SON DƏQİQƏ

Yeriniz behiştdi, Professor!

Tarix:

13-03-2024, 18:51

/ 2 982 dəfə oxundu.
Yeriniz behiştdi, Professor!

Bu  gün  filologiya elmləri doktoru, professor Əjdər İsmayılov xatirəyə döndüyü gündür. O Əjdər İsmayılov ki, Azərbaycan elminin ədəbiyyat, türkologiya və filologiya sahəsi ilə məşğul olub. O, həm də tarixçi və siyasətçi olub. Azərbaycanın siyasi elitası onu 91-lərdən və YAP-ın yaradıcılarından biri kimi dəyərləndirir, hörmət edirlər. Vikipediyada professor  haqqında belə  yazılıb: "Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı partizan, erməni daşnaklarına qarşı mübarizə aparan partizan dəstəsinin komandiri   olan Tağı İsmayılovun oğludur. Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, hüquqşunas Cavid İsmayılovun atasıdır. 

Mən bu üç nəsil adları sadalanan insanlardan şəxsən tanıdığım Cavid İsmayılovdu. Amma onu  filosof, hüquqşünas və iqtisadçı kimi deyil, jurnalist  və "Turan Araşdırma Mərkəzi" içtimai birliyinin sədri kimi tanıyıram. Cavid müəllimlə şəxsi tanışlığım isə  jurnalist cameəsindən  başlayıb. Və onun necə türkçü və vətənpərvər olduğunu, millətini sevən, xalqına hörmət edən, dövlətə və dövlətçiliyə dəyər verən Vətən oğlu olduğunu tanıdığım gündən hiss etdim. Əminəm ki, bunlar ona  genetik olaraq qanla keçib, eləcə də aldığı tərbiyədən, böyüdüyü ziyalı mühitindən hopub. Əjdər İsmayılovdan söz düşəndə də ona  ata yox, professor deyir: "Professor  belə yazıb, professor elə deyib, professor məqamında söz açıb" və s. və i.a.x. Bu, bir oğulun atasının şəxsiyyətinə verdiyi ən böyük dəyər olmaqla yanaşı, həm də onun savadı, elmi qarşısında baş əyməkdi. Nə gözəl!
QISA ARAYIŞ.
Professor Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində ziyalı ailəsində anadan olub. 
Əjdər İsmayılov  tanınmış ictimai xadim Məşədi Mahmud İsmayılovun (Zəqrənişni Mahmud) nəvəsi, istiqlalçı, partizan, erməni quldurlarına qarşı mübarizə aparmaq üçün əsasən həmkəndlilərindən ibarət partizan dəstəsi quraraq Vətən uğrunda savaşa qalxan, Nuru Paşanın ödül verdiyi, daha sonra Abasqulubəy Şadlinskinin komandanlığı altında partizan dəstəsinin komandiri, Şərur - Dərələyəz, Vedibasar,  Çanaxçı, Çüvə, Paşalı, Söylən, İstisu istiqamətlərində erməni  daşnaklarına qarşı bir sıra qəhrəmanlıq nümunələri göstərmiş, 16 yaşında Şimali Qafqaz -Armavir dəmir yolu çəkilişində mühəndis müavini olmuş, daha sonar  Şərur rayonunda ilk Bank, Maliyyə təsərrüfat, Şərur rayonu üzrə ömrünün sonuna qədər taxıl tədarükünün rəhbəri olmuş Tağı İsmayılovun oğlu, hidro-meliorator Həsən İsmayılovun qardaşıdır.
O, ilk təhsilini  Çomaxtur kəndindəki 7 illik orta məktəbdə aldıqdan sonra 1955-1956-cı dərs ilində Yengicə kəndində tam orta təhsil alaraq orta məktəbi bitirib.   1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Gənc Əjdər universitet illərində Azərbaycan filologiyasını yeni istiqamətdə yaradan görkəmli mütəxəssis alimlərdən - Məmməd Arifdən, Məmməd Hüseyn Təhmasibdən, Mir Cəlaldan, Həmid Araslıdan, Mirzə Feyzulla Qasımzadədən, Məmməd Cəfərdən, Abbas Zamanovdan, Cəfər Xəndandan, Əli Fəhmidən dərs almışdı. Bu korifeylər onun  gələcək elmi həyatında müstəsna rol oynamışlar.
Universitet illərindən o, artıq yaradıcılıq yolunun axtarışında idi. Tələbəlik illərindən öz mübariz xarakterinə uyğun olaraq, Əjdər "Mübariz" imzası ilə hekayələr və tənqidi yazılar yazmağa başlamışdır. 1961-ci ildə  Əjdər İsmayılov Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirir və  anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkiz illik məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 
Daima axtarışda olan gənc Əjdər, 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil almağa başlayır, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olur.
O, yeni dram əsərləri, ssenarilər yazmağa başlayır. 
Ailə vəziyyətinə görə yenidən dogma kəndinə, Çomaxtura qayıdır və dogma kəndində, 7 illik orta məktəbdə pedoqoji fəaliyyəti davam etdirməyə başlayır.
Ümumiyyətlə daim axtarışda olan Əjdər İsmayılov  1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq Qapısı" qəzetinin əməkdaşı olmuşdur.
***
Professoru Azərbaycanın elmi ictimaiyyəti çox yaxşı tanıyır. Əjdər İsmayılov istər elm xadimi, istərsə də insan kimi hər kəsin qəbul etdiyi, hörmətlə yanaşdığı, sevdiyi, diqqət göstərdiyi bir alimdi. O, həm də cəmiyyətdə tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, turançı kimi tanınır. Bu yazıya başlamamışdan əvvəl professorun yaradıcılığı  və həyatı ilə daha ətraflı  tanış olmaq üçün internetdə axtarışa çıxdım.  Və heyrətə gəldim. 84 illik ömürdə 84 rəqəminin sanbalı, çəkisi ilə həmahəng işlər görən Əjdər müəllim usanmayıb, yorulmayıb, mübarizələrlə dolu həyat yolu keçib.  Ömür yolunda  şərəf və ləyaqət, məsuliyyət, xalqa, Vətənə, dövlətə və dövlətçiliyə xidmət onunla çiyin-çiyinə addımlayıb.  Professorun addımladığı yol xeyirli-bərəkətli, işıqlı-nurlu olmaqla yanaşı, həm də çətin və enişli-yoxuşlu olub. Çox "mənəm-mənəm" deyənlər bu yola çıxıblar, amma sona qədər gedə bilməyiblər. Çünki bu cür yolu Əjdər İsmayılov kimi nəhəng şəxsiyyətlər salır. Nəhənglərin yolu ilə zəiflər və cılızlar gedə bilməzlər. 
Əjdər İsmayılovun nəhəngliyi ondadır ki, o,  bu yolda özünü fəda edib, elm işığında gözünün nurunu itirib. Əlində qələm oturduğu stolda belini əyib, amma  bir gün, bir saat olsun belə Azərbycan adlı məmləkətin sabahına ümidini itirməyib. Çox gözəl  bilib ki, ömrünü havayı yaşamır, taleyini  türkçülüyə nahaqdan bağlamır. Hər zaman düşünüb ki, bir gün gələcək bütün türklər birləşəcək, müstəqil dövlət quracaq. Bu, siyasi bir düşüncə olsa da onun həyata keçəcəyinə ürəkdən inanıb. Elə bu inam da ona Turan Araşdırmalar Mərkəzi İctimai Birliyini təsis etməyə əsas verib.
                                                             ***
Professor bir ömür addımladığı elm yolunda  hər zaman mənəvi saflığı, qətiyyəti və bacarığı, təmkini və qabiliyyəti ilə seçilib. Yüksək enerjisi, məsuliyyət hissi, sağlam tələbkarlığı elmi axtarışlarında, türkologiya və  filologiya elminin inkişafında, eləcə də təkmilləşdirilməsində, tərəqqisində ona baş ucalığı gətirib. Özünün zəkası və zəhməti  sayəsində ədəbiyyatın çətin yollarında ciddi axtarışlar apararaq sanballı uğurlar qazanıb.  Bu uğurların kökündə çoxlu sayda elmi əsərləri, monoqrafiyaları, elmi-kütləvi kitabları, məqalələri dayanıb. 
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitablarında ermənilərin iç üzünü açıb, tarixi faktlarla onların saxtakar və yalançı olduğunu sübut edib. Erməni deyilən bir millətin  heç vaxt vətəni olmadığını, Azərbaycan torpaqlarına köçürüldüklərini araşdıraraq ortaya sanballı əsər qoyub. Bu, böyük zəhmət, yuxusuz gecələr, mənsub olduğu millətə, xalqa və dövlətə təmənnasız xidmətdi. Aydın məqsəd, çətin və mürəkkəb olanı sadələşdirə biləcək təfəkkür, istedad sahibi olmaq deməkdi. Məhz bu parametrləri  Əjdər İsmayılovda görən professor Qəzənfər Kazımov deyib: "Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun  çox böyük zəhmət nəticəsində meydana gətirdiyi "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları"  kitabıdır." 
Əjdər müəllimin adı çəkiləndə Hüseyn Cavid yada düşür. Çünki Cavidi  tədqiq edən bir filoloq kimi onun araşdırmaları bu sahədə çalışan digər alimlərin yaradıcılığından bir qədər fərqlənir. "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Azərbaycan sovet ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" filologiya elmində önəmli yer tutan tədqiqatlardı. 
                                                                  ***
Əjdər müəllim təkcə yaradıcı şəxsiyyət kimi deyil, həm də insan kimi illərdi ucalıqda dayanan və çoxlarının əli çatmayan bir zirvədə  qərar tutanlardandır. Buradaca "o, Azərbaycan xalqının sevimli oğullarından biridi"  fikrini yazmağımdan dolayı yəqin ki, kimsə məni qınamaz. Çünki o İNSANı tanıyanlar Əjdər İsmayılovun kimliyinə, şəxsiyyətinə yaxşı bələddirlər. Hər kəs alimin böyük ömür yolunda necə addımladığını, bu günkü və daha sonrakı nəsillər üçün hansı töhfələr qoyduğundan xəbərdardı. Professorun ömür yoluna baxanda düşünürəm ki, onun ən dəyərli titulu insanlığı özünün şəxsiyyətində  ölümsüzləşdirməyidi. Ona görə də bu sözü böyük hərflərlə yazmağı vacib bildim.
Əjdər İsmayılovu yaxından tanıyan bir rəfiqəm onun dərin təfəkkürə malik parlaq şəxsiyyət, yüksək mədəniyyətli, geniş erudusiyalı, zəngin dünyagörüşü olan alicənab bir İNSAN olduğunu dedi. Söylədiklərini olduğu kimi yazıram: "Bir var sadəcə alim, bir də var fədai. Bir var sadəcə vətəndaş, bir də var  "hər şey vətən üçün" deyən fədai. Bu ali keyfiyyətlərin daşıyıcısı professor Əjdər İsmayılov idi. Əjdər müəllimin atası  da ermənilərlə vuruşub, özü də - biri silahla, o biri qələmlə. Professor cavidşünas idi. Hüseyn Cavid sevgisini oğlunun  adını Cavid qoymaqla həm qəlbində daşıdı, həm də övladına ötürdü. Nəvəsi Oğuz adını daşıyır. Bu da türkçülükdən, türk sevdalısı olmaqdan gələn bir dəyərdi". Söhbət zamanı rəfiqəm  professorun  xəstə yatağında nəvəsinə dediyi son sözləri xüsusi vurğuladı: "Vətəni qoruyun". Bu iki kəlmə dünyanın ən müqəddəs sözüdü. Çünki o, bir ALİMin dilindən çıxıb. Bu bir elm fədaisinin ən ali dəyəri, ən uca məqamıdı.
Professor bir neçə il əvvəl  şəhid körpələrin unudulmaması haqqında prezident İlham Əliyevə müraciət etmişdi. Müraciətdə deyilirdi: "Erməni qatillərin kəndlərimizdən keçən çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları  axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə oynayan  uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı. Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun
4 - də yenicə dil açan, "ata-ana" deyən 18 aylıq  məsum körpə Zəhra  balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər. Erməni qatillərinin uşaqlarımıza qarşı zaman - zaman törətdikləri qətliamları,  eyni zamanda, milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə  memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif
edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini  əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq!"
O zaman bu müraciətlə bağlı, professorun fikirlərini dəstəkləyən bir yazı yazmışdım. Sözünün çəkisi və sanbalı olan, dünya görmüş ziyalının, dəyərli  alimin haqlı çağırışına səs vermişdim. Əjdər müəllim qəlb yanğısı ilə SOS siqnalı verərək həyəcan təbili çalmışdı. Demək istəmişdi ki, uşaqlarımız müqəddəsdi, safdı, təmizdi, toxunulmazdı. Onların qatillər tərəfindən öldürülməsinə göz yummaq özü bir günahdı. Günaha batmayaq, ən azı, onların xatirəsini əbədiləşdirək - dövlət səviyyəsində. 
Nə yazıq ki, Əjdər İsmayılovun bu təklifi arzu olaraq qaldı. Amma nə xoş ki, erməni faşistlərindən qətlə yetirdikləri uşaqların intiqamı alındı və professor bunu gördü. Vətən müharibəsindəki Zəfər təntənəsinin sevincini yaşadı. İtirilmiş torpaqlarımızın şəhidlərin qanı bahasına qaytarılmasına şahid oldu. Əminəm ki, professor Vətənin 30 illik yarasının sağalmasından dolayı bir  rahatlıq tapdı. 
                                                             ***
Adamlar tanıyıram ki, bu millətə, bu xalqa, bu dövlətə bir qara qəpiklik xeyir verməyiblər. Amma imkanları aşıb-daşır, pulu, sərvəti, vəzifəsi ilə diqqət çəkir. Elmdən bixəbər, savadsız olan belələri haqqında nələr yazmayıblar, İlahi?! Dağ başına qaldırılan bu adamlar, əslində, dağın ətəyindən zirvəyə baxmalı olanlardı. Nə etməli? Həyatda hər kəs layiq olduğu yerdə otursaydı nə vardı ki?! Qurd quzu ilə otlayardı. 
Adamlar da tanıyıram ki,  bütün ömrünü, mənalı həyatını, bilik və bacarığını, qabiliyyətini, savadını xalq, millət üçün sərf edir, elm fədaisi kimi zülmətə işıq salır. Hər gün çalışır, zəhmət çəkir, elm yolunda gözünün nurunu itirir, saçlarını ağardır, hörmətli, şərəfli bir ömür sürür. Həmin ömrün sükanı  ALİM əlində olduğu üçün başqalarına örnək olur. Professor Əjdər İsmayılov məhz bu cür müdrik ömür sahibi, bu cür örnək idi.
 O, ömrünün müdriklik zirvəsində gözlərini əbədi yumub dünyasını dəyişdi. 2 il  əvvəl son yolçuluğunu etdi. Professorun ömür yolu 84 illik bir tale kitabına yazıldı.  Sözünün ağası olan, ağa ağ, qaraya qara deyən müdrik bir şəxsiyyət kimi  Azərbaycan ədəbiyyatında, Turan dünyasında, türk ellərində iz qoydu. 
                                                      ***
Bu gün professor aramızda yoxdu, Haqq Dünyasındadı, əbədi dünyanın sakinidi.  Yeriniz  behiştdi, bilirik,   Professor!

Züleyxa Nadir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ