SON DƏQİQƏ

Sənət əzmkarlığı ilə seçilən insan...

Tarix:

5-10-2024, 22:15

/ 8 511 dəfə oxundu.
Sənət əzmkarlığı ilə seçilən insan...

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yaradıcılıq ruhu ilə yaşayan rəssam Vüqar Əlidir. 

Vüqar Əli 1970-ci ildə Bakıda doğulub. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 3 yaşından rəssamlığa meyl edərək, daşın, divarın üzərində şəkillər çəkirdi. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına qoşulur. Hərbi xidmətdə olarkən rəssamlıqla məşğul olmağa davam edir. Hərbi xidməti bitirdikdən sonra sənədlərini verərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənaye qrafikası fakültəsinə qəbul olur. Sənaye qrafikası fakültəsində keramikadan tutmuş, qrafika, heykəltaraşlıqla yaxından tanış olması rəssamlığa doğru addımlamasına böyük təkan vermişdir. İlk sərgisi 15 yaşında ikən mərkəzi pionerlər evində baş tutub. Vüqar Əli 2016-cı ildə Bakı Caz Mərkəzinin təşəbbüsü ilə festivalın rəhbəri, görkəmli musiqiçi Rain Sultanovdan fərdi sərgi keçirmək təklifi alaraq "Caz" seriyasından olan "Caz rəngləri" adlanan 25 əsərdən ibarət sərgisini təqdim edir. 2019-cu ildə Muzey mərkəzində “Rənglərin ritmi” adlı fərdi sərgisini nümayiş etdirmişdir. “Rənglərin ritmi” sərgisi Bakı Caz festivalı sərgisinin davamı olaraq həyata keçirilmişdir. Sərgidə rəssamın 33 yeni əsəri təqdim olunmuşdur. Bu əsərdə həm yerli, həm də dünya cazının korifey və gənc nəslinin nümayəndələrini görmək mümkün idi. Həyatın ritmlərdən ibarət olması sərginin rənglərin ritmi adlandırılmasına səbəb olub. 2023-cü ildə isə Qız qalası qalereyasında "Dastan" adlı sərgisini tamaşaçılara təqdim edib.

-Rəssamlığa necə olub gəlmisiniz?

Məndən əvvəl qardaşımda rəssamlıqla məşğul olub. Rəhmətlik atamda gözəl rəsmlər çəkirdi, baxmayaraq ki, neft mühəndisi idi. Bu yəqin ki, irsi keçən istedaddır. İlk qələm götürüb rəsm cızmağım 3 yaşıma təsadüf edir. Orta məktəbdə istedadımı görən müəllimlərim məni rəssamlığa yönəltməyə başladılar. 2-ci sinifdən etibarən anam məni rəsm dərnəyinə apardı. 2-3 il dərnəkdə məğul olduqdan sonra Mərkəzi Pionerlər evində Məsmə Ağayevadan dərs aldım.

-Hansı rəssamlar sizi sənətə ruhlandırıb?

Əzim Əzimzadə, Kazım Kazımzadə, Salam Salamzadə, Elbəy Rzaquliyev, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə, Pablo Pikasso, Pol Sezan kimi sənətkarların yaradıclığından ruhlanmışam. Uşaqlıqdan bir çox muzeylərə, qalereyalara, sərgilərə getməyim, rəssamların yaradıcılığı haqqında məlumatlar toplamağım rəssam kimi püxtələşməyimdə böyük rol oynayıb. Azərbaycan incəsənəti ilə yanaşı, rus klassikləri rəssamları haqqında məlumatlar toplayaraq özüm üçün sistemli şəkildə yaradırdım.

-Rəssam kimi formalaşmağınızda kimlərin böyük rolu olub?

Məsmə Ağayevanın, Sabir Şıxlının böyük rolu var. Məsmə Ağayeva uşaqlıqdan məni formalaşdırıbsa, yeniyetməlik illərindən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində Sabir Şıxlının əvəzsiz rolu olmuşdur. Çünki orada kompozisiyanın sirləri,keçdiyi monumental nəqqaşlığın nə olması, müasirliklə ənənə qaydaları haqqında sirləri öyrənmişəm.

-Rəssamlıq insanda sonradan yarana bilər,yoxsa bu insanla birlikdə doğulan istedaddır? 

Bəli, o insanla birlikdə doğulan istedadır. Pislik də,yaxşılıq da insanla birlikdə doğulur. Ancaq yetər ki, o an lazımdır ki, o orada cücərsin. Ümumiyyətlə, incəsənət tarixinə nəzər yetirdikdə Van Qoq 34 yaşından sonra sənətə gəlib. İstedad cücərdi, sənətə sevgisi yarandı. Hər bir insanın içərisində gizli dünyası var. Yetər ki, o üzə çıxsın.

-Əsərlərinizdə olan al-əlvanlıq nədən irəli gəlir?

O insanın daxilindən irəli gəlir.İnsanın daxilində olan pozitiv və neqativ hisslərlə bağlıdır.

-Yaradıcılığınızda müxtəlif janrların olması nə ilə əlaqədardır?

Tələbəlik illərindən etibarən özüməməxsus xətt axtarışında olmaqla yanaşı,müxtəlif janrlarla maraqlanaraq yaradıcılığımda istifadə etmişəm. İnsan var ki, bir janrı götürüb ondan qırağa çıxa bilmir. Adam da varki, artıq tələbəlik illərindən özündə hansı imkanların olması axtarışdadır. Kamil rəssam qrafikanı da, rəngkarlığı da, heykəli də bacarmalıdır. Çünki Sovet dövründə də belə idi. Rəssamın sərgisi olanda onun 3 etapı sərgilənir. Onun qrafik işləri, rəngli işləri, forma və rəngli işləri sərgilənir. İnsan özü üzərində işləyəndə və sənətə baxışlarını cilalayanda bu prizmadan baxmalıdır.

-Rəsmin ideyası sizə necə gəlir?

Aktyordur, rəssamdır, rejissordur bu sənət yalnız ən çox müşahidə tələb edir. İnsan müşahidəsi güclü olmalıdır ki, nədənsə danışmalı, nəyi harda istifadə etməyi bacarmağı bilsin.

- Yaradıcılığınızda Qədim Bakı motivləri daha çox üstünlük təşkil edir. Bu sevgi haradan qaynaqlanır?

Tələbəlik illərindən mən realistik etüd janrını daim öyrənmişəm və bu mənə doğma olub. Tələbəlik illərindən etibarən Bakı etüdlərinə başladım və tələbəlik illərindən sonrada davam etdirdim. Mənə doğma və şirin olduğuna görə Bakı motivlərinə daha çox üstünlük verdim.

-Nə üçün müasir Bakı mövzusuna üz tutmursunuz?

Müasir Bakı mənə maraqlı deyil. 1980-1990-cı illərdə olan Bakının küçələri xüsusi maraq doğurur. Mən əvvəl gördüyüm Bakını indi görə bilmirəm. Tarixiliyimiz qorunub saxlanılmır, unudulmaq üzrədir. Şəhərin kaloriti qorunub saxlanılmır.

-Elə olub ki, kimisə çəkmək istəmisiniz, ancaq onu çəkə bilməmisiniz?

Olub. Ümumiyyətlə, elə hallar olur ki, insan görür, hiss eləyir, duyur ancaq layiqincə onu daxilən sevə bilmir. Ürək qəbul eləməyəndə alınmır. Rəssam komputer, çap maşını deyil ki, istənilən şəkli götürüb çəksin.

-İş prinsipiniz necədir?

Çox sərt.İş prinsipi odur ki,əgər mən bu işi etməliyəmsə bundan qorxmaq olmaz.Gərək ərsəyə gətirəsən.

-“Panorama Bakı” əsərini yaradıcılığınızın şah əsəri adlandırıram. Mənim fikrimlə razılaşırsınız?

Bu əsərdə realistik məktəb var. Realistik sənət məktəbinə görə məkanın düzgün verilməsi, perspektiv quruluşa görə elə adlandıra bilərsiniz. O, sizin subyektiv fikrinizdir.

-Xarici ölkələrdə olan sərgilərinizdə Bakı motivli əsərləriniz nümayiş etdirilib?

Orda iş prinsipləri və tələbat başqa şeylərə idi. Simpoziumlarda daha çox olmuşam. Orada monumental və abstrakt tələbata görə şərtlər var. O mövqedən yanaşmışam.

-Özünüzü novator rəssam adlandırırsınız?

Mənözümü adlandırmamışam.Ancaq insanlar adlandırır.

-Emalatxananıza turistlər, incəsənətlə maraqlanan insanlar gəlirlərmi?

Mənim emalatxanam demək olar ki, yoxdur. Balaca bir yer icarəyə götürmüşəm. Emalatxana almağa istək var, ancaq maddi imkanım yoxdur.

Elə olub ki, ürəyinizdən satmaq istəmədiyiniz əsəri məcbur olub satmısınız?

Bəli, əlbəttə olub.

-Elə olub ki, sizi ruhdan salmaq məqsədilə əsərlərinizi uşaq işlərinə bənzədiblər?

Bəli, çox olub. Ancaq mən onlara qulaq asmamışam, öz işimi daha da mükəmməlləşdirmişəm. İnsan gərək ruhdan düşməsin. Elə olur ki, qızğın iş gedən zaman elə vura bilərlər ki,s əni ruhdan salsınlar. Ona hazır olmaq lazımdır. Hər bir şey ola bilər. İnsan gərək ruhən möhkəm olsun.

-Əsərlərinizdə ad, soyadınızı qeyd etməyiniz xüsusi maraq doğurur. Bu nə ilə əlaqədardır?

Vüqar Əli imzası səbəbsiz yaranmayıb. Əsgərlikdə olandan formalaşıb. Atamın adı Əli olduğuna və atamın da rəssam olmaq arzusu olduğuna görə Vüqar Əli soyadı ilə yaradıcılığıma davam etdim.

-İşin bitdiyini necə hiss edirsiniz?

O, çətin prosesdir. Müəllimim Sabir Şıxlı həmişə deyərdi ki, işi vaxtında saxlamağı bacarmalısan. İşləyən zaman diqqətli olmalı, rəng balansı, kompozisiya qanunauyğunluqları qorunub saxlanılsın.

-“Dövran” əsərini necə oldu çəkmək qərarına gəlmisiniz?

Türkiyədə olan zaman dərvişlərin səma rəqsinə baxmışam. Mövlanə, Cəmaləddin Rumi ilə maraqlandım. Koniyada olan zaman Mövlanəni ziyarət etdim və o ideyalar, struktur ordan gəldi. Dərvişləri çox adam işləyib. Çox adam kopya edib. Mən üst görünüşdən çəkmişəm.

-Elə olub ki, sizin əsərlərinizi kopya etsinlər?

Bəli, kopya edənlərdə, icazəsiz çap edib restoranda asanlarda olub.

-Bəs siz onlara qarşı hər hansı tədbir görmüsünüz?

Mən zəng edib həmin restoranın sahibi ilə danışdım.Təklif etdim ki, həmin əsərin orginal variantı ilə sərgi təşkil edək. Məndə restorana işimi hədiyyə edim. Ancaq razılaşmadı. Baxır insanın vicdanına.

-Xatirələr əsasında portet çəkmək nə dərəcədə uğurlu alına bilər?

Oinsanın xatirələrinə baxır. Əlbəttə, uğurlu alına bilər. İnsanın hansı səpkidə çəkəcəyindən asılıdır.

-Elə hal olub ki, rəssamlıqdan bezib başqa sənətlə məşğul olmaq istəmisiniz?

Xeyr, heç vaxt elə hal olmayıb. Çünki insan insana, sənətə xəyanət edə bilər, ancaq sənət insana hər zaman kömək edir.

-Peşəkar rəssam kimi bu sənətlə məğul olanların hansı problemləri sizi daha çox narahat edir?

Sənətlə məşğul olan insanlar heç vaxt problemlərin bir-birlərinə demirlər. Məni ən çox tələbələr maraqlandırır. Əsas mütaliə, müşahidə, tariximizi öyrənmək, maariflənmək lazımdır. Böyük imkanların olmasına baxmayaraq maarifsizlik baş alıb gedir.

-Sizcə, rəssamın yaradıcılığının məhsulu olan əsərləri əl işi adlandırmaq düzgündür?

Əlbəttə, ürəkdən çıxmış əl işləri adlandırmaq düzgündür.

-Ailədə sənətinizi davam etdirən davamçılarınız var?

Xeyr, bir oğlum var. Başqa sahə ilə məşğuldur. Ancaq tələbələrim davamçılarımdır.

-Gələcək üçün hansı planlarınız var?

Hal-hazırda diplom layihələri, tələbələrin işləri ilə, hər il universitetdə rəssam olan müəllimlər elmi işini, öz yaradıcılıq işlərini universitetə ərməğan edirlər. O işlərlə məşğulam. Sərgilər üzərində çalışıram.

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər