SON DƏQİQƏ
» » Allah elimizi HİDAYƏT etsin - EL VÜSALa çatsın!

Allah elimizi HİDAYƏT etsin - EL VÜSALa çatsın!

Tarix:

31-05-2021, 14:41

/ 1 815 dəfə oxundu.
Allah elimizi HİDAYƏT etsin - EL VÜSALa çatsın!

Yetmişdən sonra yetəcəklərimizin müqəddəsliyi sağlığına: Vaxtından gec yazılan təbrik!
"Belə-belə işlər...”
Həyatdı da, çox işlər olur, çoxunun başına ip salmırıq, çoxunun dalınca getmirik, çoxundan imtina edirik işlərin, çox işə buyururuq, buyururlar, noolsun?Allah elimizi HİDAYƏT etsin - EL VÜSALa çatsın!
Amma elə işlər də var ki, nəzərə çatdırırıq BELƏ işlər də var, olub və onların sanbalı, əhəmiyyəti o qədər ibrətamiz, o qədər cəlbedici olur ki, təyinini şiddətləndirici ədatla ifadə edirik. Yəni... anla və nəticə çıxar! O işlərə "BELƏ-BELƏ İŞLƏR” deyilir.
Həyatda çox olub elə işlər, belə işlər, elə-belə işlər, amma və lakin... mətbuatda ən gözəlini Hidayət Elvüsal edib: BELƏ-BELƏ İŞLƏRi hər SƏHƏR və "SƏHƏR”də çatdırıb! Sonra da bir addım qabağa gedib... o adda qəzet də buraxıb!
"BELƏ-BELƏ İŞLƏR”in içində lağlağı, satira, yumor, sarkazm, ironiya, şəbədə, məğlətə, mərəşülə, mərsiyə, ağı, rozə, qəsidə... fakt, hadisə, xəbər, məlumat, informasiya... hamısı olub: indikilər adına "köşə” deyirlər, ibtiadi variantda-simada deməzdim, rüşeym halında, ilkin obrazda Hidayət Elvüsalın "BELƏ-BELƏ İŞLƏRİ”ini Azərbaycan mətbuatında Köşənin Atası saymaq olar!
Hidayət Elvüsalın "BELƏ-BELƏ İŞLƏR”indən çoxu bəhrələndi - ən yaxşı bəhrələnəni Zamin Hacı oldu (özü boyun olmasa da, etiraf etməsə də, həmən də xatırlatmaq lazımdır ki, a bala, ay uşaq, bu yolu Hidayət Elvüsal Rüfət Əhmədzadədən həmən sonra gedib və gözəl gedib!): ciddi imza olaraq lağlağı variantında! Elə bu məqama görə, fərqli bir cəhəti deyim: Hidayət Elvüsal ÇOX CİDDİ qəzetdən (Azərbaycan SSR KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin mətbu orqanı "Kommunist” qəzetindən) gəlib müstəqillyə doğru gedən ÖLKƏNİN SƏHƏRİ VƏ "SƏHƏR”İNDƏ azadlıq, özgürlük, sərbəstlik, senzurasızlıq üçün yelçəkər - "fortoçka” açmışdı! Hə, hə, "BELƏ-BELƏ İŞLƏR” həm də o işlərdən idi ki, indi biz danışıb bitirəndə deyə biləcəyik: hə, mənim balam, belə-belə işlər...
Amma onda... onda Hidayət Elvüsalın "BELƏ-BELƏ İŞLƏR”i bilinmirdi nəydi, amma bu gündən baxanda ondakı qiymətini deyim də nəydi: Ramiz Rövşən ki, 60-cı illərdə - artıq sosializm tam və qəti qələbə qazandı, rəhbərlik əmin oldu ki, day təhlükə yoxdu, sosializm realizmi üstündə kolxoz-sovxoz quruculuğunu təbliğ edən əsərlərin yazılışını boş verməyə başladı, Heydər Əliyev Qənirə Paşayevaya "gəl, bir az da sevgidən danışaq”, - dediyi kimi, meydan verdi ha, indi bir az da güldən, bülbüldən danışın, daha "ağ qızıl”, "qara qızıl”dan bəs qədər yazılıb, - başladı e: "adımı eşitsəm sevən bir qızın hələ öpülməmiş dodaqlarından (guya ona qədər hamı adını dodaqları öpülmüş qızdan eşidirdi), sallanıb yellənsəm budaqlarından (ona qədər ancaq dar ağacından asırdılar, ya da Narginə sürgün edib qurd-quşa yedirdirdilər – düz deyirdi Şairim), bu yaz gecəsində ölməyə nə var (heç ölüb eləmədi də, biz kişiləri də ölənəcən zibilə salıb yalançı çıxartdı: kimə dedik ki, ölərəm sənçün, dedi ə, dur s...evdir, hələ indiyənəcən Məcnundan başqa bir kopolu olmayıb ki, ölsün, haqlı da oldular: "inanma ki, əlbəttə, şair sözü yalandır” baş qaxıncına döndü – haqlı da olaraq!), onda Hidayət Elvüsalın da o "BELƏ-BELƏ İŞLƏRİ”i müstəqilliyin ilk işartıları və mesajıydı, biz ütülü, instruktaj keçmiş, senzuradan adlamış, dərkənarlı, möhürlü, şablon, trafaret, sovetin "kommunist” üfunətli klişelərindən qurtulub, AZADLIQ ətirli, RAHAT, XOŞ, MEYXOŞ, TURŞMƏZƏ, KƏMŞİRİN sözləriylə ovunmağa başladıq! Faciələr bizi ard-arda, qarabaqara izlədikcə, ağlayan gözlərimizə arada dodaqlarımız da qoşulub gülməyə başladı: təbəssümümüz də göz yaşı içində oldu, amma... ancaq... irəlilədik!
Azərbaycan müstəqil oldu, Qarabağ işğal olundu, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam və... Hidayət Elvüsalın da Kəlbəcəri əldən getdi!
Belə-belə işlər oldu, mənim balam!
Mənim balam, onda Hidayət Elvüsalın yeyib-içən yaşlarıydı, onda Hidayət Elvüsalın sarışın və çilləri azca sezilən sifətinə, alayla mavi arasında bərq vuran gözlərinə qızların bayıldığı vaxtlarıydı, onda Hidayət Elvüsalın...
Onda Hidayət Elvüsalın...
Amma, ancaq... qırıldı hər şey, mənim balam!
Hidayət Elvüsalın – ÖZÜ VƏ SÖZÜ SEVİMLİ oğlanın həyatında hər şey SARALDI, ömrün alayla mavi arasında naməlum BOZ bir dönəmi başladı, sifətinin sezilməz çilləri kimi erməni işğalının ləkəsi ölkəsinin, rayonunun, öz həyatının göyqurşağı oldu!
Belə-belə işlər, mənim balam!
Mənim balam, Hidayət Elvüsal NECƏ VƏ NƏ CÜR, həm də NƏ ÜÇÜN yazmağıyla mənə əziz deyil! Heç iş yoldaşım olaraq da! Heç torpaq-vətən itirmiş biri kimi də...
Hidayət Elvüsal... mənə Atam qədər əzizdir! Ona görə ki:
Nəşriyyat-mətbəə şəbəkəsi bütün dövrlərdə və bütün ölkələrdə "yeyib-uçməyin”, "bazlığın” episentri olub, o cümlədən də... Bakıda da... deyəmmərəm, amma olduğum nəşriyyat-mətbəə sistemində az da olsa, görmüşəm: "bazlığa” şam tutmasam da, "yeyib-içməyin” şahidi və iştirakçısıyam.
Rəhmətlik Arif vardı – "Kommunist” qəzetinin metronpajı, yəni qəzet səhifələyicisi. Zarafat edə bilmədiyi, açıq danışmadığı adam yox idi, istisna bəlkə baş redaktor idi – nə bilim, deyirdilər, özü də deyirdi ki, "Kommunist”in as və kişi redaktorlarından Ağababa Rzayevin qohumudu. Bəlkə də ona görə, bəlkə də özü işini yaxşı bilirdi, yaşlı adam idi! Sözüm onda deyil! "Kommunist”də təzə işə düzəldiyim vaxtlar idi və Hidayət müəllim növbətçi idi. Mətbəədəki ərli xanımlardan biri deyəsən Arif dayıya demişdi ki, ölürəm Hidayət Elvüsal üçün. Arif dayı da tormozu, "no-xoroşo”su, uşaq var yanında, böyük var məclisdə, fikir vermirdi, bir sözlə, abır-həya gözləməyən "bakılı balası”, "qədeş”, lotu, bizim yanımızda qayıdasan ki, ay Hidayət, filankəs ölür sənçün!
Hidayət Elvüsal düşünmədən: "rədd olsun, onun əri var!”
Bax, düşünmədən, anında verdiyi cavabla Atam qədər əziz oldu mənə Hidayət Elvüsal: mən Bakıya gələndə Atam məndən heç nə istəməmişdi, bircə məsləhəti olmuşdu – yaraşıqlı oğlansan, ərli qadına tamah salmayasan, subay qızı aldatmayasan! Onlar sevəcəklər, ağıllarını, sayıqlıqlarını itirəcəklər, sən günaha batarsan! Etməyəsən! Qalan bütün hallarda... dalınca gələcəm!
Deyim ki, o ana qədər mən çox şeylər görmüşdüm də, eşitmişdim də. Etməyən, imtina edən tək Hidayət Elvüsal oldu! SÖZARASI deyim ki, həmin qadınla münasibət quran nəşriyyatdakı digər həmkarım çox ağır xəstəliklə və rüsvayçı vəziyyətdə dünyadan köçdü!
Sonra... Hidayət Elvüsal mənim üçün bir daha əzizləşdi: Ustadım qədər. Hidayət Elvüsalla iki dəfə eyni redaksiyada ("Komunist" və "Səhər") işləsək də müxtəlif vaxtlarda, üz-üzə oturub bir stəkan da çay içməmişik, heç vaxt da bilməyib onu görəndə niyə doğmam kimi salamlaşıram!
Ustadım, Doğru Sözün Təntənəsi üçün gecə saat 3 də olsa, Şeytanın qapısına belə xahişə gedəsi əzizim Şakir Yaqubov bir "Sirdaş” qəzeti buraxırdı, məni də elə böyrünə, qanadının altına almışdı: tələbəydim!
Onda Hidayət Elvüsalla qoşa səhifə və iki sayda yazı-söhbət apardı! Mənim nəzərimdə Şakir Yaqubovun müsahibə götürə biləcəyi, danışdıracağı adam ölkəmizdə, olsa-olsa, Heydər Əliyev ola bilərdi, SSRİ-də ən balacası Lobanovski olmaqla nə bilim, Qorbaçov olmasa da, Qromıkodan-zaddan kimsə... Ustad durub diktafon qoşur, çay gətizdirir, Hidayət Elvüsalla saatlarla danışır!
Şakir Yaqubov redaksiyada, adətən, az danışan, danışanda adamı yıxıb-sürüyən, yazıları şumlayan, acıdil, sərt biri... İlahi, gün hayandan çıxıb, ya Hidayət Elvüsalı biz niyə o ranqda tanımırıq?
YERİ GƏLMİŞKƏN: Mətbuatda başda Mais Səfərli olmaqla bir 50-dən artıq imzanın həyatında Şakir Yaqubovun müstəsna xidmətlərini bilirəm, şahidəm və o imzaların tam əksəriyyətinin naxələfliyini görmüşəm – bəzən əxlaqa uyğun olmayan gileylərini də eşitmişəm, yerində verdiyim cavab öz yerində, olmadığım yerlərdə verə bilmədiyim cavabların zəhərini yazılarımda tökmüşəm! Amma şükür ki, Hidayət Elvüsaldan o doğmalığa, o dostluğa, o həmkarlığa, o qarşılıqlı dəyərə nəinki xələl gətirəcək, kölgə sala biləcək nəsə nə görmüşəm, nə eşitmişəm! Sağ olsun!
Sözümün davamı olaraq deyim: o qoşa səhifələri oxudum - Ustadım Şakir Yaqubovla da qürur duydum, Hidayət Elvüsalla da.
Mənim niyə bu qədər səmimi olmağıma səbəb axtarırlar, deyim: orbitində oldğum BELƏ insanlardan gördüm! Və o söhbət-yazıdan mənim o yaşdakı oxucu MƏNim üçün gözəl bir cavab var idi: "Mən Universitetə pulsuz girmişəm. O adamlar hesab edər ki, pulla qəbul olunmuşam, özləri pulla giriblər. Çünki onlar savadla qəbul olunmağın mümkünlüyünü nə görüblər, nə də elə hesab edirlər. Buna savadları da imkan vermir axı”.
Üçüncü dəfə Hidayət Elvüsal mənim üçün əziz oldu ona görə ki, o, jurnalist nüfuzunu, imicini həmişə qorudu!
Mən elə sovet dövründə də, müstəqillik dönəmində də çox jurnalistlər gördüm çox yerlərdə, Hidayət Elvüsal elə həmişə ilkindən ilk tanıdığım kimi qaldı! Buna görə də sağ olsun – indi mən durub təzədən Bakıya gəlib, jurnalistikaya girib, qəzetdə işə düzəlib, özümə yenidən həmkar, iş, tələbə yoldaşı, ustad seçəsi deyiləm ki! Adam həm özünə, həm işinə-sənətinə, həm həmkarlarına və həm də müasirlərinə hörmət qoyar: biz bir dövrdə yaşamağa məhkumuq. İmkan verin ki, adam kimi yaşayaq, insan kimi ləzzət alaq da tanışlığımızdan! Bizi erməni də peşiman edir, tələbə yoldaşımız da, həmkarımız da, müasirimiz də!
Olmaz belə, olmaz! Bir halda ki, Şakir Yaqubov kimi yaşamaq olar, bir halda ki, ömrün 70-nə yetmiş Hidayət Elvüsal var... adam olub unsan kimi yaşamağa nə var ki? Nə çətin işdir ki?
Hidayət Elvüsal həm də Bakıda sovet dövründə... sürücülük vəsiqəsi olmadan... maşın sürüb... sovet dövründə e! İrad da tuta bilərsiniz, "lotu oğlan olub da" deyə bilərsiniz!
Təbrik edirəm, Hidayət Elvüsal! 71 yaşının tamamına bir ay qalmış, amma və lakin... 70 yaşını! Bağışla, əziz insan, əziz həmkar, əziz soydaş, keçən il ad günün ərəfəsində mən kompüterdən, vətəndən və yazıdan məcburən uzaq düşmüşdüm!
Hesab edirəm ki, Respublika Günü təbrikinə həm də ortaq olmaq haqqı Sənindir!
Arzu edirəm, Allah edə bilməsə də, mütərəqqi və vətənpərvər iqtidara sahib olanda xalqımız HİDAYƏT olsun, EL VÜSALa çatsın, Sən də onların içində olasan! Və... Kəlbəcər Sənin, Mənim, Vətənin olsun!
YAZIYA SÖZARDI: 32 il öncədən tanıdığım Hidayət Elvüsalın həm də bəstəkar olduğunu bilmirdim!
32 il öncədən tanıdığım Hidayət Elvüsalın... şeirlərini əzbərdən bildiyim Sücaətin qardaşı olduğunu da bilmirdim!
Bildiyim oydu ki, Hidayət Elvüsal... kəlbəcərlidir və... "belə-belə işlər”i var...
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ