SON DƏQİQƏ

Yağış yağa, gün çıxa

Tarix:

27-05-2021, 09:07

/ 4 077 dəfə oxundu.
Yağış yağa, gün çıxa

 Ədib İSAOĞLU

Sovet hökumətinin bərk gedən vaxtlarında, Naxçıvan MSSR-nin birinci katibi MR-in ən böyük kəndi və 100 hektarlarla torpaq sahəsi olan Sədərək kəndinə səfər edir. Səfərdən əvvəl (indiki kimi) rayonun birinci katibi tapşırıq verir ki, ağsaqqallardan birini təlimatlandırın. Katib sorğu-sual edəndə xoşuna gələcək cümlələr qursun ki, bizə acığı tutmasın. Rəhbər "lazım olan" bəzi üzüm və meyvə bağlarını, tənbəki sahələrini gəzib qurtarandan sonra, proqram üzrə gəlir ağsaqqalların görüşünə. Sədərək əhli də, həm hazırcavab, həm də açıq sözlü olurlar:

- Ağsaqqal necəsiniz, vəziyyətiniz necədir, nə probleminiz var? – deyə katib soruşur.

Təlimata uyğun olaraq ağsaqqal deməliydi ki, «heç bir problemimiz yoxdur, Allah sizi bizə çox görməsin». Amma gözünə döndüyüm el ağsaqqalı və nurani kişi hörmətlə katibin salamın alandan sonra başlayır sualına cavab verməyə.

- Yoldaş katib problemimiz deyəndə ki, problemimiz su problemidir. Araz çayı kəndin ərazisindən keçsə də, sudan çox korluq çəkirik. bizimki qalıb allahın ümidinə. Yağış yağa, gün çıxa, Yağış yağa, gün çıxa, Yağış yağa, gün çıxa, Yağış yağa, gün çıxa…

Katib hirsindən kişiyə acıqlanır.

- A kişi bu yağışı dayandır görək axı?

- Yoldaş katib, bə dədəyin evinə yağış dayandı, Sədərəyin torpağı batdı da, bu torpaqları elə yağışnan suvarırıq da.

Həqiqi el ağsaqqalıyla dialoqdan razı qalan katib, Araz çayından su xətti çəkdirir kəndə…

Təqdirəlayiqdir ki, ölkə başçısı MR-in su problemini həll etmək üçün büdcədən bir milyon manat pul ayırıb. MR rəhbərliyi də, layiqincə o vəsaiti yeni subartezan quyularının qazılmasına və digər su məsələsi sahələrinə sərf edəcək. Amma gəlin görək yerli kiçik məmurlar və seçkili orqanlar, MR rəhbərliyinə kömək edəcəklərmi? Harda hansı su problemi vacibdir, yoxsa ağızlarına su alıb yuxarıdan gələn əmrləri icra edəcəklər. Görəsən, yadlarına düşəcəkmi qədim abidələr siyahısına düşmüş Tənənəm, Sarıağıl kəhrizlərinin itib-batmasının qarşısını almaq və yaxud da hal-hazırda işləyən subartezian quyularının çatışmayan hissələrini istəmək? Bir artezian quyusunun nasazlığı olanda, ehtiyat hissə çatışmazlığından aylarınan gözləməli olursan. Məsələn Danyeri kəndinin yarısı susuzluqdan çox əziyyət çəkir. Elə bil yerli icra nümayəndələri və bələdiyyələr özlərindən yuxarı rəhbərlərə problemləri deyəndə utanır və ya qorxurlar. Ay atam, ay qardaşım sizi o vəzifələrə təyin və seçməyiblər ki, siz susasınız. Sizi dövlətə və xalqa xidmət, kömək etmək üçün o vəzifələrə seçib və təyin ediblər. İndi biz hardan tapaq sədərəkli el ağsaqqalı kimi birini ki, rəhbərliyə kömək etmək üçün, problemləri yuxarılara çatdırsın? Dəfələrlə şahid olmuşam ki, rəhbərlik özü maraqlıdır problem və çatışmamazlıqların qabardılmasında.

Ya da siz heç bu su məsələsini çözməyin. Biz də gözləyək ki, yağış yağa, gün çıxa…

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ