SON DƏQİQƏ

AzMİU-da 31 mart soyqırımı günü qeyd olunub

Tarix:

31-03-2017, 14:08

/ 5 875 dəfə oxundu.
AzMİU-da 31 mart soyqırımı günü qeyd olunub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
AzMİU-dan  verilən məlumata görə, tədbir 1918-ci ilin martında erməni daşnakları tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsinin  bir dəqiqəlik sükutu ilə başlayıb.
Tədbiri giriş sözüylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 
G.Məmmədova çıxışında onu da vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlərə və həyata keçirdikləri işğalçılıq siyasətinə yalnız 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla siyasi-hüquqi qiymət verilib. O, hazırda bu siyasətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, ötən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə, Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını qeyd edib.
Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən rektor işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirib.
 
AzMİU Ağsaqqallar Şurasının sədri, İctimai fənlər kafedrasının dosenti Bəhram Avılov vurğulayıb ki, ermənilər XX əsrdə xalqımıza qarşı 96 dəfə soyqırımı aktı gerçəkləşdiriblər. Təkcə 31 mart hadisələri zamanı 30 min soydaşımızın qətlə yetirildiyini xatırladan B.Avılov ermənilərin məqsədli şəkildə, kəndləri, yurd yerlərini boşaltmaqla öz vətəndaşlarını bu torpaqlarda yerləşdirmək kimi məkrli niyyətlərini həyata keçirdiklərini bildirib.
Tədbirdə çıxış edən tələbələr Fidan Məmmədzadə, Sənan İsaxanlı və başqaları gəncləri belə taleyüklü məsələlərin aktuallaşmasında, soyqırımı həqiqətlərinin dünyaya çıxmasında aktiv olmağa, sosial şəbəkələrdə bu istiqamətdə addım atmağa səsləyiblər.  
31 mart - Azərbaycanlıların Soyqırımı Günü AzMİU-nun bütün fakültələrində qeyd olunub, eyni zamanda universitetdə təhsil alan tələbələr Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ