1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar” kimi daxil oldu.
GunAz.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı yaydığı bəyanatda yer alıb.
Qeyd edilir ki, bu faciəvi hadisələrdən öncə Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistanın özündən deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi:
"Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və dövlətçiliyin təməlini təşkil edən bu ali prinsipləri şübhə altına qoyanların, eləcə də revanşizm fikirlərindən çıxış edənlərin layiqincə cavablandırılması bundan sonra da tərəfimizdən təmin ediləcək və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaqdır.