəriət məsələləri ilə bağlı hökmləri müsəlmanların din və dünya işlərini təmin edir. Göründüyü kimi, Allah-taala İslamın modeli olan, dinimizin əsası sayılan Qurani-Kərim vasitəsi ilə adət-ənənələrimizi insanlara çatdırır. Bəs niyə biz ilahi kitab olan Quranda qeyd edilənlərə riayət etmirik? (Mən dəfələrlə Buzovnada yas mərasimlərində iştirak etdiyim zaman məclisdəki dindarların əksəriyyəti kəndin axundu Hacı Soltan haqqında rəğbətlə danışdıqlarını eşitmişəm). Bu məqsədlə Buzovna kəndinin axundu, Qafqaz Müsəlmanları Dini idarəsinin qazisi Hacı Soltan Hüseynqulu oğlu Əlizadəyə müraciət etdik.
-Hacı, Qurani-Kərimdə dünyasını dəyişən əzizlərimizin dəfn mərasimləri barədə nə deyilir?
-Quranda Allah-Taala tərəfindən dünyasını dəyişənə dinimizə vacib olan beş şey buyrulur: üzünü qibləyə çevirmək, yumaq, kəfənləmək, meyit namzı qılmaq, dəfn edəndə təlqin etmək. Böyük İslam alimlərinin fikirlərinə görə, şəriətdə üç gün ərzində dünyasını dəyişənin yaxın adamları yemək gətirə bilər. Ancaq indi görürsən ki, ölü yiyəsi bilmir ki, əzizinin dəfn mərasimini yerinə yetirsin, yoxsa ərzaq, çadır, qab-qacaq dalınca getsin. Yas mərasimlərində ehsan vermə adəti əfsuslar olsun ki, dinimizdə yarışma halına çevrilib. Sankiu dünyasını dəyişənə ehsan verməmək böyük bir qəbahət və hörmətsizlik əlaməti hesab olunur. Belə olan təqdirdə yas sahibləri borca girir və məcburi ehsan meydana çıxır ki, bu da İslam mədəniyyətinə ziddir. Biz peyğəmbərin buyurduğu yolla getməliyik. Əzizi dünyadan köçən insanın dərdinə şərik olmalıyıq. Əksər halda borcla mərasimləri təşkil etmək, dəbdəbəli məzar inşa etmək dinimizdə doğru deyil. Dinimizə görə dəbdəbəli ehsanlar, qəbirlər yanlışdır. İslamda israf qadağan edilir, bu, dinimizə uyğun deyil. Əfsuslar olsun ki, yas mərasimlərini aparan mollalar da dinimizdə yasaq olanlardan danışmırlar. Dəbdəbəli ehsan məclislərinin verilməsi, süfrələrin açılmasında məclisi aparan mollaların irad tutması çox vacibdir. Nəzərə alsaq ki, regionlarımızda dünyasını dəyişənlərə üç, yeddi, qırx, əlli iki gün hüzür saxlanılır. Yas mərasimləri əhalinin toplandığı yerdir, yaxşı olardı ki, xalq arasında tanınmış alimlərimiz, müəllimlərimiz israfçılığa qarşı öz münasibətlərini bildirsinlər. Cümə axşamlarını çay, qənd, limonla keçirmək olar. İslamda su da ehsan sayılır. Nəzərə alsaq ki, ham ıeyni gəlirə, maddi imkana malik deyil və dünyasını dəyişən əzizlərimizə oxunan və edilən dualardan başqa heç nə çatmır. Bunun əksinə olaraq yol salmaq, su çəkmək, bir imkansızın övladını oxutmaq, ona təhsil vermək çox böyük savab iş sayılır və hamı o şəxsin dünyasını dəyişənlərə rəhmət diləyər. İslam dinində yalan, xəyanət, riyakarlıq yoxdur. İslamda mərhəmət, həyat eşqi, bərabərlik var.
Təəssüf ki, Təzəpir məscidinin mərasim zallarında süfrəyə halva ilə bərabər noğul, marmelad və şirniyyat verilir. Bunlar azmış kimi, süfrəyə mandarin, alma, armud və üzüm qoyulur. Deyilənə görə, mərasim süfrəsi adambaşına 12-15 manata başa gəlir. Şadlıq saraylarında olduğu kimi, "yedi var, apardı yoxdu”. Bəs, belə süfrələrin açılması israfçılıq deyilmi? Deyirlər ki, hər gün yolunuzu qəbiristanlıqdan salın ki, axirət yerinin ora olduğunu unutmayasınız. Belə isə qəbirlərin ətrafına təmizlik üçün qoyduğumuz hər nə varsa, ələlxüsus Qaradağ rayonunda orda işləyənlər – gündə neçə məzar qazanlar tərəfindən oğurlanır və hələ də orada mal-qara otarılır. Axund Hacı Soltandan bunun səbəbini soruşduqda: - Əlbəttə ki, qəbirləri ziyarət etmək, ölümü, axirəti düşünmək və orada uyuyan ölülərin bağışlanması üçün Allaha dua etmək dinimizin tövsiyyə etdiyi əməllərdəndir. Deməli, qəbir və türbələri ziyarət etməkdə məqsəd ibrət almaq, axirəti xatırlamaqdır. Məzarlıqlara qoyulan əşyaların oğurlanması isə xoşagəlməz haldır. Məzarlıqlar ən müqəddəs yer sayılır. Əzizlərimiz, müqəddəslərimiz bu torpaqda uyuyur.
Bu gün qəbiristanlıqlara dini təhsili olmayanlar, oxuduqları duaları düzgün tələffüz etməyənlər cəmləşiblər. Ölənlərə və onların sahiblərinə hörmət əlaməti olaraq İslam Universitetinin tələbələrinin bu işi icra etmələri məqsədəuyğundur. Nəzərə çatdıraq ki, tarixi abidə sayılan Əjdərbəy məscidində və Mir Möhsün Ağa ziyarətgahında dilənlərin sayı ziyarətçilərdən çoxdur. Nəzərə alsaq ki, bu yerlərə xarici vətəndaşlar da gedir, belə xoşagəlməz hallar təcili aradan qaldırılmalıdır. Bunların əksinə olaraq, Buzovna kəndində olarkən yeddi kənd məscidində, Əli ayağı ziyarətgahında dilənənləri və nəzir qutularını gprmədik. Bunun ən böyük səbəbkarı görkəmli din xadimi, klassik ədəbi irsimizin fəal tədqiqatçısı və təbliğatçısı, şair, axund Hacı Soltan Hüseynqulu oğlu Əlizadəninn zəhmətinin bəhrəsi olduğunu söylədilər. Buzovnaya qədəm basarkən mağaza satıcıları, avtobus sürücüləri, əksər kənd camaatı axundun islam mədəniyyətinin, əxlaqının, dünyagörüşünün təbliğində böyük xidmətləri olan müdrik insan olduğunu bildirdilər. Axund gözəl avaza, səlis nitqə malik olmaqla Qurani Kərimdən surələri və hədisləri əzbər söyləyir. Hacı Soltanın böyüklüyü – vəzifəsindən, var-dövlətindən asılı olamayaraq hər bir dünyasını dəyişən kənd sakininin hüzr məclisində iştirak etməsindədir. Hacı Soltan həmçinin bildirdi ki, İslam maarifləndirici bir məktəbdir. O, hicab haqqında bunları dedi: Mədinə şəhərində bir cavan oğlan hicabsız olan naməhrəm bir qadına baxarkən başı divara dəyir və ölür. Bundan sonra Quranda Hicab ayəsi meydana çıxır. Hacı hətta "Dədə Qorqud” filmində kəlağayı örtüyünü misal gətirdi, baş örtüyü, hətta yaşmaq da ədəb, ehtiram əlamətidir, örtüyün böyük gigiyenik əhəmiyyəti də var. Kişilərdə də papaq milli geyimdir. Hacı Soltan orta məktəblərdə ilahiyyat dərslərinin keçirilməsini məqsədəuyğun hesab edir.
Buzovna kəndində gəzdiyim məscidlərdən birində divara vurulmuş şir və yanında müqəddəslərdən birinin təsviri nəzərimi cəlb etdi. Bunun səbəbini axund Hacı Soltandan soruşduqda belə izah etdi: İmam Əlinin şirlə rəmzini müqayisə edirlər, şirin qorilla kimi güclü bədəni güclü olsa da, fil ondan da güclü olsa da, əsl şirdə olan on bir müsbət xüsusiyyət var ki, bunlar imam Əliyə (ə) məxsus olan cəhətlərdir: 1.Şir ac olmasa, ov etməz. 2.Ov etdikdə, ehtiyacı olduğu qədər götürər. 3. Ov vaxtı ən güclü heyvanı seçər. 4. Hamilə heyvanı ovlamaz. 5. Ovladığı heyvandan birinci öz ailəsinə verər. 6. Heç vaxt başqasının artığını yeməz, yediyinin qalığını gizlətməz. 7. Hiyləylə pusqu qurmaz. 8. Meydana tək gedər. 9. Fərarilik etməz. 10. Vuruşdan qaçmaz. 11. Şir qocaldıqda öz sürüsündən uzaqlaşar. İslam dinində iki bayram – Qurban bayramı və Ramazan bayramı var. Əksər yerlərdə bu iki bayram arası Qara bayram kimi də qeyd edilir. Həmin qara bayram günü ölən insanların yaxınları ölənin evinə başsağlığına gedirlər və bu bayramı hüzünlü şəkildə keçirirlər. Bu adəti hətta Novruz bayramında da edirlər. İslam dinində belə bir adət yoxdur. Peyğəmbərimiz bildirib ki, bayram günündə sevinərlər, nəinki yas tutmaq, oruc tutmaq da qadağan edilib. Əgər bayram günlərində oruc tutmaq qadağan edilirsə, yas saxlamaq, bayramı yas havasında keçirmək dinimizə ziddir. Bunların əvəzində qəbiristanlığa gedib, əzizlərimizin məzarlarını kol-kosdan təmizləmək daha savabdır. Yaddan çıxarmaq olmaz ki, bayramda insanlar sevinir, qohumlarını, yaxınlarını ziyarət edər, dua oxuyarlar. Biz də çalışırıq ki, qara bayramı birdəfəlik ləğv edib, onu məzarlıqlara yönəldək. İslam dini xalqımızı birliyə, mehribanlığa, ləyaqətə, şərəflə yaşamağa dəvət edir – deyə Hacı Soltan Əlizadə bildirdi. Axund Hacı Soltan Əlizadə 40-a yaxın ədəbi, dünyəvi divanın, dini kitabların müəllifidir. "Qarabağ azad olan gün”, "Azərbaycan yaşasın”, "Vətən”, "Şuşa”, "Ana dilimdir”, "Şah İsmayıl Xətai”, "Seyid Əzim Şirvani”, "Ömər Xəyyam”, "Sədi Şirazi”, "Hafiz Şirazi”, Qarabağ müharibəsində şəhid olanlara, Azərbaycanın qəhrəman oğullarına, idman sahəsində qələbə çalan gənclərimizə həsr etdiyi çoxlu sayda şeir və qəzəlləri var. Hacının "Azərbaycan bayrağı” şeirindən bir hissəni diqqətinizə çatdırıram:
Başımızın tacıdır Azərbaycan bayrağı,
Hər bayraqdan ucadır Azərbaycan bayrağı!
Uca Tanrı Hacıya Zeynəb xanım, Ələviyyə xanım, Zəhra xanım və Yaxşı xanım kimi dörd qız övladı bəxş edib. Hacı Soltan həyat yoldaşı Hacı sara xanımla birlikdə övladlarını elmli, bilikli, tərbiyyəli böyüdüblər. Axund bildirir ki, elm İslamda vacib şərt hesab edilir, çünki elm peyğəmbərdən qalıb, mal-dövlər firondan. Axirətdə mal-dövlətin hesabları verilir. Sən var-dövləti qoruyursan, elm isə səni qoruyur.

Təhminə MUXTARQIZI
"Azad Azərbaycan" qəzeti
скачать dle 12.1

Şərhlər