SON DƏQİQƏ

QAZAN KÖŞKÜ

Tarix:17-03-2022, 10:45 Oxunub:1 961

Cəlilabad rayonunun tarixi abidələrindən biri Qazan köşküdür. Qazan köşkü tarixi abidə olmaqla yanaşı eyni zamanda rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həm də qonşu əraziləri də seyr etmək mümkünür.

Qazan köşkü Cəlilabad şəhərindən 25-27-km aralıda,  Musalı kəndinin şimal-şərqində, Talış sıra dağlarının Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Abidənin adındakı "köşk” sözü qala mənasında işlənir. Qazan köşkü dairəvi, ellips formasındadır. Ərazisi 1 hektardan artıq sahəni əhatə edir. Azərbaycan arxeologiyasında Qazan köşkü abidəsi XIV əsrə aid edilir və Hülakü hökmdarı Qazan xanın (hakimiyyət illəri 1295-1304 -  İ.Ş.) quruculuq fəaliyyəti ilə əlaqələndirilir. Qalanın xan tərəfindən inşa edilmiş qəsr-qalalardan biri olduğu ehtimal olunur. Tarixi mənbələrdən məlumdur ki,  Qazan xanın Muğanda qış və yay iqamətgahları olmuşdur. Onun haqqında Səidəli Kazımbəyoğlu yazır: "Bu yerlərə gələn zaman qışı indi Ağtam adlanan məkanda özünün imarətlərində qışlayırmış, yayı isə Köşki-Qazanı adlanan məşhur dağda yaylamaya buyurarmış "("Səidiyyə”. B.,2005, səh.48). Göründüyü kimi Qazan köşkü Qazan xanın yay iqamətgahlarından biri olmuş və buna görə də əhali həmin ərazini Qazan köşkü adlandırmışdır. Orxan İsmayılzadə Lənkəran rayonunun Şıxəkəran kəndində adına türbə olan XIII əsrin böyük sufi alimi Şeyx Zahidin Muğanda Qazan xanla üç dəfə (1290/1295-ci illər) görüşdüyünü qeyd etmişdir (Şeyx Zahid. B..2014, səh.39).

 Qalanın üst tərəfi kirəc məhlulundan istifadə olunmaqla, qırmızı kərpicdən tikilmişdir.Hörgüdə istifadə edilmiş kərpiclərin ölçüləri 21 x 21 x 5 sm olsa da, çəkiləri arasında fərqlərin olması diqqəti çəkir (Azərbaycan arxeologiyası. Orta əsrlər. VI cild. B.,2008, səh.242).

   Qazan köşkü ərazisində gildən hazırlanmış məişət qabları, dörd ədəd gil qoç fiqurları, üstündə indiki quşlara az oxşarlığı olan quş rəsmli saxsı cam (piyalə),bəzək əşyaları tapılmışdır. Tədqiqatçı-tarixçi Elşad Əmənov tərəfindən tapılan bu maddi-mədəniyyət nümunələri Cəlilabad tarix-diyarşünaslıq muzeyinə təqdim edilmişdir. Azərbaycan arxeologiyasında Qazan köşkü XIV əsr abidəsi kimi ehtimal olunsa da, qala və qala ətrafında tapılmış mədəniyyət nümunələrinə əsaslanan yerli tədqiqatçılar qalanın XIV əsr yox, ondan 600-800 il əvvələ gedib çıxdığını təxmin edirlər.

   Maraqlıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarında Cəlilabad rayonu ərazisində qeydə alınmış tarix və mədəniyyət abidələri sırasında Qazan köşkünün (qalanın) adına rast gəlinmir.

                                                                                                 İldırım ŞÜKÜRZADƏ,

  Lənkəran rayonunun Havzava kənd

tam orta məktəbinin tarix müəllimi


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<