SON DƏQİQƏ
» » Sözün, nəğmənin ilahi gücünü yaşadan sənətkar

Sözün, nəğmənin ilahi gücünü yaşadan sənətkar

Tarix:

30-08-2023, 21:45

/ 6 987 dəfə oxundu.
Sözün, nəğmənin ilahi gücünü yaşadan sənətkar

“İlahidən pay yoxsa, dəyərli bir sənət nümunəsi yaratmaq mümkün deyil”.
Müğənni, bəstəkar Zəka Vilayətoğlu ilə müsahibə:
-Salam Zəka müəllim. Xoş gördük. Redaksiyamıza xoş gəldiniz. Sizə ənənəvi olaraq bir sual verəcəm. Zəka Vilayətoğlu kimdir?
-Salam! Xoş gördük, Günel xanım! Təşəkkür edirəm!
Zəka Vilayətoğlu mənim çox yaxşı tanıdığım adamdır. Bütün yaxşı və zəif, bəzən heç xoşlanmadığım cəhətləri ilə mənə doğma olan birisidir. Musiqiyə, sözə könül vermiş, özünü onlarsız heç cür təsəvvür edə bilməyən sadə bir sənət adamıdır, Zəka Vilayətoğlu! Elini, obasını, xalqımızı, vətənimizi candan sevən bir vətən övladıdır!
-Sizi ən çox müğənni kimi tanıyırıq. Özü də sevilən müğənni. Amma həm də şair, yazıçı, bəstəkar fəaliyyətiniz də var. Bu barədə oxucularımıza məlumat verərdiniz.
Çox şadam ki, məni bir müğənni kimi tanıyır və dəyərləndirirsiniz! Sənət adamı üçün bundan gözəl nə ola bilər?! Əgər bilsəydim ki, səsimin, ifalarımın, nəğmələrimin, insanlar üçün bir dəyəri yoxdur, həmən bu işdən vaz keçər, nə vaxtımı itirər, nə də insanları incidərdim. Amma illər boyu hər yerdə məni tanıyanların sevgi və sayğısına tuş gəldikcə ruhum qanadlanıb, ürəyim, sözlə ifadəolunmaz dərəcədə fərəhlə döyünüb.
Şairliyə, yazıçılığa, bəstəkarlığa gəldikdə isə, bu da Tanrının mənə bir lütfü, bir ənamıdır, desəm, yanılmaram. Amma bu lütf, bu ənam hansı xidmətimə görədir, deyə bilmərəm. Tanrı hər yaratdığına mütləq mənada xoş olan nələrsə bəxş edir. Adi halımda mən özümü şair, yazıçı, bəstəkar hesab etmirəm. Olur ki, ruhumda, qəlbimdə bir sükunət hiss edirəm. Sanki fırtınadan, təlatümdən yorulub, sakitləşmiş bir dəniz sakitliyi yaranır ruhumda, qəlbimdə. Şairlikdən, yazıçılıqdan xəbər verə biləcək bir sözün çırpıntısını belə hiss etmirəm. Qısası, hər şey İlahinin qüdrətinə, hikmətinə bağlıdır. Bəstəkarlıq da həmçinin. Mahnı bəstələyərkən mətnlərdən çox şey asılı olur. Yaxşı mətnlər könlümü oxşayınca musiqisi çox rahat bəstələnir.
-Zəka müəllim, bildiyimiz qədər çoxlu sayda bəstələriniz var. Ümumiyyətlə, bütün bunlar sizin üçün bir məktəbdi, yoxsa Allah vergisi?
Bəli, düz vurğuladınız çoxlu sayda bəstələrim var. Ədəbi aləmdə tanınmış şairlərin şeirlərinə və digə şeirlərə mahnı bəstələmiş və ifa etmişəm. Az öncə qeyd etdiyim kimi, bunlar hamısı Allah vergisidir. İlahidən pay yoxsa, dəyərli bir sənət nümunəsi yaratmaq mümkün deyil. Təbii ki, hər bir istedadın yetişməsində məktəbin rolu böyükdür. Bu məktəb əyani şəkildə də ola bilər, qiyabi şəkildə də. Yəni müəllim, ustad yanına dərs almağa getmədən, geniş mütaliə, zəhmət və gərgin axtarışlar nəticəsində püxtələşmək, öz cığırını, öz yolunu açmaq mümkündür. Bir şərtlə hər şeyi şüurlu şəkildə edəsən. Əks halda təqlidçilik baş verir və açılmış, keçilmiş yolla getməyə məcbur olursan.
-Deyərdim ki, yerin, yurdun da burda payı var. Siz Vətənimizin dilbər guşəsi Gədəbəydənsiniz. O dağların havası sizin ruhunuza hopub. Elə deyilmi?
Heç şübhəsiz! İnsan övladı dünyaya gələrkən ilk gördüyü anası, sonra atası, daha sonra doğulduğu mühit olur. Zənnimcə, insan, zahiri görünüşşcə ata-anasına oxşasa da, daxilən, mənəvi baxımdan, daha çox doğulduğu, boy atdığı mühitə bənzəyir. Necə ki mənim doğulduğum mühitin insanlarının böyük əksəriyyəti qəlbən, ruhən saza bağlıdırlar. Çünki onlar gözlərini dünyaya açandan, ana laylası ilə yanaşı saz musiqiləri dinləyib, sazın sədaları altında boy atıblar. Bir sözlə, mənim həyatımda, yaradıcılığımda doğulub, boy atdığım ulu yurdumuzun, gözəl təbiətimizin rolu çox-çox böyükdür. Mən dağları anam qədər sevirəm. Dağlar mənə saflığı, ucalığı öyrətdi. Əlbəttə, deyə bilmərəm, o öyrəndiklərimə əməl edə bildim, ya yox... Bildiyim bir bu ki, dağlara, doğulduğum yurdun gözəl təbiətinə candan bağlıyam. Hansı ki, hər dağlarla görüşə gedəndə gözlərim dolur, kövrəlirəm. Qollarıma, qucağıma sığsa, doğma anam kimi qucaqlayıb daş üzündən öpər, bağrıma basaram.
Dağların görüşünə getdiyim günlərin birində anidən ruhumda cilvələnən bir şeirimi sizinlə bölüşmək istəyirəm:
Nə zamandır, görməmişdim,
Dağları gördüm, ağladım!
Hər daşına, qayasına
Üzümü sürtdüm, ağladım!

Daşyarpızı qoxusuna,
Quşların şən oxuşuna,
Bayıldım, düşdüm ovsuna,
Gülünü dərdim, ağladım!

Bu daş vətən, bu dağ vətən,
Bu çağlayan bulaq vətən
Yaxın vətən, uzaq vətən,
Sevincim, dərdim, ağladım!

Bir qüdrətdi, əzəmətdi,
Mənə ucalıq öyrətdi,
Zəka, bu nə məhəbbətdi,
Könlümü verdim, ağladım!

-Sənət aləmində sözünüzü yetərincə deyə bimisiniz, yoxsa hələ planlarınız var? Yəni bəstəkar, müğənni kimi...
Hələ sözüm çoxdur. Mahnılarım çoxdur. Sadəcə təbliğatı zəifdir. Bəzən görürsən, çox adi, çox bəsit bir mahnını o qədər təbliğ edirlər ki, artıq sənin də beynində gün ərzində səslənməyə başlayır. Çoxluq da elə zənn edir, elə ən yaxşı mahnı budur və beləcə insanların zövqü olduqca korlanır. Amma ruhdan düşmürəm. Nə qədər ki enerjim, həvəsim var, yeni nəğmələr yazıb oxuyacağam. İnanıram, sabah, birigün və ya mən həyatda olmayanda kimlərsə yazdığım mahnılardan birini, bir neçəsini yada salacaq, işığa çıxaracaq. Heç nəyin boşuna yaranmadığına güclü bir inamım var...
-Ədəbi sahədə necə, qələminiz susmayıb ki?.. Oxucularımızı yeni əsərlərinizlə nə vaxt sevindirəcəksiniz?
Ədəbi sahədə də axtarışlar davam edir. Ara-sıra şeirlər yazıram. Könlümcə olanını sosial şəbəkələrdə paylaşıram. Nəsrdə isə,.. çoxdandır bir roman üzərində işləyirəm. Ümid edirəm, 2024-də kitab halında oxuculara təqdim edəcəm.
Keçək  bir az ictimai mövzuya. Son zamanlar, şair, bəstəkar, müğənni çoxalıb. Amma keyfiyyət aşağıdır. Bir sənətkar kimi buna baxışınız?
Bu, bütün sahələrdə belədir. Sadəcə şair, müğənni, bəstəkar üzdə olanlardır deyə, onlar tez nəzərə çarpırlar. Əlbəttə, bu, heç də ürəkaçan deyil. Azadlıq gözəl nemətdir, amma musiqidə, ədəbiyyatda yaranan bu azadlıq, cilovsuz, yəhər-yüyənsiz xəfkir ata bənzəyir. Dəlicəsinə hara gəldi, necə gəldi çapır, belindəki adamın daşa-qayaya çırpılıb tikə-parça olacağının fərqinə də varmır. Bax, beləcə, miusiqimizdə və ədəbiyyatımızda baş verən bu cür azğın azadlıq ruhumuzu, qəlbimizi tikə-parça etməkdədir. İnsanlarımızın zövqü günbəgün korlanır, bəsit, bəzən ədəbsiz nümunələrə meyl edənlərin sayı günbəgün artır. Bunların arasından seçilmək, boy göstərmək müşkülə çevrilir.
-Bəziləri ağlına nə gəldi edir və zamanın üzərinə buraxır. Zamanı yükləyən bu cahil təbəqə sizin kimi sənət adamının vaxtını, zamanını əlindən almırmı?
Hər kəsin bir ömür payı olduğu kimi, bir ömür vaxtı da olur. Bu qiymətli vaxtdan hərə bir cür istifadə edir. Əlbəttə hər ağlına gələni cəmiyyətə sırıyıb vaxtı, zamanı gərək bulandırmaya, çirkləndirməyəsən. Öz ömür vaxtından səmərəli istifadə edənlər ağıllı adamlardır. Yəni bu səmərə tək onun özü üçün deyil, cəmiyyət, xalq, vətən üçündür və belə olan halda insan xoşbəxt olur. Vaxtın önəmi, dəyəri mənim üçün olduqca böyükdür. Hər yeni mahnı, şeir, hekayə yaznda, elə bilirəm, ömrüm on il də uzanır. Ona görə də vaxtımı səmərəli işlərə sərf etməyə çalışıram. Bəzən bu vaxtın arasına həyasızcasına soxulanlar da olub, vaxtımı oğurlayıb. Buna çox təəssüflənmişəm. Gərək gərəksiz işlərə, gərəksiz adamlara vaxt sərf etməyəsən.
-Mən sizdən müsahibə götürəcəyim haqda anam Nəcibə İlkinə      deyəndə, sizi çox təriflədi. Hətta çox şeyləri ondan öyrəndim. Zaman, deyəsən, anam kimi, sizin kimi dəyərli qələm adamlarına az işləyir?
Bu işdə zamanın heç bir günahı yoxdur. Yaşadığım illər boyunca bir həqiqəti dərk etdim ki, sən özün cəfa çəkib alaq otlarının arasından boy göstərməsən, dik dayanmasan kimsə səninlə ilgilənməyəcək. Bu, heç çoxlarının marağında da deyil. Hərdən də fikirləşirəm ki, axı mənimlə maraqlanmağa, mənim işimi, sənətimi dəyərləndirməyə, nə bilim təbliğ etməyə bir kimsə borclu deyil. Bu yöndə kimsənin bir öhdəliyi də yoxdur. Hə olsun, mən müğənniyəm, yazıçıyam, şair, bəstəkaram. Olsun, lap yaxşı. Bundan kimə nə?.. Və beləcə öz hücrəmə çəkilib kimsədən diqqət, qayğı ummadan, gözləmədən öz xoşbəxt yaradıcı həyatımı yaşamağa davam edirəm. Gözəl olan budur. Yaradıcılıq nümunələrim hər kimin könlünü xoş edər, ruhunu qidalandırar, bu da məni rahat edər. Həyat budur, yaşamaq budur, gözəllik budur!
-Hər halda  C.Novruz demişkən “Sağlığında qiymət verin insanlara”  fikri sizə də şamil olunur.  Dəyərinizi almaq sizin haqqınızdır.  Düz deyilmi?
Sizin kimi qiymət, dəyər verən insanlar var olsun. Yada salır, diqqət göstərirsiniz. Bu, mənim ən gözəl mükafatımdır. Sizin kimi insanların varlığı, sənət adamlarının varlığı deməkdir. Siz olmadan sənət adamı kim üçün yaradar, kim üçün yaşayar? Dünyada ən ağrılı və ən çətin və ən qorxulu şey bir insanın, yalnız özü üçün yaşamasıdır. Sizin dediyiniz o böyük dəyərə gəldikdə isə, düşünürəm, hələ ki mən o böyük dəyərə layiq elə bir iş görməmişəm. Hələ vaxta var, hələ həyat davam edir!..
-Zəka müəllim söz, musiqi eyni yol gedir. Ayrılmaz dostdrular. Əsas sizin onlara olan sevginiz və bu sevgidən yaranan əsərlərdir. İstər musiqiçi kimi, istər şair, yazıçı kimi onlarla yol getmək çətinlik törətmir ki, sizə?
Müsahibələrimin birində demişdim: Söz və musiqi mənim ruhumun qanadlarıdır. O qanadlarla ruhum fəzalara uçur. O qanadlar olmadan özümü yerə çırpılmış gərəksiz bir əşya kimi hiss edərəm.
-Sonda ailənizdə yolunuzu davam edən kimsə varmı?
Davam etdirən yoxdur. Özüm istəmədim. Oğlum Əli və Toğrul musiqiyə çox bağlıdırlar. Amma istəyirəm ciddi, savadlı elm adamları olsunlar. Əli bu il on birinci sinfi bitirdi. Tələbə adını qazanacağı günü həyəcanla gözləyirik. Toğrul isə bu il səkkizinci sinifdə oxuyacaq. Humanitar fənnlərə marağı böyükdür. Güclü fantaziyası var. Gələcəkdə yazıçı olacağından şübhələnirəm. Olsun! Etirazım yoxdur. Bununla yanaşı ciddi elm adamı olmağını istəyirəm.
Maraqlı müsahibə üçün çox sağ olun Zəka müəllim. Sizə işinizdə və həyatınızda uğurlar diləyirəm.
Günel Əhmədqızı
GunAz.az-ın əməkdaşı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ