SON DƏQİQƏ
» » Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir- Cavanşir Feyziyev

Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir- Cavanşir Feyziyev

Tarix:

19-07-2022, 18:21

/ 1 194 dəfə oxundu.
Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir- Cavanşir Feyziyev

30 il ərzində Azərbaycan və Ermənistan münaqişə tərəfləri rolunda çıxış ediblər. 10 noyabr tarixli Təslim Aktı ilə Ermənistan məğlubiyyətini qəbil edib və münaqişənin başa çatması ilə bağlı üzərinə öhdəliklər götürüb.

Bu Bəyanatdan sonra iki ölkə arasındakı münasibətlərin inkişafı post-münaqişə dövrünün qanunauyğunluqlarına müvafiq olaraq məhz Bəyanatda əks olunmuş tələblərin yerinə yetirilməsinə əsaslanır. Azərbaycan tərəfi Bəyanatın tələblərinə uyğun olaraq əks-hücum əməliyyatlarını dayandırıb və Azərbaycan ərazisində ermənilərin kompakt yaşadığı əraziyə maneəsiz dəhlizi təmin edib.

Ermənistan isə Bəyanatın bir neçə bəndi üzrə öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Bu ilk növbədə bütün erməni hərbi qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması, sərhədlərin demarkasiya və delimitasiyası və Azərbaycan qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa maneəsiz nəqliyyat dəhlizinin yaradılması ilə bağlı olan məsələlərdir. Son iki ildə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə Ermənistan 10 Noyabr Bəyanatına sadiqliyini təsdiq etsə də tələblərin yerinə yetirilməsi üzrə əməli addımlar atılmır. Belə bir şəraitdə Azərbaycanın öz tələblərini sərtləşdirməsi və adekvat addımlar ata biləcəyi barədə Ermənistana ünvanladığı xatırlatmalar erməni cəmiyyətini və hakimiyyətini təşvişə salır.

Odur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində erməni hərbi qüvvələrinin sentyabr ayınadək Qarabağ ərazisindən tam çıxarılacağını və bir daha erməni hərbi çağırışçılarının Qarabağ ərazisinə göndərilməyəcəyini elan edir.

 

Hazırda Azərbaycanın sayəsində Cənubi Qafqaz regionunda yaranmış yeni geo-siyasi vəziyyət Ermənistan istisna olmaqla bütün digər tərəflərin, o cümlədən beynəlxalq iştirakçıların maraqlarına uyğundur və ümumi maraq bölgədə sülhün təmin olunmasını diktə edir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu gün Avropada yaşanan gərginlik də Avrasiya miqyaslı qarşılıqlı münasibətlərin tənzimlənməsində Cənubi Qafqaz bölgəsinin tənzimləyici rolunu və əhəmiyyətini dəfələrlə yüksəldib. Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşlərdə müzakirə olunan mövzular da məhz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də tərəflər arasında nəqliyyat-kommunikasiya vasitələrinin işə salınmasından ibarətdir.

Buna görə də Ermənistanın razılaşdırılmış öhdəlikləri icra etməkdən başqa bir çıxış yolu yoxdur. Ermənistan tərəfinin Minsk qrupu və ya status haqqında spekulyasiyaları daha çox daxili auditoriyaya ünvanlanan səmərəsiz iddialardır və sadəcə bölgə üçün faydalı ola biləcək proseslərin ləngiməsinə səbəb olur. Lakin Azərbaycan tərəfinin əzmi və qətiyyəti tezliklə Ermənistanı heç bir nəticə vəd etməyən mənasız iddialardan çəkinməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək

скачать dle 12.1

Şərhlər