SON DƏQİQƏ
» » KEŞİŞ VARTANIN UYDURDUĞU “ERMƏNİ NAXÇIVANI” MİFİ İFŞA EDİLDİ – VƏLİ ƏLİYEV YAZIR

KEŞİŞ VARTANIN UYDURDUĞU “ERMƏNİ NAXÇIVANI” MİFİ İFŞA EDİLDİ – VƏLİ ƏLİYEV YAZIR

Tarix:

23-09-2019, 13:39

/ 2 683 dəfə oxundu.
KEŞİŞ VARTANIN UYDURDUĞU “ERMƏNİ NAXÇIVANI” MİFİ İFŞA EDİLDİ – VƏLİ ƏLİYEV YAZIR

İşğalçı rus imperatorluğunun “Mərkəzi Baş Kilsəsi”nin himayədarlığı altında Eçmiadzin kilsəsi  qədim Naxçıvanın oğuz – türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşiş Vartanın (XIX əsrin I yarısı) uydurduğu “erməni Naxçıvanı” adyla dünya ictimaiyyətinə saxta, yanlış məlumat verilmişdir. Bu fantastik mif  ilk dəfə professor Əjdər Tağıoğlunun (İsmayılov) bu yaxınlarda nəşr edilmiş “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” əsərində elmi-tarixi faktlarla darmadağın edilir. Müəllif  dünya arxeologiyasına söykənərək o nəticəyə gəlir ki, tarixdə  nə “Dünya Daşqını” baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin “əcdadı” hesab edilən Noy/Nuh real şəxsiyyətdir.

Arxeoloji ədəbiyyatdan məlumdur ki,müxtəlif dövrlərdə  Dəclə və Fərat çaylarında baş vermiş güclu daşqın zamanı Mesopotamiya vadisində olan bir sıra qədim Şumer şəhərləri tarixin ayrı-ayrı çağlarında su altında qalmışdı. Babalarının başına gələn bu tarixi faciəni şumerlərin sonrakı nəsilləri “Bilqamıs” dastanının XI bölməsində yarıəfsanəvi şəkildə Şuruppak şəhərinin timsalında əbədiləşdirmişlər.

Əjdər Tağıoğlu Şumer əfsanəsinin qısa məzmununu verir. Əfsanədə deyilir ki, tanrılar hökmdar Ksisuörini məhv etmək üçün Şuruppak şəhərini su altında qoymaq qərarına gəlirlər. Məsələdən xəbər tutan Ksisuöri qısa müddətdə rəyyətlərinə “4 künc” nəhəng ban tikdirir,var-dövlətini,ailəsini,ev və çöl heyvanlarını ora yerləşdirir, gurşad yağışı gözləyir. Çox keçmir sanki yerlə göy birləşəcək kimi,gurşad yağış gəlir,ban yaranmış ümman üstünə qalxır, dəhşətlə guruldayan  qorxunc fırtınalar bir neçə gündən sonra Ksisuörinin banını hündür bir dağda nəhəng qayalar arasına sıxır,onu tərpənməz edir. Tədricən su aşağı çökür,hava açılır,Ksisuöri ailəsi ilə birlikdə bandan çıxır,dağın zirvəsinə qalxır, “xilaskar tanrı”ya qurban kəsir. “Bilqamıs”da bu dağ “Nisir” dağı adlandırılır.   

Əjdər Tağıoğlu araşdırmaya nəticə olaraq, mötəbər mənbələrə istinadən yazır ki, “Dünya Daşqını” əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö.5000-ci illərə gedib çıxan Şumer- Türk əhalisinin abidəsi olan  “Bilqamıs” dastanının XI bölməsindən götürmüş, m.s. “Bibliya”da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Onun fikrincə, “Bibliya”da Noyun_Ksisuörinin banının torpağa oturduğu Nisir dağında  ilk dəfə  torpağa ayaq basması təsadüfü deyildir.

Tarixçilər Nisir dağını indiki  İraqın şimalında yerləşdirirlər. “Bibliya”da bu dağa “Ararat”, Assuriya yazılarında “Urartu”,”Qur`ani- Kərim”də “Cudi dağ” (“Hündür dağ”) dağı deyilir. Əjdər Tağıoğlu bu fakta söykənərək yazır ki, erməni kilsəsi və onun tarixçi varisləri qədim türk dağı olan “Ağrı dağı”nı “Ararat”,türk dövləti olan “Biaini çarlığı”nı “Urartu” adı ilə “erməniləşdirərkən” özlərini klassik saxtakar olduğunu göstərir.

Yerli əhalinin Nisir dağında Noyun/Nuhun şərəfinə  “Kovçek məbədi” abidəsi ucaltmağı, ermənilərin tarixi saxtakarlığını daha qabarıq şəkildə meydana çıxır. Hər il 14 sentyabrda yerli əhali (müsəlman, xristian və yezit cəmiyyətləri) “Cudi dağa” qalxıb, “Noya/Nuha və onun kovçekinə bəşər cəmiyyətinin xilası naminə Allaha qurbanlar kəsirlər.”  

İslam tarixi ilə məşğul olan ilahiyyət alimləri Nuhun “gəmisi”nin harada torpağa oturması fikrinə müxtəlif mülahizələrlə yanaşırlar və ona əlavələr edirlər.Onların bəziləri Nuhun “gəmisi”nin Kufədə,bəziləri Bəni-Təyy adlı ərəb qəbiləsinin məskunlaşdığı ərazidə, digərləri Mosul yaxınlığında quruya oturdiğunu yazırlar.

Başqa bir ilahiyyətçi alim risalələrə istinadən yazır ki,günlərin birində “Tövrat” əhli olan dindar bir yəhudi Məhəmməd peyğəmbərdən /s/-ə soruşur:
    “- …Nuh gəmiyə harada mindi?

     – İraqda.

    -Onun gəmisi harada dayandı?

   -Gəmi bir həftə Beyti-Ətiqdə və bir həftə də Beytülmüqəddəsdə təvaf etdi,sonra Cudidə yerə oturdi.”

Bəzi müsəlman araşdırıcılarına görə, “Nuhun qəbri Ğəriydədir (Nəcəfdədir). Əmirül-möminin Əli əleyhis-səlamın qəbri də Adəmlə Nuhun qəbrinin üstündə vaqe olur”.

Ziyarətə gedənlərin şahidliyinə görə, Nəcəfdə “xilaskar gəmi”nin maket rəmzi qoyulmuşdu və bu günə kimi həmin məkan müsəlman dünyasının ziyarətgah yeri olaraq qalır.

Əjdər Tağıoğlu verdiyi bu materiallara istinad edərək yazır ki, nəinki mifik, hətta real tarixi məlumat olsa belə, nə “erməniləşdirilmiş” yəhidi Noyun “kovçeki”, nə müsəlman Nuhun “xilaskar gəmi”si İraqın hüdudlarından nə Anadolu torpaqlarına,nə də Ön Qafqaz ərazisinə keçməmişdir. Bu fakt sübut edir ki, saxtakarlıqda ad çıxarmış erməni keşişlərinin türk torpaqlarının ermənicəsinə “sakit işğalı” ilə əlaqədar məkrli dini-siyasi iddialarının əksinə olaraq, onların qədim Naxçıvan qala-şəhərilə heç bir bağlılıqları yoxdur.

Əjdər Tağıoğlu gətirdiyi faktlara əsaslanaraq bildirir ki, XIX əsrin I yarısından başlayaraq, gəlmə yarıdilənçi ermənilər özlərini “qədim yerli əhali” etmək üçün işğalçı rusların yaratdıqları “Türksüz Ön Qafqaz”  ideoloji savaş makinəsinin  ənənələrinə söykənirlər. Eçmiadzin kilsəsi Mərkəzi Rus Kilsəsinin hamiliyi altında yəhudi Noyu “erməniləşdirir”, onu İraqın şimalından Ön Qafqaz Oğuz Alban  ərazisinə keçirməyə çalışır.

Tədqiqatçı “Erməni Noy”un kovçekdən çıxıb, ayağını ilk dəfə hansı ərazidə torpağa basması ətrafında  ziddiyyətli fikirlərin kifayət qədər olmasına bir neçə nümunədir.

Qr.Kapantsyan yazır: “…kovçek  birinci dəfə Qurqur dağında dayanır, ancaq ondan məsləhət alır ki, daha hündür Masisə (Ararata) üzsün.”

Göründüyü kimi, bu əfsanədə Naxçıvan yada düşmür.

Başqa bir əfsanədə də “erməni Noy”un “ilk ayaq basdığı torpaq” Naxçıvan deyil, başqa bir ərazidir.

İ.Şopen yazır: “Əgər erməni rəvayətinə inansaq, Noy kovçekdən çıxıb əvvəlcə Ark-uri kəndində dayandı, ancaq buradan başqa yerə getdi, bu səbəbdən də ora “Nax-içe-van”, yəni “birinci dayanacaq” adlandırıldı.”

Əfsanənin təsvirindən aydın görsənir ki, “Ark-uri”   “Tufan və Daşqın” “fəlakədindən” uzaq,guya torpaqda “mövcud” olmuş abad bir erməni  kəndidir, “erməni Noy”un kovçeki də möcüzəli şəkildə  bu yaşayış məskənində torpağa oturmuş və “ermənilərin əcdadı” da ilk dəfə “müqəddəs qədəmlərini” bu kənddə torpağa basmışdır.  Sağlam ağıldan uzaq anonim keşişin uydurmasına şərti inansaq, bəs, “Naxçıvan” alamının “ilk dayanacaq” “etimologiyası” harada qaldı ?!

Anonim keşiş müəlliflər əfsanələrin birində Eçmiadzini, o birində Erevan (İrəvan) şəhərini kovçekin “ilk dayanacaq”  yeri və Noyun  “ilk məskən” saldığı torpaq kimi qələmə verirlər.       

Erməni alimləri arasında “Eçmiadzin” məbədinin tarixini bəziləri guya kovçekdən düşən Noyun həmin torpağa “ilk ayaq basdığı” “tarix”lə, bəziləri də Xristosla bağlayan fikirlər də var.  

Görkəmli tarixçi və bibliyaşünas B.Ö. Korf  yazır: “Ermənilər uydurublar ki, guya Eçmiadzin kilsəsinin inşa edildiyi yerdə Noy kovçekdən düşüb, allaha birinci qurban kəsib. Eyni zamanda Noyun üzüm tənəkələri əkdiyi yeri göstərirlər və yazırlar ki,onlar böyüyərək Erevanın (İrəvanın-Ə.T.), Eçmiadzinin və ətraf yerlərin üstünə yayıldı. Fikrimcə,bu rəvayətin də tarixdə hüquqi yeri ola bilməz.”

 Əjdər Tağıoğlunun başqa bir əfsanədə, guya kovçekin dayandığı yerdən su tədricən çəkilir, “Erevan şəhəri” görsənir. Erməni tarixçiləri “Erevan” sözünün “zühur edən”, yaxud  “möcüzə” olaraq “görsənən” anlamına gəldiyini söyləyirlər. Əjdər Tağıoğlu bildirir ki, babamız Rəvanqulu xanın (XVI əsr) öz şərəfinə saldırdığı Oğuz-türk qala şəhəri olan İrəvan şəhərinin “yaranmasını” guya “yeni insan cəmiyyətinin əcdadı olmuş” “erməni Noy”un torpağa ilk ayaq basması müqəddəsliyi ilə bağlanmasını haqlı olaraq cəfəngiyyat sayır. Erməni tarixçiləri iddia edirlər ki, guya Noyun gəlişi ilə “zühur etmiş” “möcüzəli şəhər” “bu günə kimi erməni vilayəti olaraq  yaşayır.”

 Əjdər Tağıoğlu  yazır ki, Sovetlər Birliyi   dağılandan sonra erməni tarixçilərinin  uydurduqları bu cəfəng,sərsəm iddialarda   məqsədləri 29 noyabr 1920-ci ildə qədim türk torpaqlarında Kremlin təşkil etdiyi “Erməni Respublikası”na 29 may 1921- ci ildə Azərbaycan türklərinin orta əsr dövr tarixindən qoparılaraq, mərkəz kimi verilmiş Oğuz-türk şəhəri İrəvanin, guya Noyun dövründən “Erevan” adında erməni babalarına aid yaşayış yurdu olduğunu “sübuta yetirməkdi”.

 “Naxçıvan toponiminin etnokökü əfsanələr qədər qədimdir” əsəri görünür ki, eləcə də əfsanələrdə “Naxçıvan” adının çəkilməməsi sübut edir ki, keşiş Vartanın uydurduğu “erməni Naxçıvanı” iddiasının nə əfsanəvi, nə də mifoloji əsası yoxdur.

 Əjdər Tağıoğlu araşdırmalarını ümumiləşdirərək yazır ki, erməni kilsəsi və onun tarixçi varisləri, əsassız torpaq iddiası ilə əlaqədar, bu günə kimi bir həqiqəti anlamamışlar (əslində anlamışlar, ancaq əlacsızdırlar,başqa yolları da yoxdur!) ki, ” Noy – Ararat”, “Noy-Erevan”,”Noy – Naxçıvan”, “Noy-Eçmiadzin”, “Xristos-Eçmiadzin” və s. sağlam ağılın qəbul etməyəcəyi uydurma fantastik əfsanələrlə nə Anadolu torpaqlarında, nə də rusların gətirib yerləşdirdikləri Ön Qafqaz Oğuz Albaniyası coğrafiyasında özlərini “qədim yerli əhali” kimi qələmə versələr də, bu onların ucalığını deyil,miskin,cılız,oğru xalq olduğunu sübut edir.

 Əjdər Tağıoğlu bu deyilənlərdən o nəticəyə gəlir ki, guya XIX əsrın I yarısında yaşamış,əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış anonim keşiş  Vartanın adına kilsənin uydurduğu “erməni Naxçıvanı” iddiası yarıdilənçi qaçqın,köçəri ermənilərin “qədim Qafqaz tarixi” qədər illuziyadır,mifdir!

 Sonda minnətdarlıqla qeyd edirəm ki, Əjdər Tağıoğlu  “Qədim Ön Asiya və  Ön Qafqaz türk tayfaları (ermənilər və gürcülər Ön Qafqaz Oğuz Albaniyası ərazisində)” adlı monumental əsərində, eyni zamanda, “Moisey Xorenatsi anonim keşiş müəllifdir ” və “Mesrop Maştos əlifba “ixtiraçısı” deyil, fırıldaqçı  anonim  keşişdir” kitablarında olduğu kimi, onların ideya davamı olan “Naxçıvan toponiminin etnotarixi  əfsanələr qədər qədimdir” əsərində də Azərbaycan türklərinin qədim Ön Qafqaz tarixini Böyük Vətəndaş qeyrətilə  tədqiq etmişdir.

Hörmətli professor Əjdər Tağıoğlunun (İsmayılov) əsərləri bu gün erməni məsələsi problemləri ilə bağlı apardığımız ideoloji müharibə cəbhəsində çox kəsərli silahdır. Bu əsərləri xarici dillərə tərcümə olunmalı və dünya ictimaiyyətini “erməni mifindən” xilas etmək zərurəti beynəlxalq miqyasda yayılmalıdır.                                                                    

 VƏLİ Əliyev – AMEA-nın muxbir üzvü.

скачать dle 12.1

Şərhlər