SON DƏQİQƏ

Öz zəhmətinin bəhrəsilə ucalan sənətkar

Tarix:

14-03-2024, 23:12

/ 6 557 dəfə oxundu.
Öz  zəhmətinin bəhrəsilə ucalan sənətkar

Ağalar İdrisoğlu:  “ Vicdansız, ləyaqətsiz, simasız, yaltaq, məddah adamlardan geri baxmadan uzaqlaşın”.
Azərbaycan ədəbiyyatında, teatr sənətində, jurnalistikasında əvəzsiz xidmətləri olan yazıçı, rejissor, jurnalist, publisist Ağalar  İdrisoğlunun mart ayının 16-da 74 yaşı tamam  olur.Əlli ildən çox jurnalistika,  ədəbiyyat və  teatrsahəsində çalışan sənətkar  hər  üç sahədəinanılmaz dərəcədə çox  işlər  görüb.Belə ki, aktyor  kimi  bir-birindən maraqlı 40 rol oynayıb, 140  tamaşaya maraqlı quruluşlar verib. Jurnalist kimi 1500-dən çox məqalə, publisist yazılar, portret cizgiləri, oçerklər, resenziyalar yazıb, 150-dən çox hekayə, 7 roman, 12  povest, 16 pyes,  iyirmidən artıq  ssenari yazıb. Dünya dramaturqlarının 10 pyesini dilimizə çevirib. Bu xidmətlərinə görə Əməkdarİncəsənət Xadimi fəxri adına layiq görülüb.  Qızıl Dərviş və Osman Mirzəyev adına mükafatlar alıb. 1985-ci ildə SSRİ-nin 48  daramaturqu arasında onun”İnan  mənə” pyesi ən  yüksək mükafata layiq görülüb. “Məhəbbət və başqaları”SSRİ dramaturqlarının  pyeslərinin antalogiyasına daxil  edilib və  Moskvada “İskusstvo” nəşəriyyatında  rus dilindəçap  olunub.
Ağalar İdrisoğlu  bu  gün də ədəbiyyat, teatr, jurnalstika sahəsində  böyük maraqla, gənclik həvəsilə işləyir.
Ad günü ərəfəsində biz onunla həmsöhbət olduq.
-Ağalar müəllim, ilk olaraq özünüz haqda oxucularımıza qısa məlumat verməyinizi xahiş edirəm. 
-Lap uşaqlıq  illərimdənkeşməkeşli  günlər yaşamışam. Çoxkasıb bir ailədə doğulmuşam. Hətta 10 yaşımdan işləməyə başlayıb, evə maddi kömək etmişəm. Həyatda çox şeyə  heç bir arxa-dayaqsız, məhz  özüm  nail olmuşam. Bu haqda müsahibələrimdə demişəm, bədii əsərlərimdə ətraflı yazmışam. Hətta bununla bağlı  “Özünü  dəyiş” adlı fəlsəfi bir yazım da var. Bu yazını yüz  minlərlə  insan oxuyub. Yəni mənim ömür və yaradıcılıq yolumla oxucular yaxşı tanışdır.
-Teatra marağınız necə yaranıb? Teatr sizin üçün nə deməkdir?
-Teatra marağım lap uşaqyaşlarımdan, yeniyetməlik illərimdən yaranıb.  Masallıda dostum Şakir Həsənov və Adil Səfərovun yaratdıqları  Miniatür teatrında kiçik rollar  oynamışam.Amma aktyor  yox, rejissor olmaq istəmişəm. Hətta orta məktəbdə oxuduğum vaxt məktəbdə və sonra17 yaşımda dispetçer işlədiyim Maşın Traktor Stansiyasında dostum, həm də qudam, artıqdünyasını dəyişmiş Nadir AdıgözəlovlaDram dərnəyi yaradıb, kiçik səhnəciklər hazırlamışam. Sonra sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  dram və kino aktyorluğu  fakültəsinə verib, ora qəbul olmuşam. SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfində təhsil almışam. O vaxt bizim  kurs eksperimental idi. Rejissorlarla bir yerdə  oxuyurduq. İnstitutda  təhsil aldığım  vaxt  Bakı ədəbiyyat və  incəsənət işçilərinin  Mədəniyyət evində  Dram  dərnəyi  yaratmışam. Ali məktəbi  bitirəndən sonra, Sumqayıt Dövlət Dram Teatrında aktyor işlədiyimvaxt, yəni 1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə olaraq “Ümid” adlı Teatr-Studiya yaratmışam. Maraqlıdır  ki,  ilk tamaşa da Cəlil Məmmədquluzadənin “Kamança” faciəsi  olub.Bu tamaşanın da ilk premyerası 1977-ci ilin mart ayının 16-da olub. Elə bil  bu tamaşanı  öz  ad  günümə hədiyyə eləmişəm. 1979-cu ildə bu Teatr-Studiya Mədəniyyət naziri, çox böyük ziyalı Zakir  Bağırovun əmri ilə XalqTeatrı olub və Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı kimi Sumqayıt və respublika üçün çox işlər görüb. Bir vaxtlar orada-Teatr-Studiyada təhsil alanlardan bu gün teatr və incəsənətin başqa növlərində, eləcə də digər sənət sahələrində  xeyli çalışan  var. Belə ki, 300-dən çox insan həmin Teatr-Studiyanın və GənclərTeatrının “şinelindən” çıxıb.  On il bu kollektivə rəhbərlik etmişəm. Sonra da on alti il Ağdam DövlətDramTeatrına, Sumqayıt  Dövlət  Musiqili-Dram Teatrına və Azərbaycan-Dağıstan  Beynəlmiləl Teatr   truppasına rəhbərlik   eləmişəm.Həmin vaxt Sumqayıt Dövlət Dram Teatrında da tamaşalara quruluş vermişəm. Ona  görə də 1981-ci ildə  qəti  qərara gəldim ki, Moskvadakı A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutnun rejissorluq fakültəsinə  daxil olum. O zaman həmin ali məktəb ən əlçatmaz təhsil ocağı idi. Orada çoxlu xarici ölklərdən də tələbələr oxuyurdu.  Yəni Beynəlxalq səviyyəli ali teatr məktəb  idi. Mənimsənət müəllimim  isə bu gün Rusiyada və dünyada tanınan Aleksandr Aleksandroviç  Barmakidi. O,  məşhur rejissor,pedaqoq, Konstantin Sergeyeviç Stanislavskinin  və Vladimr Nemiroviç Dançenkonun  tələbəsiMariya Osipovna  Knebelin tələbəsi  idi. Mariya Osipovna da həmin  vaxt  dərslərimizə   gəlib, bizəhəm rejissura və həm də həyati məsələlərdən  maraqlı tövsiyələr verirdi. 
Sovetlərin dövründə mənə qədər   buranın rejissorluq  fakültəsini cəmi doqquz azərbaycanlı bitirmişdi. Mən onuncu oldum. 1986-cı ildə bu ali məktəbi bitirdim. Məndən sonra daha heç bir azərbaycanlı adı  çəkilən instituta daxil olmayıb. Bax, buna çox  heyifsilənirəm. Çünki, heç   olmasa məndən sonra7-8 nəfər  orada təhsil  alsaydı,bu gün rejissura sahəsində mövcud problemlərimiz olmazdı...
- Sevib-seçdiyiniz sənətə can qoymuş bir şəxs kimi, Əməkdar İncəsənət Xadimi olaraq  Azərbaycanda teatrın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? 
-Öncə vurğuladığım kimi, Teatra peşəkar rejissorlar çox gərəkdir. Danılmazdır ki, Teatrın güzgüsü rejissordur.  Aktyorluq  Allah vergisidirsə, rejissorluq sənətdir.  Bu sahədə hökmən ali təhsil almaq lazımdır. Bunu təkcə  mən  yox,  ustad  sənətkarlar da deyib. Bu  gün məmləkətimizdə  həm teatr və həmdə kino sahəmizdə peşəkar rejissorlara böyük ehtiyac var. Yeni  Mədəniyyət nazirimiz cənab Adil Kərimli bu  sahəyəçox  ciddi  fikir verməklə  istedadlıgənclərimizi  dünyanın tanınmış ali məktəblərində rejissorluq təhsili almağa  göndərərsə, inanıram ki, teatr, kino sahəmiz tezliklə  yüksək səviyyədə inkişaf edəcək.
-Gələcəkdə Azərbaycan teatrını, aktyorunu hansı mövqedə görmək istəyirsiniz? Teatr sənətinə dair arzularınız nələrdir?
- Aktyor sənəti çox dərin sahədir. Bu sahədə ilk öncə fitri istedad vacibdir. Aktyor yüksək  savada,geniş dünya  görüşünə, yaxşı  müşahidə qabiliyyətinə  malik böyük filosofkimi bütün elmlərdən xəbərdar olmalıdır. Ən əsası isə əsl şəxsiyyət olmalıdır. Təsəvvür edin ki, Antik Teatr dövründə ölkənin hökmdarları aktyorları başqa ölklərə diplomat vəzifəsinə  göndərirdilər. Arzum budur ki,teatrlarımızda əsl peşəkarlar çalışsın, bir-birindən maraqlı tamaşalarla izləyiciləri heyran etsinlər.
-Teatr aləminə gəlmək istəyən gənclərimizə nə məsləhət verərdiniz?
-Bu sənətə gələn şəxs öncə peşəsini  hədsiz  sevməlidir. O insan ki,  məqsədyönlü şəkildə, yəni  pul, ad-san, şöhrət xatirinə bu sahəni seçirsə, heç bir uğur əldə edə bilməz. Məsləhət görərdim ki, gənclərimiz öz üzərlərində yorulmaq bilmədən, ciddi çalışaraq sənətin sirrlərinə dərindən bələd olsunlar. Çünki teatr sənəti çox dərin bir sahədir. Bu sənəti  öyrənməyə bir ömür bəs eləmir.
-Həm ədəbiyyat,jurnalistika, həm də rejissoruluq sahəsində özünüzü yaxşı ifadə edirsiniz. Bunlardan hansı sizə daha doğmadır?
- Açığı, bu  üç  sahənin hər  birini sevirəm və hər biri  ilə  məşğul  olarkən özümü dənizdə balıq  kimi hiss edirəm. Düzdür, vaxt sarıdan çox çətinlik çəkirəm. Yəni həmişə zamandan gileyliyəm. Çünki görüləsi, yazası hələ çox işim var. Quruluş vermək  istədiyim xeyli əsər var.
-Yaradıcılığınızın qayəsini vətənpərvərlik mövzusu təşkil edir. Bu barədə nə deyərdiniz?
-Hər bir sənətkarın mənəvi borcudur ki, Vətəni haqqında  əsər qələmə  alsın və gələcək nəsillər üçün saxlasın. Axı məmləkətin tarixini  gələcək nəsillər  bədii, sənədli yazılar vasitəsilə daha yaxşı öyrənir. Mən vətənpərvərlik mövzusunda xeyli məqalə yazmışam. Bu haqda bir neçə hekayəm və povestlərim  də çap olunub. Hazırda iki pyes üzərində işləyirəm. Dostum, istedadlı yazıçı-jurnalist, “Təzadlar” qəzetinin, saytının və onlayn televiziyasının rəhbəri Asif Mərzili çox maraqlı “Sonuncu əmr”  adlı  romanını  yazıb. Bu, Qarabağ müharibəsində qazandığımız qələbəmizə həsr olunan ilk ən  böyük və sanballı  bədii əsərdir. Romanı oxuyandan sonra belə qərara gəldim ki, onun motivləri əsasında müəlliflə birgə  pyes hazırlayaq və səhnələşdirək. Hazırda bu iş üzərində ciddi  çalışırıq. İnanıram  ki,çoxmaraqlı bir tamaşa  alınacaq.
-Ağalar müəllim, məhsuldar çalışırısınız.  Çap olunmuş iyirmi kitabın, saysız-hesabsız məqalənin, hekayənin, essenin, elegiyanın,panfletin müəllifisiniz, çoxsaylı tamaşanın quruluşçu rejissorusunuz. Bütün bunların öhdəsindən necə gəlirsiniz?
-Mən gün ərzində vaxtımı  dəqiq bölürəm. Çalışıram ki, hər üç sahədə bacardığımı  eləyim. Axı mən daxilimdə iki insanı yaşadıram. 1940-cı ildə anadan olan və 1944-cü ildə, atam müharibədə olduğu vaxt anamın qucağında acından ölən Ağa adlı  qardaşımı və özümü. Maraqlıdır ki, o, 1940-cı ilin  mart ayının15-dəanadan olmuşdu.  1950-ci ilin mart ayının 16-da isə  mən anadan olanda onun şərəfinə mənə Ağalar adı qoyulub. Ailəmiz haqqında mənim üç hekayəm var: “Anamın nağılı”, “Qardaşım” və  ” İki qardaşın söhbəti”.  Bir povest üzərində də işləyirəm. Bəli, çox çalışıram və sözsüz ki, işlərimin nəticəsinioxucularım  və tamaşaçılar düzgün dəyərləndirirlər.
-Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
-Planlarım çoxdur. Artıq 75 yaşıma qədəm  qoyuram. Maliyyə imkanım olmadığına görə çap olunmayan on kitabım var. Amma bir neçə kitabım var ki, onları  bu il Allahın köməkliyilə  çap etməyi nəzərdə tutmuşam. Bir neçə  özümün və başqa dramaturqların pyesləri   var ki, onlara quruluşçu rejissor işlədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və  digər teatrlarda səhnə həyatı vermək istəyirəm. Təki sağlıq olsun!
- Sonda oxucularımıza ürək sözləriniz...
-Qürur duyuramki, Qalib bir məmləkətin övladlarıyıq. Bundan böyük  sevinc ola bilməz.  Şəhidlərimiz bizim and yerimizdir. Qazilərimizə müqəddəs insanlar kimi baxmalıyıq. 
Sonda fikrimi bu deyimlə bitirmək istəyirəm: “Çalışın ki, həyatda ləyaqətli adamlarla daha çox ünsiyyətdə olasınız. Onlarla mübarizə aparmaq da yaxşıdır. Nəinki alçaq, nakəs adamlarla. Çünki nakəslər, əbləhlər bu gün öz işləri xatirinə sizə təslim olsalar da bilin ki, sabah hökmən sizə bir pislik eləmək üçün məqam axtaracaqlar. Belə adamları heç vaxt yaxınınıza buraxmayın. Onlara heç vaxt sirr verməyin.
Vicdansız, ləyaqətsiz, simasız, yaltaq, məddah adamlardan geri baxmadan uzaqlaşın. Bilin  ki, onlar yeri gəlsə,Vətəni də, analarını da sata bilərlər”.
-Sizə gələcək həyatınızda və yaradıcılıq fəaliyyətinizdə uğurlar  arzu edirəm!
İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ